...

Çinin Şenyanq şəhərinin rəsmi nümayəndə heyəti Qaradağ rayonunda olub (FOTO)

Siyasət Materials 13 İyul 2018 11:55 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çin Xalq Respublikasının Liaoninq əyalətinin Şenyanq şəhərinin xarici əlaqələr İdarəsinin rəisi Vanq Jinqyinqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Çinin Şenyanq şəhərinin rəsmi nümayəndə heyəti Qaradağ rayonunda olub (FOTO)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çin Xalq Respublikasının Liaoninq əyalətinin Şenyanq şəhərinin xarici əlaqələr İdarəsinin rəisi Vanq Jinqyinqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən başçı onları salamlayaraq Azərbaycanda investisiya mühiti haqqında məlumat verərək, son dövrlər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında olan dövriyyədən də danışıb: "Azərbaycan və Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara təsadüf edir və Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara Dəniz vasitəsilə Avropaya qədər uzanmışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri Çin-Azərbaycan əlaqələrinin təməlini qoymuş və əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərmişdir. Ötən müddət ərzində ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr sahəsində bir çox sazişlər imzalanmışdır. Hazırda Azərbaycanın biznes və investisiya imkanları, ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şərait və güzəştlər, həmçinin Azərbaycanın tranzit potensialı xarici sərmayədərlər üçün geniş imkanlar açmışdır. Ölkəmizdə sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.

Əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin və Qaradağ rayonunun bu üstünlüyündən səmərəli istifadə olunması üçün Prezident İlham Əliyev tərəfindən strateji qərarlar qəbul edilib. Ələtdə yerləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ölkəni qərblə (Türkiyə və Avropa İttifaqı), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir. Liman Xəzər dənizi regionunda ən böyük sənaye və logistika zonasına çevrilməkdədir. 2017-ci ilin oktyabrında Avropa ilə Asiyanı birləşdirən nəhəng Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Tarixi İpək Yolunun yenidən bərpasına zəmin yaradıb. Qərb və Şərq arasında nəqliyyat körpüsü rolunu oynayan Bakı-Tbilisi-Qars dəmiryolu Çin mallarının Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə çatdırılmasında yeni ən qısa, əlverişli və optimal marşrut kimi xidmət edəcək. Azərbaycanda həyata keçirilən mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla yaradılmış Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı çoxşaxəli bazarlara xidmət göstərməsinin planlaşdırılmasıdır.

Son dövrlərdə Qaradağ rayonu Çin Xalq Respublikasının bir sıra vilayətləri ilə qarşılıqlı əlaqələr qurmuşdur. Ötən il Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında əldə olunmuş razılığa əsasən rayon ərazisində “Azərbaycan-Çin Sənaye Şəhərciyi”nin yaradılması nəzərdə tutulur. Birgə yaradılacaq “Sənaye Şəhərciyi”nin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən xüsusi vergi və gömrük güzəştlərinin tətbiq olunması nəzərdə tutulur".

Başçı qeyd edib ki, yaxın zamanlarda Çin Kommunist Partiyası Şenyang Bələdiyyə Komitəsinin Birinci Katibi Yi Lienxunun başçılıq etdiyi nümayəndə heyyətinin Azərbaycana rəsmi səfəri olacaq.

Sonra qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılmış şərait və imkanlarla yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti