...

Bakıda Qafqazda regional təhlükəsizliyə ikili yanaşma və İslam dəyərlərinə təxribatlarla bağlı "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 28 Sentyabr 2018 12:40 (UTC +04:00)
“Qafqazda regional təhlükəsizliyə ikili yanaşma və İslam dəyərləri əleyhinə təxribatlara qarşı İslam ölkələri mediası ilə əlaqələrin gücləndirilməsi” mövzusunda "dəyirmi masa" keçirilib.
Bakıda Qafqazda regional təhlükəsizliyə ikili yanaşma və İslam dəyərlərinə təxribatlarla bağlı "dəyirmi masa" keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda “Qafqazda regional təhlükəsizliyə ikili yanaşma və İslam dəyərləri əleyhinə təxribatlara qarşı İslam ölkələri mediası ilə əlaqələrin gücləndirilməsi” mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri və ərəb ölkələrindən qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev bildirib ki, bu gün dünyada cərəyan edən proseslərə nəzər salsaq, aydın şəkildə görərik ki, beynəlxalq hüquq anlayışı demək olar ki, öz əhəmiyyətini itirmiş haldadır.

O bildirib ki, dünyada nəhəng güc sahibləri olan bir neçə ölkə beynəlxalq normalara məhəl qoymur, onu kobudcasına pozur, beynəlxalq hüququ öz maddi və siyasi maraqlarına qurban verirlər və nəticədə dünyada qanlı müharibələr, vətəndaş qarşıdurması səngimir.

R.Əliyev vurğulayıb ki, yaranmış bu ciddi, yüz minlərlə insanın həyatına son qoyan, milyonlarla insanı qaçqın və məcburi köçkün salan qanlı münaqişələrin həllini beynəlxalq hüquq çərçivəsində tapmaq olmur.

O bildirib ki, yalan, ikili standartlar artıq beynəlxalq münasibətlərdə və hətta beynəlxalq hüquqda bir normaya çevrilməkdədir.

R.Əliyev deyib ki, həqiqət, ədalət, hüquq normaları öz əhəmiyyətini itirməkdə davam edir: “Bu prosesin yayılmasında kütləvi informasiya vasitələri də mühüm rol oynayır. Bəzi KİV-lər yol verilən pozuntulara bəraət qazandırırlar, geniş ictimaiyyəti yalana, ikili standartlara yeganə düzgün hərəkət kimi baxmağa inandırmağa cəhd edirlər”.

R.Əliyevin sözlərinə görə, hətta nəhəng güc sahiblərinin müsəlman ölkələri içərisində olan müttəfiqləri də bu çirkin hərəkata qoşulub beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla məşğuldurlar.

R.Əliyev vurğulayıb ki, bütün bunların qarşısını almaqda İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının üzvlərinin mühüm rolu ola bilər.

Daha sonra çıxış edən Assosiasiyanın sədri Fazil Abbasov bildirib ki, Azərbaycan dünyada İslam birliyinə mühüm töhfə verir.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan etməsi və ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi siyasi iradə tələb edirdi: "Prezident İlham Əliyev İslam ölkələri rəhbərlərinin görə bilmədiyi işi gördü və İslam xalqlarının bir araya gətirilməsinə mühüm töhfə verdi".

F.Abbasov rəhbərlik etdiyi təşkilatın İslam dəyərlərinin qorunması və təbliğatının gücləndirilməsi, İslam ölkələrinin jurnalistləri arasında həmrəyliyindən danışıb. O bildirib ki, bu gün İslam dəyərlərinə qarşı aparılan kampaniyanın qarşısının alınmasında İslam ölkələrinin, o cümlədən İslam dövlətləri jurnalistlərinin həmrəyliyinə böyük ehtiyac var.

Tədbirdə çıxış edən İordaniyanın Azərbaycandakı səfiri Nassar El Habaşnet bildirib ki, Azərbaycan ilə İordaniya arasında münasibətlər uğurla inkişaf edir. O qeyd edib ki, qeyd olunan çağırışlara sinə gəlmək üçün birgə fəaliyyətin göstərilməsi vacibdir.

Tədbir çərçivəsində həmçinin müəllifi iordaniyalı tarixçi-yazıçı Ömər Məhəmməd Nəzzal əl-Armuti olan “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabın azərbaycan dilinə tərcümə edilmiş nəşrinin təqdimatı keçirilib.

Müəllif bildirib ki, Azərbaycanın İordaniyadakı səfirliyinin dəstəyi ilə ərəb dilində nəşr edilmiş bu kitab Dağlıq Qarabağ müharibəsində həlak olmuş məsum uşaqların, günahsız insanların ruhuna və şəhid ailələrinə, dünyada beynəlxalq ictimaiyyətin üzləşdiyi terrorun bir forması olan bu faciəyə ədalətlə son qoymaq istəyən sülhsevər qüvvələrə ithaf olunur.

O qeyd edib ki, kitabın yazılmasında məqsəd ərəb ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti