...

Tahir Rzayev: AŞ PA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir

Siyasət Materials 27 Aprel 2018 14:56 (UTC +04:00)
AŞ PA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.
Tahir Rzayev: AŞ PA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir

Bakı. Samir Əli - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı hesabatının tamamilə qərəzli və sifarişli olduğu açıq-aydın hiss olunur.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, AŞ PA artıq Azərbaycan üçün o qədər də obyektiv mövqedə olan qurum deyil:

"Əgər AŞ PA obyektiv mövqeyə malik qurum olsaydı, onun hesabatlarına inanmaq olardı. Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Əgər AŞ PA obyektiv qurum olsaydı, elə bu məsələyə konkret və obyektiv münasibət bildirərdi. İstər Avropa Şurası, istərsə də AŞ PA həmişə Azərbaycana ikili standartla yanaşıblar və bu məsələlərdə Azərbaycana əsaslı dəstək verməyiblər".

T.Rzayev qeyd edib ki, AŞ PA Ermənistanda göz qabağında olan seçkilərin nəticələrinin saxtalaşdırılması, etiraz aksiyaları, qarşıdurma, etirazçılar arasında xəsarət alma halları, qanunsuz həbslərə hər hansı sərt münasibət bildirməyib:

"Niyə AŞ PA bu məsələlərə obyektiv mövqe bildirmir? Amma Azərbaycana gələndə, yalan faktlarla, uydurmalarla çıxış edirlər, Azərbaycanda guya insan hüquqlarının pozulduğunu iddia edirlər. Birincisi, seçki Azərbaycan xalqının iradəsidir, öz seçim hüququdur. Azərbaycan xalqı son 15 ildə ölkədəki vəziyyəti görür, qiymətləndirir və öz liderinə səs verib. Xalq öz prezidentini seçib. Prezident İlham Əliyevin fəaliyyəti nəinki Azərbaycanda, beynəlxalq aləmdə də qəbul olunur. İlham Əliyev ölkədə ilk növbədə sabitliyi təmin edib, ölkədə demokratik şərait yaradıb. Cənab Prezident istəyir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. İkincisi, Azərbaycanın son 15 ildəki inkişafı, beynəlxalq aləmdə nüfuzu göz önündədir və bunu da xalq görüb analiz etmək qabiliyyətindədir. Belə olan halda, bunlar hansı məsələləri qabartmaq istəyirlər? Bütün dünyada qanunu, hüququ pozanlara qarşı tədbir görülür, o cümlədən də Azərbaycanda".

Millət vəkili vurğulayıb ki, Azərbaycanda qanunu pozan, cinayət törədən jurnalist də, deputat da, məmur da məsuliyyətə cəlb edilir: "Qanun hər kəs üçün qanundur. AŞ PA isə Azərbaycanda vəziyyəti öyrənmədən, Azərbaycanı istəməyən qüvvələrin sözü ilə Azərbaycana qarşı mənfi rəy yaradır. Bu, Azərbaycana qarşı yeni bir təxribatdır. AŞ PA bununla Azərbaycana təsir etmək istəyir. AŞ PA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti