...

Vüqar Əliyev: Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi dövlətin media siyasətinin başlıca istiqamətləridir

Siyasət Materials 8 Noyabr 2017 13:31 (UTC +04:00)
Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir, böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edirlər.
Vüqar Əliyev: Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi dövlətin media siyasətinin başlıca istiqamətləridir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.

V.Əliyev bildirib ki, hazıda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir, böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edirlər: "Ancaq bəzi hallarda KİV-lər, konkret desək, əsasən internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. Biz zaman-zaman belə hallarla rastlaşırıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV və dövlət orqanları mətbuat xidmətləri rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan Prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu”.

PA rəsmisi bildirib ki, son iki həftə həm Azərbaycan, həm də regionumuz və dünya miqyasında olduqca əlamətdar və tarixi hadisələr ilə yadda qaldı: “Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara uyğun siyasət nəticəsində dövlətimiz baş verən hadisələrin mərkəzi fiquru kimi növbəti dəfə öz potensialını nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur”.

V.Əliyev bildirib ki, bu hadisələr Azərbaycan KİV-ləri tərəfindən geniş işıqlandırıldı, təhlil edildi, onların əhəmiyyəti xüsusi vurğulandı: “Ancaq eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları istər cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Soruşula bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxz edə bilər?! Ümumiyyətlə, kriminal elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir?! Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər”.

PA rəsmisi vurğulayıb ki, KİV-lərin fəaliyyəti sahəsində rəqabət mühiti mövcuddur: “Öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı? Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi məsələsi medianı düşündürməməlidirmi?! Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhval-ruhiyyə aşılanır. Düşünürəm ki, bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları pozitiv əhvala kökləyən materiallar və məlumatlara üstünlük verilməlidir. Məgər cəmiyyətimizdə yaxşı nümunələr yoxdur?! İnsanlara Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sərhədlərimizi etibarlı şəkildə qoruyan qəhrəman hərbçilərimiz, cəmiyyətimizin inkişafına layiqli töhfə verən ziyalılarımızı təbliğ etmək olmazmı?”

V.Əliyev bildirib ki, Azərbaycan mediası öz ənənələrinə, prinsiplərinə sadiq qalaraq təkcə reytinq, populyarlıq haqqında düşünməli deyil və öz faliyyətində dövlətin və cəmiyyətin maraqlarının müdafiəsi prinsipini daha çox nəzərə almalıdır: “Media da cəmiyyətimiz, vətəndaşlarımız, gənclərimiz qarşısında məsuliyyət daşıyır və öz üzərində düşən məsuliyyəti unutmamalıdır. Bu hallar pozulanda informasiyaların ziyanlı şəkildə təqdim olunması KİV rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsinə, Azərbaycanın informasiya mühitinin daha etibarlı qorunması haqqında sənədin imzalanmasına gətirib çıxardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti