...

Nazir: Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə təhlükə törətməkdədir

Siyasət Materials 29 Sentyabr 2018 06:49 (UTC +04:00)
Həll edilməmiş qalan silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır.

Bakı. Trend:

Həll edilməmiş qalan silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.

Nazir yığıncağda çıxış edib:

"Hörmətli cənab Sədr və İƏT-in Baş katibi, sizə bu toplantının təşkilinə görə təşəkkür bildirmək istərdim. Həmçinin bu fürsətdən faydalanaraq, Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasına uğurlu ev sahibliyi və Nyu-Yorkda İƏT Qrupuna mükəmməl rəhbərlik etdiyi üçün Banqladeş Xalq Respublikasına minnətdarlığımızı ifadə edirəm.

Biz artıq dərəcədə məmnuniyyət hissi duyuruq ki, İƏT-in qurulmasından təqribən 40 il ötəndən sonra həmin təşkilat İslam dünyasının genişəhatəli çoxtərəfli qurumu kimi, beynəlxalq müstəvidə öz nüfuzunu və əyaniliyini artırmağa davam edərək, beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin, eləcə də ortaya çıxan təhdid və təhlükələrin qarşısının alınması üzrə strateji tərəfdaşa çevrildi.

İƏT dünyada sülhün və təhlükəsizliyin və münaqişədən sonra bərpa işlərinin təşviq edilməsi, humanitar, insan hüquqları, sosial, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi və sülh mədəniyyətinin gücləndirilməsində BMT-nin mühüm tərəfdaşıdır.

Azərbaycan cari ilin əvvəllərində qəbul edilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının Dəkkə Bəyanatına uyğun olaraq, İƏT-in BMT-nin Baş Assambleyasında genişləndirilmiş müşahidəçi status alması təklifini tam dəstəkləyir. Bu xüsusda, biz bu məsələ üzrə müzakirələrin tezliklə yekunlaşacağını və ardınca BMT Baş Assambleyasının müvafiq qətnaməsinin qəbul olunacağını gözləyirik.

Dünyanın bir çox yerində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış qalan münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır. Azərbaycan əmindir ki, davamlı sülh yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq və qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər.

Son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlığımızı doğurur. Dünyada baş verən bu köçürmələrin ciddi artımı həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir. Ən çox sayda qaçqınlara sığınacaq verən ölkələrin məhz İƏT-ə üzv olan dövlətlər olduğu üçün kütləvi şəkildə zor gücünə didərgin salınma halları İƏT üçün dərin narahatlıq doğurmalıdır.

Bu baxımdan, son məruzələrə görə, sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininlərinin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcəkdir.

Fələstin Dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Mən qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir.

Azərbaycan həmişə öz adından mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və inkişafına töhfə verməyə çalışmışdır. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Müxtəlif dinlərin, millətlərin və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaq məqsədilə, bir çox tədbirlərə ev sahibliyi etdik. Mədəniyyət və din fərqlərinə əsaslanan ayrı-seçkilikdən azad bir cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun parlaq nümunəsidir.

2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən və onun rəhbərliyinin himayəsi altında həyata keçirilən Bakı prosesi müsəlman dünyası ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsinə böyük töhfə vermişdir. Bu il həmin təşəbbüsün 10 illiyini qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər, o cümlədən 25-26 oktyabr tarixlərində Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum keçiriləcək.

Həll edilməmiş qalan silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir.

Hökumət adından və Azərbaycan xalqı adından, ölkəmizə qarşı Ermənistan Respublikasının təcavüzü ilə bağlı ədalətli mövqeyimizə tam dəstək göstərildiyi üçün nəcib Təşkilatımıza və üzv dövlətlərinə dərin minnətdarlığımı bildirmək istərdim.

Biz 2018-ci il sentyabrın 24-də burada, BMT-nin qərargahında Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Əlaqə qrupunun keçirdiyi iclasın nəticələrinə dair qəbul olunmuş məruzəni alqışlayırıq.

İqtisadi inkişaf, müvəffəqiyyətli sosial siyasət, zəngin insan kapitalı sahəsində nailiyyətlərdən və multikulturalizmin ənənəvi dəyərlərindən ilhamlanaraq, Azərbaycan onun paytaxtı olan Bakı şəhərinin Dünya EXPO 2025-ni keçirmək üçün irəli sürülməsini qərara aldı. Bakı EXPO-ya ev sahibliyi etmək üçün İƏT-yə üzv ölkələri arasında yeganə namizəddir. Bu fürsətdən istifadə edərək, Azərbaycan namizədliyinə dəstək göstərməyinizi sizdən lütfən xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti