...

Trend İnformasiya Agentliyinin Rusiya XİN rəsmisi Mariya Zaxarovanın mətbuat konfransında çıxışı ilə bağlı BƏYANATI

Siyasət Materials 16 İyun 2018 17:39 (UTC +04:00)
Rusiya XİN rəsmisi Mariya Zaxarova iyunun 15-də keçirilən mətbuat konfransında Azərbaycanın Trend İnformasiya Agentliyinin ünvanına əsassız və bəlli ittihamlarla çıxış edib.
Trend İnformasiya Agentliyinin Rusiya XİN rəsmisi Mariya Zaxarovanın mətbuat konfransında çıxışı ilə bağlı BƏYANATI

Bakı. Trend:

Rusiya XİN rəsmisi Mariya Zaxarova iyunun 15-də keçirilən mətbuat konfransında Azərbaycanın Trend İnformasiya Agentliyinin ünvanına əsassız və bəlli ittihamlarla çıxış edib.

Trend İnformasiya Agentliyi olaraq M.Zaxarovanın bu bəyanatından hiddətlənir və öz etirazımızı bildiririk.

Qeyd etmək lazımdır ki, Trend İnformasiya Agentliyinin jurnalisti bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə aşağıdakı sualı vermişdi:

“Əvvəlki müsahibələrinin birində Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bununla bağlı sual yaranır: fikrinizcə, bu cür bəyanatlar nə dərəcədə nizamlanma prosesini mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”

Bu suala Rusiya XİN nümayəndəsi aşağıdakı kimi cavab verib:

"Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Mən belə deyərdim”.

Amma bir saat keçdikdən sonra Rusiya XİN-in rəsmi saytında brifinqin stenoqramı yerləşdirildikdə A.Kojinin cavabındakı “ümumiyyətlə” («вообще») sözü naməlum səbəblərdən “sizin” («ваши») sözü ilə əvəz edilib və nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunub.

Cəsarətlə demək olar ki, bu cür təhrif həm Rusiya, həm də Ermənistan mətbuatında Trend-in ünvanına İnformasiya Agentliyinin fəaliyyətinə kölgə salmaq xarakteri daşıyan müxtəlif iftiralara yol açdı.

Bununla bağlı redaksiyamız iyunun 4-də bəyanat verərək Azərbaycan media ictimaiyyətini və xüsusilə Azərbaycan Mətbuat Şurasını Trend İnformasiya Agentliyini əsassız hücumlardan müdafiə etməyə çağırdı.

Yaranmış vəziyyətlə əlaqədar 20-dən artıq milli mətbu orqan Rusiya XİN-ə müraciət göndərdi.

M.Zaxarovanın ötən gün səsləndirdiyi ittihamla bağlı, redaksiya bir daha onun nəzərinə çatdırır ki, 1 iyun brifinqindən sonra Rusiya Mətbuat və İnformasiya departamenti ilə Trend İnformasiya Agentliyinin jurnalisti arasında telefon danışığı olub və baş verənlər dolğun şəkildə diqqətə çatdırılıb. Lakin redaksiya olaraq biz Rusiya XİN-nin Mariya Zaxarovanın rəhbərlik etdiyi departamentdə baş verənlərdən təəccüblənirik.

Bu faktı nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzüdür, o zaman Trend-in müxbirinin "qanunsuz rejim" və "işğal edilmiş ərazilər" ifadələrini işlətdiyi suala Mariya Zaxarovanın bu cür reaksiyası çirkin və qəribə görünür.

Sual yaranır: ümumiyyətlə, Rusiya XİN mətbuat katibi işğalçını işğalçı, qondarma rejimi qanunsuz saymırsa, bu dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində necə vasitəçi ola bilər?

Hesab edirik ki, Rusiya XİN-in bu cür bəyanatları və mövqeyi münaqişənin nəinki həllinə maneçilik törədir, həm də odun üzərinə yağ tökməklə Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Çox təəssüf və hiddətlə bildiririk ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın XİN-nin Mətbuat və İnformasiya Departamenti işğala məruz qalan ölkənin jurnalistinin sualına bü cür reaksiya verir.

Bununla yanaşı, M.Zaxarovanın jurnalisti bacarıqsız adlandırması ikiqat ikrah hissi doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti