Bakı. Fərhad Daneşvər - Trend:
Bakıda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə ziyafət təşkil edilib.
Trend-in məlumatına görə, mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev və İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə iştirak edib.
İran xalqını təbrik edən Ş.Mustafayev bildirib ki, hər iki dövlət başçısı arasında səmimi dostluq və qarşılıqlı hörmət münasibətləri gün-gündən artır.
Səfir C.Cahangirzadə də iki ökə arasında getdikcə artan əməkdaşlığı vurğulayaraq bildirib ki, dövlət başçıları arasında səmimi münasibətlər daha geniş əməkdaşlığın reallaşdırılması üçün möhkəm əsasdır. Səfir bəyan edib ki, İran və Azərbaycanı istəməyən qüvvələr heç zaman niyyətlərinə nail ola bilməyəcəklər.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, birgə avtomobil istehsalı kimi layihələrdə iki ölkənin əməkdaşlığına toxunan diplomat qeyd edib ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası böyük layihələrə malikdir.
Regionda terrorizmlə mübarizədə İranın rolunu vurğulayan səfir bəyan edib ki, bu sahədə ciddi beynəlxalq və regional əməkdaşlıq tələb edilir və ikili standartlardan uzaq durmaq lazımdır.