...

Elmar Məmmədyarov: QDİƏT XİN Şurasının Bakı iclası əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır (YENİLƏNİB)

Siyasət Materials 14 Dekabr 2018 10:47 (UTC +04:00)
QDİƏT XİN Şurasının Bakı iclası əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır.
Elmar Məmmədyarov: QDİƏT XİN Şurasının Bakı iclası əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır (YENİLƏNİB)

Bakı. Sara İsrafilbəyova - Trend:

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası fikir mübadiləsi aparmaq, təşkilat daxilində əməkdaşlığın cari vəziyyətini və növbəti birgə səylərin perspektivlərini müzakirə etmək üçün yaxşı imkandır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov QDİƏT XİN Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

Nazir bildirib ki, “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə Azərbaycanın QDİƏT sədrliyi regional bağlantı məsələlərinə diqqət ayırıb: “Bugünkü gündəliyimiz təşkilatdaxili məsələlər də daxil olmaqla, təşkilatın effektivliyinin və səmərəliliyinin artırılmasından başlayaraq, enerji, nəqliyyat, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın təşviqi, ticarətin asanlaşdırılması kimi məsələlərlə olduqca zəngindir”.

O qeyd edib ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə olaraq Azərbaycan müstəqilliyinin ilk illərindən regionda daxili bağlantının qurulmasına güclü dəstək verib. Son iki on illik ərzində Azərbaycan regional iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləmiş enerji (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Cənub Qaz Dəhlizi: TANAP, TAP), nəqliyyat (Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) və İKT (TASIM) sahəsində bir sıra regional meqalayihələr təşəbbüsü ilə çıxış etmiş və əksəriyyətini həyata keçirib. Azərbaycanın sədrliyi təşkilat çərçivəsində bağlantı məsələsinə xüsusi diqqət ayırıb və QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarət axınlarının genişlənməsinə daha da töhfə vermək məqsədilə Bakı İKT (04.12.2018) və nəqliyyat (25.10.2018) üzrə nazirlərin iki iclası da daxil olmaqla müxtəlif səviyyələrdə bir sıra görüşlər təşkil edib:

“Sədrlik prioritetlərimizə uyğun olaraq Azərbaycan, həmçinin təşkilatımız çərçivəsində əməkdaşlığın effektivliyinin və səmərəliliyinin artırılması məqsədini güdən islahatlar prosesi istiqamətində səylər göstərib. Bu xüsusda, inanırıq ki, bu səylər növbəti sədrlik tərəfindən dəstəklənəcək və QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən bu yaxınlarda hazırlanmış analiz sənədi bizə bu istiqamətdə kömək edəcək”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan QDİƏT-in səmərəliliyinin artırılması prosesinə sadiq qalır: “Bugünkü görüşümüzün bu xüsusda maraqlı və səmərəli fikir mübadiləsinə imkan yaradacağını arzulayırıq. Fürsətdən istifadə edərək bütün üzv dövlətlərə qarşıdakı illərdə əməkdaşlığa yeni təkan və yol göstərəcəyinə inandığım Azərbaycan sədrliyinə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu sözlərlə mən QDİƏT-in məşəlini Bolqarıstanın sədrliyinə ötürürəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti