...

MSK sədri: Sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolar araşdırılıb və təsdiqini tapmayıb

Siyasət Materials 12 Aprel 2018 12:59 (UTC +04:00)
Sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolar araşdırıldı və onlar öz təsdiqini tapmadı.
MSK sədri: Sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolar araşdırılıb və təsdiqini tapmayıb

Bakı. Elçin Mehdiyev – Trend:

Sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan videolar araşdırıldı və onlar öz təsdiqini tapmadı.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, MSK hər bir məsələyə dərhal reaksiya verib: “Həmin video da dərhal araşdırıldı və həqiqəti əks etdirmədiyi aşkar olundu”.

O qeyd edib ki, ümumilikdə MSK-ya sorğu xarakterli 300-ə yaxın müraciət daxil olub, şikayət xarakterli müraciət daxil olmayıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti