Bakı. Samir Əli - Trend:
2016-cı ilin aprel döyüşləri erməniləri sarsıtdı və ermənilər hələ də matədən çıxa bilməyib.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
O qeyd edib ki, bu döyüşlərə qədər ermənilər özləri haqqında mif yaratmışdılar: "Ermənilər özləri haqqında mif yaratmışdılar ki, guya Sovet vaxtında ermənilərdən generallar, marşallar olub və onların döyüş təcrübəsi güclüdür, guya onların sayı az olsa da, Azərbaycan üzərində qələbələr qazana bilər və sair. Amma, Azərbaycanda sərkərdə və əsgərin birliyi, o cümlədən yüksək texnoloji üstünlük onu göstərdi ki, bu ermənilərin mifi yalnız sayaqlamaqdan başqa bir şey deyil. Qısamüddətli aprel döyüşlərində Azərbaycan əsgəri erməni ordusunu darmadağın etdi və hələ də ermənilər o sarsıntıdan hələ də özlərinə gələ bilmirlər. Azərbaycan bu qısa müddətdə işğal altındakı ərazilərinin xeyli hissəsini işğaldan azad etdi. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan xalqının öz torpaqlarını azad etmək iradəsi var və ora qayıdacaq. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıda və digər işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin görülməsi buna əyani sübutdur. Əgər böyük dövlətlər bu döyüşü dayandırmasaydı, Azərbaycanın qələbəsi davam edəcəkdi. Aprel döyüşlərinin hətta beynəlxalq təsiri də böyük oldu. Çünki, aprel döyüşlərindən sonra böyük dövlətlər əl - ayağa düşdü ki, Azərbaycan həqiqətən də güclü orduya malikdir və ermənilər uduzacaq. Ona görə də onlar erməniləri tam uduzmağa qoymadı və döyüşlərin dayandırılmasına çalışdılar. Amma, həmin dövlətlər qorxuya düşdülər ki, Azərbaycan nə vaxt yenidən başlasa torpaqlarını azad edəcək. Aprel döyüşləri həm də çox ciddi bir beynəlxalq mesaj oldu. Bu döyüşlərdən sonra artıq beynəlxalq hüquq yada düşməyə başladı. Amma, təəssüf edirəm ki, yenə də bu dövlətlər kampaniya xarakterli təbliğat apardılar və yenə də Qafqazda, müsəlman dünyasının içində xristian anklavını yaradaraq onu bəsləyir, yemləyir və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə imkan vermirlər. Amma, aprel döyüşləri sübut etdi ki, Azərbaycan hər zaman öz iradəsini göstərə bilər. Artıq Azərbaycanda torpaqlarımızı işğaldan azad etmək üçün aprel döyüşləri kimi böyük stimul var və bu baş verəcək".
Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 2 il ötür. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.