Bakı. Trend:
Azərbaycan tarixinin ən zəngin və şanlı səhifələrindən biri olan 2018-ci ildə xalqımız çox şərəfli və qürurverici yubileyləri böyük təntənə ilə qeyd etməklə bərabər, həyatın bütün sahələrində hər bir azərbaycanlını sevindirən yeni-yeni nailiyyətlər əldə etmişdir. Ölkə Prezidentinin ötən ilin əvvəlində imzaladığı Sərəncamla “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi tarixə düşən 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, ulu öndər Heydər Əliyevin 95 illik yubileylərinin qeyd edilməsi ilə əlamətdar olmuşdur. Ötən ilin ən mühüm siyasi hadisəsi isə prezident seçkiləri olmuş, Azərbaycan vətəndaşları növbəti 7 ildə öz talelərini və gələcəklərini dünya siyasətçiləri arasında özünü müdrik siyasi rəhbər kimi təsdiq etmiş cənab İlham Əliyevə etibar edərək onun siyasətinə səs vermişlər. Onlar bununla Heydər Əliyev siyasətinin davamlılığına, dönməzliyinə, müstəqilliyimizin əbədiliyinə səs vermiş və yüksək ictimai fəallıq nümayiş etdirmişlər. Dərin iqtisadi islahatlar və bütün sahələrdə vətəndaşların fəallığı ilə yadda qalan ötən ildə Azərbaycan xalqının güzəranı daha da yaxşılaşmış, qazanılmış böyük iqtisadi və siyasi uğurlar xalqın öz sabahına olan inamını daha da gücləndirmişdir. 2018-ci ildə vətəndaşların fəallığı onların Prezident Administrasiyasına ünvanladıqları müraciətlərdə, xüsusilə ictimai əhəmiyyətli təklif və ərizələrdə, minnətdarlıq məktublarında özünü göstərmişdir. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsini oxuculara təqdim edirik.
Cümhuriyyət ilinin tarixi keçmişimizə söykənən uğurları gözəl gələcəyimizin əsasıdır
Böyük tarixi yubileylər, geniş iqtisadi, sosial və siyasi islahatlar, ölkədə həyata keçirilən qlobal layihələr, sənaye və kənd təsərrüfatında tətbiq olunan ən müasir texnologiyalar, xalqın güzəranının yaxşılaşdırılması üçün görülən kompleks tədbirlər 2018-ci ili səciyyələndirən əsas cəhətlər olmuşdur. Ölkə Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki il ərzində ölkədə baş verən bütün əhəmiyyətli hadisələrə yekun vurmaqla yanaşı, xalqımıza və dünyada yaşayan soydaşlarımıza böyük sevinc bəxş etdi və daxili iftixar hissi yaratdı. Bizim hər birimiz bu ölkənin vətəndaşı olmaq qürurunu yaşadıq.
Ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmlətmək üçün görülən işlər nəticəsində Azərbaycanın nüfuzunun daha da yüksəlməsi, Avropa İttifaqı və dünyanın mühüm aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrinin güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərin getdikcə real nəticələr verməyə başlaması, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqelərini birmənalı müdafiə etməsi, qonşu dövlətlərlə münasibətlərin daha da möhkəmlənməsi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair uzun illər davam edən müzakirələrin uğurla başa çatdırılması, əhalinin sosial müdafiəsinin, o cümlədən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həqiqətən ötən il əldə edilən böyük uğurlar kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin ölkənin inkişafı və xalqın rifahı, regionda və dünyada sülhün bərqərar olması, millətlərarası münasibətlərin yaxşılaşdırılması üçün gördüyü işlər bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət etmişdir. Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” mükafatına layiq görülməsi təsadüfi deyildir. Cənab İlham Əliyev bu mükafata geniş rəy sorğusu əsasında səmimi, işgüzar, uğurlu siyasətinə görə layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan Ordusunun qüdrəti daha da artmış və Bakıda keçirilən iki möhtəşəm hərbi parad bunu bir daha təsdiq etmişdir. Ötən ilin ən mühüm hadisələrindən biri də Naxçıvan istiqamətində keçirilən uğurlu hərbi əməliyyat nəticəsində 11 min hektar ərazinin azad edilməsi, bununla da Ermənistandan keçən önəmli kommunikasiya xətlərinin və yolların tam nəzarətə alınmasıdır.
Cənab Prezident çox haqlı olaraq qeyd etmişdir: “Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır”.
2018-ci ili Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı kimi də qiymətləndirmək olar. Azərbaycan xalqının arzu və istəklərini həqiqətə çevirən ulu öndər Heydər Əliyevin siyasi xəttini, onun qarşıya qoyduğu məqsəd və vəzifələri ardıcıl həyata keçirən Prezident İlham Əliyevin növbəti 7 il üçün yekdilliklə Prezident seçilməsi xalqın öz siyasi liderinə bəslədiyi böyük məhəbbətin və inamın ifadəsidir. Onun Prezident kimi fəaliyyət göstərdiyi əvvəlki 15 il ərzində gördüyü işlərin miqyası o qədər geniş və əhəmiyyətlidir ki, Azərbaycanın artan qüdrəti və gücü bu işlərin nəticəsində yaranıb ərsəyə gəlmişdir.
Dövlət başçısı Yeni il təbrikində xalqın ona göstərdiyi etimadı çox yüksək qiymətləndirərək 15 il ərzində Prezident kimi xalqa ləyaqətlə xidmət etdiyini, bundan sonra da Azərbaycanın inkişafı, gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi üçün əlindən gələni edəcəyini vurğulayaraq öz qəti mövqeyini bir daha bildirmişdir: “Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.
Bu illər ərzində həyata keçirilən düzgün və uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, həm də onu qlobal risklərdən qorumuş, dünyada gedən siyasi mübarizələrin, müxtəlif qanlı toqquşmaların və vətəndaş müharibələrinin fonunda ölkəmizi sabitlik və tərəqqi, tolerantlıq və multikulturalizm simvoluna, nəinki Avropa ölkələri miqyasında, eləcə də İslam aləmində uğurla inkişaf edən bir dövlətə çevirmiş, respublikamızı əsl demokratik inkişaf nümunəsi kimi tanıtmışdır. Azərbaycançılıq ideyaları, Ulu Öndərin bizə miras qoyduğu azərbaycançılıq məfkurəsi bütün sahələrdə öz təsdiqini və inkişafını tapmış, ölkəmiz dinlərarası, millətlərarası münasibətlərin ən yaxşı timsalına çevrilmişdir. 2016 və 2017-ci illərin Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunması bu siyasətin parlaq təcəssümüdür.
Ötənilki Prezident seçkilərində Azərbaycan xalqının öz siyasi liderinə göstərdiyi böyük hörmət və yüksək etimad ondan qaynaqlanır ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi bu illər ərzində Azərbaycanın bütün kənd və şəhərlərinin siması tamamilə dəyişmiş, yeniləşmiş, saysız-hesabsız infrastruktur layihələri həyata keçirilmiş, min kilometrlərlə avtomobil yolları çəkilmiş, yüz minlərlə iş yeri yaradılmış, bütövlükdə xalqı narahat edən məsələlərin böyük əksəriyyəti öz həllini tapmış və tapmaqdadır.
Bu illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş milyardlarla dollar həcmində xarici və daxili investisiyalar Azərbaycanı regionda həm iqtisadi, həm də hərbi cəhətdən ən qüdrətli dövlətə çevirmiş, eləcə də dünya birliyində söz sahibi etmişdir. İkili standartların, qeyri-obyektiv yanaşmaların hökm sürdüyü indiki dünyada bunları etmək heç də asan olmamışdır. Cənab Prezident haqlı olaraq qeyd edir: “...biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.
Cənab Prezident 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimində Azərbaycanın onun rəhbərliyi ilə son 15 ildə qazandığı misilsiz nailiyyətlərin dərin təhlilini vermiş, iqtisadiyyatın bütün sahələrində ölkəmizin əldə etdiyi qələbələri göstərməklə yanaşı, gələcək inkişaf yollarını, qarşıdakı hədəfləri də sadalamış və bunun üçün konkret tədbirləri müəyyənləşdirmişdir. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin hər bir sözü real işlərə əsaslanır və mütləq həyata keçirilir. Hələ onun elə bir vədi, elə bir sözü olmamışdır ki, yerinə yetirilməsin. Xalqımız inanır ki, Azərbaycan Prezidenti növbəti prezidentlik dövründə də nəzərdə tutulan bütün proqramları yerinə yetirəcək, əhalinin güzəranı daha da yaxşılaşacaq və Azərbaycanın müstəqilliyi gündən-günə möhkəmlənəcəkdir. Dövlətimizin başçısının andiçmə mərasimində dediyi sözlər hər bir Azərbaycan vətəndaşında sabaha sarsılmaz inam yaradır: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz... Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik... Bizim güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var... Bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
Seçki ilinin yekunları və Azərbaycanın 2018-ci ildə qazandığı nailiyyətlər artıq göz qabağındadır, ölkə Prezidentinin haqqında danışdığı, öz fərman və sərəncamları ilə təsdiq etdiyi dövlət proqramları, böyük iqtisadi layihələr uğurla həyata keçirilməkdədir. Bunların nəticəsi olaraq dünya iqtisadiyyatında Azərbaycanın yeri gündən-günə möhkəmlənir və yüksəlir.
2018-ci ilin sonunda Dünya Bankının növbəti “Doing Business” hesabatında 150-dən çox ölkənin biznes mühiti ilə bağlı xüsusi göstəricilər öz əksini tapmışdır. Bu hesabatda göstərilir ki, Azərbaycan biznesin asanlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edən ilk 10 ölkə sırasındadır. Hesabatda həmişə irəliyə doğru gedən dövlət kimi göstərilən Azərbaycan 2016-cı ilin hesabatında reytinq üzrə 65-ci idisə, 2018-ci ildə 57-ci sıraya, 2019-cu ildə isə 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib. “Doing Business” hesabatında Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında yeganə sürətli inkişaf edən, biznes mühitinin asanlaşdırılması istiqamətində ciddi islahatlar aparan ölkə kimi təqdim edilir.
Bu il yanvarın 22-də isə İsveçrənin Davos şəhərində Dünya Bankının icraçı direktoru xanım Kristalina Georgiyeva “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsi münasibətilə dövlətimizin başçısını təbrik etmiş və ölkəmizin iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu demişdir. Qeyd etməliyik ki, bir çox qonşu dövlətlərdə bu göstəricilər bizdən xeyli aşağıdır.
Dünya Bankının “Doing Business” hesabatı ilə yanaşı, Dünya İqtisadi Forumunun Qlobal rəqabətlilik hesabatı da xüsusi maraq doğurur. Tamamilə yeni metodologiya əsasında hazırlanmış son hesabatda 98 indikator üzrə aparılan qiymətləndirmədə ölkəmiz Türkiyə, Serbiya, Gürcüstan və Xorvatiya ilə yanaşı, 7-ci onluqda qərarlaşıb. İnfrastruktur, təhsil və bacarıqlar, biznesin dinamikliyi üzrə Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Maraqlıdır ki, hesabatda Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanmış, əhalinin elektrik təchizatı səviyyəsinə görə maksimal – 100 faiz nəticə ilə dünyada birinci pilləyə yüksəlmişdir. Azərbaycan, həmçinin ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə liderliyini qoruyur və biznesin dinamikliyi reytinqi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə qərarlaşıb ki, bu da ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində mümkün olub. Hesabatda Azərbaycan digər sahələr üzrə də öncül yerlərdən birini tutmuşdur, bunlardan hava və dəmir yolu nəqliyyatının effektivliyi göstəricilərini qeyd etmək olar.
Dövlətimizin başçısı İlham Əliyev iqtisadi gücümüzün müstəqil siyasət aparmağa, Azərbaycan xalqının maraqlarını müdafiə etməyə imkan verdiyini, keçən ilin uğurlu və dərin iqtisadi islahatlar ili olduğunu, bu islahatların nəticələrini indi hər kəsin gördüyünü, büdcəmizə daxilolmaların xeyli artdığını vurğulayaraq, 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəli getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.
Ötən ilin iqtisadi nailiyyətlərinin hamısını sadalamaq imkanı olmasa da, onlardan bəzilərini qeyd etmək lazımdır. Çünki bu nailiyyətlər bütövlükdə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, maddi rifahının yaxşılaşdırılması, onları narahat edən məsələlərin həll edilməsi, sosial infrastruktur layihələrinin həyata keçirilməsi ölkədə şəffaflığı artırmağa xidmət edən institusional islahatların genişləndirilməsinin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev görülən mühüm işlərin mahiyyətini 2019-cu il yanvarın 21-də Davosda Çin televiziyasına verdiyi müsahibədə çox aydın izah etmişdir: “Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır”. Xalqımız bu sözlərin reallığını cənab Prezidentin gündəlik fəaliyyətində hər gün, hər an hiss edir.
Ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan Prezidenti onu müntəzəm nəzarətdə saxlamasın, respublikanın elə bir bölgəsi yoxdur ki, cənab Prezident orada olmasın və mövcud problemlərin həlli üçün dövlət tərəfindən tədbirlər görülməsini təmin etməsin. Təkcə ötən il ölkə Prezidenti ümumilikdə respublikanın 24 rayon və şəhərinə 26 səfər etmiş, 100-ə yaxın yeni sosial-iqtisadi infrastruktur obyektinin açılışında iştirak etmişdir. Bu obyektlər arasında Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Mingəçevir, Sumqayıt, Ağcabədi, Ağdam, Bərdə, Biləsuvar, Goranboy, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Quba, Masallı, Şamaxı, digər şəhər və rayonlarda istifadəyə verilmiş sənaye məhəllələrini və parklarını, müxtəlif zavodları, yüngül sənaye müəssisələrini qeyd etmək vacibdir. Ölkədə infrastruktur obyektlərinin ildən-ilə çoxalması, ilk növbədə, sənayenin inkişafı üçün zəruri olan enerji təchizatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin, yeni sənaye sahələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Ötən ilin əsas uğurlarından bəhs edərkən 5900 köçkün ailəsi üçün yeni evlərin və mənzillərin tikilməsini, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasını, ölkədə ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sektorunun sürətli inkişafını, nəqliyyat infrastrukturunun ən yüksək səviyyəyə çatdırılmasını, ölkəmizin beynəlxalq logistika mərkəzinə çevrilməsini, kosmik dövlətlər ailəsində öz mövqeyini daha da möhkəmləndirməsini, onun ixrac potensialının 40 faiz güclənməsini, TAP layihəsinin qismən, TANAP layihəsinin isə tam başa çatmasını xüsusi vurğulamaq lazımdır.
2018-ci ildə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, “Azerspace-2” peykinin orbitə çıxarılması, Türkiyədə 6,3 milyard dollar dəyəri olan STAR neft emalı zavodu kompleksinin işə düşməsi, bir çox ölkələrdə Azərbaycan ticarət evlərinin fəaliyyətə başlaması, 2 min kilometr avtomobil yolunun çəkilməsi, 140-dan çox məktəbin, bir neçə mərkəzi xəstəxana binasının tikilib istifadəyə verilməsi və digər layihələrin reallaşdırılması sayəsində ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmuş, ümumi daxili məhsul 1,4 faiz, kənd təsərrüfatı istehsalı 4,6 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, o cümlədən qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artmış, sahibkarlara 160 milyon manat kredit verilmiş, 118 min daimi iş yeri yaradılmışdır.
Bu il yanvarın 22-də Davos Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycanın infrastruktur layihələrinə görə dövlət borcu haqqında sualı cavablandırarkən Prezident İlham Əliyev 20 il əvvəl ölkəmizə borc verən maliyyə qurumlarına minnətdarlıq etdikdən sonra fəxrlə demişdir: “İndi biz borc veririk. İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var”. Xarici borcumuzu ÜDM-in 10 faizinə endirmək strategiyamızın olduğunu bildirən Azərbaycan Prezidenti infrastruktur layihələrini maliyyələşdirməyə hazır olduğumuzu qeyd etmiş, beynəlxalq maliyyə qurumlarını da buna çağırmışdır.
Azərbaycanda yeni texnologiyalara diqqətin artırılması, ixracın stimullaşdırılması öz nəticələrini vermiş, xarici ticarət balansında müsbət saldomuz 8,6 milyard dollar olmuşdur. Ötən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlmişdir ki, bu da əvvəlki ilə nisbətən 6 faiz çoxdur.
Bir sözlə, Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının rifahını daha da yaxşılaşdırmağa, onların problemlərinin daha asan həllinə imkan vermişdir. Cənab Prezident haqlı olaraq qeyd edir: “Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il Prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı bir daha mənə çox böyük etimad göstərmişdir... Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır”.
Azərbaycanda bərqərar olmuş sabitlik şəraitində həyata keçirilən uğurlu iqtisadi islahatlar onun qonşu dövlətlərlə müqayisədə qat-qat yüksək nailiyyətlər qazanmasını təmin etmişdir. Hazırda Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 4 dəfə böyük, valyuta ehtiyatları isə 20 dəfə çoxdur.
Azərbaycan Prezidenti əldə olunan nailiyyətləri göstərməklə yanaşı, cəmiyyətdə mövcud olan nöqsanlardan və problemlərdən də heç vaxt yan keçmir, onları aradan qaldırmaq üçün görülən tədbirlər barədə xalqa açıq və cəsarətlə məlumat verir.
Müstəqillik illərində Azərbaycanın enerji təchizatı üçün çox böyük işlər görülməsinə və böyük həcmdə investisiya qoyulmasına baxmayaraq, yay aylarında Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra bu məsələlərə xüsusi diqqət yetirilmiş, yol verilən məsuliyyətsizlik və diqqətsizlik nəticəsində strateji əhəmiyyət daşıyan bu sahədə belə halların təkrarlanmaması və ölkədə enerji istehsalının daha da artırılması üçün çox ciddi tədbirlər görülmüşdür. Bu gün əhalinin enerji təchizatında demək olar ki, problem yoxdur, Azərbaycan bu sahədə öndə olan ölkələrdən biridir və təkcə elektrik enerjisinin ixracından 10 milyonlarla dollar gəlir əldə edir.
Cənab Prezidentin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının sürətli inkişafına rəvac verən yol infrastrukturunun, meliorasiya təsərrüfatının, yeni aqroparkların yaradılması daim diqqət mərkəzində olmuşdur. Təkcə keçən il 100 min hektar torpağa su verilməsi təmin edilmiş, 300 subartezian quyusu qazılmışdır ki, bu da kənd təsərrüfatının suya olan tələbatının ödənilməsini, eyni zamanda, içməli su ilə təchizatı yaxşılaşdırmışdır.
Ölkə Prezidentinin bütün sahələrdə həyata keçirdiyi islahatlar son nəticədə ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə yönəlmişdir. Aparılan bütün islahatların mahiyyətini, onların nə qədər vacib olduğunu qeyd edən cənab Prezident 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında demişdir: “...islahat çox böyük məna daşıyır. İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir”.
Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanmışdır. Dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilmişdir. Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olmuşdur. Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon vəsait ödənilmişdir.
Prezidentin sərəncamları ilə bir çox sosial obyektlərin tikintisinə, avtomobil yollarının çəkilməsinə və digər məqsədlərə böyük məbləğdə vəsait ayrılmışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısının 69 sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq işləri görülmüş, sosial iaşə obyektləri tikilmiş, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılmış, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanmış, 6 rayonda isə yeni yollar və körpülər tikilmişdir. Prezidentin Ehtiyat Fondundan bir çox ictimai təşkilatlara və dini icmalara, kütləvi informasiya vasitələrinə, tarix və mədəniyyət abidələrinin bərpasına göstərilən yardımlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
2018-ci il digər sahələrdə olduğu kimi, idman sahəsində də ölkəmiz üçün uğurlu olmuş, idmançılarımız dünya və Avropa çempionatlarında, habelə digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal qazanmış, Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaqla hər birimizə sevinc və qürur hissi yaşatmışlar. Ötən il idman infrastrukturunun genişləndirilməsi işləri davam etdirilərək, olimpiya idman komplekslərinin sayı 44-ə çatdırılmışdır. Bu il daha 3 belə kompleksin tikilməsi nəzərdə tutulur.
Azərbaycanda həm ölkə daxilində aparılan geniş abadlıq və quruculuq işlərində, idman, mədəniyyət, səhiyyə sahələrində həyata keçirilən genişmiqyaslı tədbirlərdə, həm də xaricdə diqqəti cəlb edən humanitar layihələrin həyata keçirilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, dövlətimizin başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın təşəbbüslərini və əməyini xüsusi qeyd etmək lazımdır. Xalqımız Mehriban xanım Əliyevanı görkəmli dövlət xadimi, mahir diplomat və Azərbaycan mədəniyyətinin, xüsusilə milli musiqimizin böyük hamisi, ölkəmizin dünyadakı mədəniyyət elçisi kimi tanıyır. Azərbaycanın sivilizasiyalararası dialoq, multikulturalizm, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə mərkəzinə, yüksək səviyyəli forumların, beynəlxalq idman yarışlarının keçirildiyi mötəbər bir məkana çevrilməsində Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Keçən il 50-dən çox ölkənin 450-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən VI Qlobal Bakı Forumunda onun Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilməsi çox önəmli faktdır və ölkəmizin Birinci vitse-prezidentinin zəngin ictimai fəaliyyətinə verilən yüksək qiymətdir. Bu günlərdə isə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə ilk dəfə məhz Mehriban xanım təltif olunmuşdur. Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial, ekoloji və digər ictimai layihələr, xüsusilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus yeri olan “Xocalıya ədalət!” kampaniyası, eləcə də gənclər siyasəti sahəsində görülən tədbirlər, gənclərin ölkəmizin ictimai-siyasi həyatına daha fəal cəlb edilməsi istiqamətində təşəbbüsləri böyük səmərə verir, çox rəğbətlə qarşılanır.
Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid mərkəzdən operativ və şəffaf şəkildə idarə olunması üçün ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. 2019-cu ildə 4, ümumilikdə isə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması, həmin mərkəzlərdə 124 xidmətin təqdim olunması nəzərdə tutulmuşdur. Bununla da işsizliyin aradan qaldırılması üçün yeni imkanlar açılacaq və 30 min yeni iş yerinin yaradılması təmin ediləcək.
Ümumiyyətlə, dünya mətbuatında Azərbaycana və dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinə böyük maraq göstərilməsini müşahidə edirik. Dünyanın elə bir aparıcı mətbuat orqanı, xəbər agentliyi yoxdur ki, orada Azərbaycan və onun rəhbəri haqqında silsilə materiallar verilməsin, xüsusilə Azərbaycanın sürətli inkişafından, onun tolerantlıq və multikulturalizm, turizm və idman mərkəzinə çevrilməsindən, ölkədə hökm sürən sabitlikdən, bütün Şərq ölkələri və İslam dünyası üçün gözəl nümunəyə çevrilməsindən bəhs edən yazılar, müsahibələr və reportajlar dərc olunmasın. Xüsusilə Prezident seçkiləri zamanı Avropanın, Amerikanın və Şərq ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində dərc olunan materiallar buna əyani sübutdur.
Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır. Bu marağın kökündə Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi xarizması, qətiyyəti, uğurlu siyasəti, öz vətəninə, xalqına sonsuz məhəbbəti, seçdiyi yol durur. Bu yolu cənab Prezident 2018-ci il sentyabrın 26-da “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrikində belə səciyyələndirir: “Bizim yolumuz inkişaf yoludur...Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.
Xalqın ürək sözləri: “Cənab Prezident, Siz tarixin ən qüdrətli Azərbaycanını yaratmısınız!”
Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti, ölkəsinin inkişafı, xalqının səadəti və xoşbəxtliyi üçün əzmlə çalışması, zamanla ayaqlaşan, gələcəyi görməyi, qiymətləndirməyi bacaran müdrik siyasi rəhbər kimi doğma Vətənimizi daim irəli aparması Azərbaycan vətəndaşlarının və dünyada yaşayan soydaşlarımızın diqqətindən yayınmır və Prezident İlham Əliyevin ünvanına daxil olan minnətdarlıq məktublarında öz əksini tapır.
Heç bir şübhə yoxdur ki, ölkə Prezidentinin gördüyü bütün işlər xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir və vətəndaşlarımızın dövlətimizin başçısına ünvanladıqları səmimi ürək sözləri – məktubları həqiqətən yüksək hörmətin və ehtiramın əyani nümunəsi kimi haqlı qürur doğurur. Vətəndaşlar Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi, problemlərin həlli üçün görülən işlərə görə razılıq və sevinc hisslərini minnətdarlıq məktubları vasitəsilə ölkə başçısına çatdırmağı öz mənəvi borcları hesab edirlər. Həmin məktubları oxuduqca ölkəmizin keçdiyi böyük inkişaf yolu bir daha göz önündə canlanır, insanın qəlbi fərəh hissi ilə dolur. Bu məktubların hamısını əhatə etmək mümkün olmadığından onların yalnız bir hissəsi barədə oxuculara məlumat verməklə Azərbaycan vətəndaşlarının arzu və düşüncələri barədə təsəvvür yaratmaq istərdik. Minnətdarlıq məktubları Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, eləcə də bütün regionları, həmçinin xaricdə yaşayan soydaşlarımızı əhatə edir və maraqla oxunur.
Bakının Qaradağ rayonundan H.Qəniyev ölkə başçısına ünvanladığı məktubunda yazır: “Siz milli maraqlara əsaslanan siyasətinizi cəsarətlə davam etdirərək, müdrik qərarlarınız ilə həyatımıza yeni nəfəs gətirirsiniz. Müstəqil Azərbaycan dövlətinin iqtisadi sahədə misilsiz nailiyyətlər qazanması, hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsi uğrunda apardığınız işlər danılmazdır”.
Nərimanov rayonundan S.Məmmədova, Pirallahıdan E.Rüstəmov, Naxçıvandan M.Abbaslı, Gəncədən H.Hatəmi, Sumqayıtdan əmək veteranı A.Şərifov, Şirvandan B.Əhədov, Yevlaxdan A.Bayramova, Abşeronun Xırdalan şəhərindən G.Hətəmova, Ağdaşın Aşağı Zeynəddin kəndindən N.Zalışov, Ağstafadan İ.Əliyev, Cəlilabaddan R.Qədirov, Xızının Yeni Yaşma kəndindən S.Muxtarov, Kürdəmirin Cəyli kəndindən S.Rüstəmov, Masallıdan Ə.Talıbov, Samuxun Qarayeri qəsəbəsindən K.Bayramlı, Şamaxıdan T.Məmmədov, Zaqataladan Ş.Əbdürrəhmanova və digər bölgələrdə yaşayan vətəndaşlar ulu öndər Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirilməsindən, ölkəmizin sürətli inkişaf yolu ilə inamla irəliləməsindən, Azərbaycanın dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınmasından, ən müasir silahlarla və texnika ilə təchiz olunmuş orduya sahib olmasından fərəhləndiklərini və qürur duyduqlarını bildirirlər. Məktubların bir çoxunda vətəndaşlar xüsusi vurğulayırlar ki, həyata keçirilən uğurlu siyasətin müsbət nəticələrini bizdən sonrakı nəsillər də hiss edəcəklər.
Ötən il ölkəmiz üçün bir sıra mühüm və əlamətdar hadisələrlə zəngin olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində keçirilən tədbirlər, o cümlədən möhtəşəm paradlar barədə respublikanın, demək olar ki, bütün şəhər və rayonlarından təbrik və minnətdarlıq məktubları daxil olmuşdur. Vətəndaşlar müasir silahlarla təchiz olunmuş qüdrətli ordumuza görə Ali Baş Komandanımıza təşəkkür edir və qürur hissi keçirdiklərini bildirirlər. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradla əlaqədar İsmayıllıdan L.Əliyeva yazır: “Hərbi parada hədsiz fəxrlə, iftixarla, böyük qürur hissi ilə baxdıq. Qüdrətli dövlətimizin, qüdrətli ordumuzun gücünü gördükcə Qələbə gününün yaxında olduğunu hiss etdik, Şuşaya, Laçına, Zəngəzura gedən yolumuzu, o torpaqlarda dalğalanan əzəmətli üçrəngli bayrağımızı gördük. Cənab Prezident, biz bir daha əmin olduq ki, bir qarış torpağımız belə düşmən tapdağı altında qalmayacaq”.
Qeyd etmək istərdik ki, keçirilən hərbi parad dünya mediasının da diqqətini cəlb etmişdir. Qardaş Türkiyənin “Star”, “Milliyyət”, “Günəş”, İsrailin “The Jerusalem Post” qəzetləri, habelə “Reuters”, “Associated Press”, “Washington Post” və digər nüfuzlu beynəlxalq KİV-lər paradla bağlı xəbərləri, eləcə də Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri öz səhifələrində yerləşdirmişlər.
Ötən il sentyabr ayının 26-da Azərbaycanın “Azerspace-2” peykinin orbitə buraxılması da ölkəmiz üçün mühüm hadisələrdən birinə çevrildi. Prezident İlham Əliyevin dediyi kimi, “Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur”. Vətəndaşlar öz məktublarında bu fikirlərə şərik çıxırlar. Məsələn, Bakı şəhərindən tələbə F.Vətəni yazır: “Daha bir peykimizin səmaya buraxılması Azərbaycanın bir çox ölkələrdən nə qədər irəlidə olduğunu sübut etdi. Respublikamızın belə dinamik və uğurlu inkişafı bir vətəndaş olaraq məni çox qürurlandırır.”
Prezident İlham Əliyevin səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə qardaş ölkədə “İlin dövlət başçısı” seçilməsi ölkə vətəndaşları tərəfindən fəxarət hissi ilə qarşılanmışdır. Bakının Nizami, Pirallahı, Səbail və Yasamal, Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonlarından, habelə Gəncə, Balakən, İmişli, Quba, Salyan, Şabran, Şuşa, eləcə də digər şəhər və rayonlardan göndərilən onlarla məktubda vətəndaşlar Prezident İlham Əliyevin bu mükafata misilsiz fəaliyyətinə və fəxr ediləsi işlərinə görə layiq görüldüyünü, yüksək dövlət idarəetmə bacarığını, onun sayəsində ölkəmizin hələ çox uğurlar əldə edəcəyinə inandıqlarını xüsusi vurğulayırlar. Paytaxt sakini E.Hacıyevin məktubunda deyildiyi kimi, “Bu uğur Sizin gərgin əməyinizin bəhrəsidir, cənab Prezident!”
Tarixi və mədəni irsimizin dərindən öyrənilməsi, qorunması və təbliği istiqamətində görülən işlər, Azərbaycan tarixində özünəməxsus yeri olan təhsil və mədəniyyət ocaqlarının, görkəmli şəxsiyyətlərin əlamətdar yubileylərinin keçirilməsi xalqımız tərəfindən hər zaman müsbət qarşılanır. Yola saldığımız 2018-ci il də bu baxımdan səciyyəvi olmuşdur. Qazax Müəllimlər Seminariyasının 100, Böyük Azərbaycan şairləri İmadəddin Nəsiminin 650 və Mikayıl Müşfiqin 110, Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşirin 125, opera sənətinin korifey ifaçılarından olan Gülxar Həsənovanın 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, “Basqal” və "Yanar dağ" dövlət tarix-memarlıq qoruqlarının bərpası ilə əlaqədar sərəncamlar imzalanması və bu istiqamətdə həyata keçirilən tədbirlər, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqların araşdırılması üçün işçi qrupun yaradılması və ölkə başçısının bu məsələni şəxsi nəzarətinə götürməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir və ötən il daxil olan çoxsaylı məktubda buna görə cənab Prezidentə minnətdarlıq bildirilir.
Bakının Nizami rayonundan M.Əliyevin opera müğənnisi Gülxar Həsənovanın 100 illik yubileyi ilə bağlı sərəncama görə minnətdarlıq məktubunda yer alan sözlər ümumilikdə bu işlərin əsl dəyərini özündə təcəssüm etdirir. O yazır: “Siz bu Sərəncamınızla Azərbaycan səhnəsinin unudulmaz Ərəbzəngisinə sanki yeni sənətkar ömrü bəxş etdiniz, ona əbədiyaşarlıq verdiniz. Gülxar xanımın sənətini ulu öndər Heydər Əliyev də daim yüksək qiymətləndirirdi. Sizə çox minnətdarıq ki, Ümummilli Liderimizin gözəl ənənələrini yaşadır, Azərbaycan mədəniyyətinə daim böyük qayğı göstərir, Gülxar xanım kimi əsl sənətkarları unudulmağa qoymur, onların irsinin yaşadılmasına və davam etdirilməsinə şərait yaradırsınız”.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərə, bununla əlaqədar imzalanmış fərman və sərəncamlara görə də minnətdarlıq edənlər çoxdur. Azərbaycanın Milli Qəhrəmanları, müharibə əlilləri və şəhid ailələri, habelə müəyyən səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılmasına görə Xətai, Nərimanov, Yasamal, Xankəndi, Culfa, Sədərək, Abşeron, Füzuli, Hacıqabul, Xaçmaz, Qazax, Qubadlı, Qusar, digər şəhər və rayon sakinləri dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsindən D.Niftəliyeva yazır: “Sizin gərgin və yorulmaz fəaliyyətiniz, apardığınız ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Azərbaycanın Milli qəhrəmanlarına və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdünün məbləğinin artırılması bütövlükdə xalqımıza olan yüksək qayğı və diqqətinizin nəticəsidir. Əziz Prezidentimiz, bütün Azərbaycan xalqı kimi, Füzuli rayonu sakinləri də Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı böyük nailiyyətlərlə fəxr edirlər”.
Binəqədidən S.Rəsulova, Nərimanov rayonundan M.Mehdiyev, Suraxanıdan L.Rəhimova, Gəncədən P.Həsənov, Mingəçevirdən Ş.Hacıyeva, Sumqayıtdan Z.Məmmədova, Şirvandan V.Həbibov, Abşeronun Xırdalan şəhərindən İ.Mürsəlov, Ağstafadan Q.Omarov, Xətai kəndindən N.Mərdanova, Daşkəsəndən Q.Abbasova, Göygölün Quşqara kəndindən S.Abutalıbova, Qazaxın Məzəm kəndindən T.Süleymanova, Lerikdən N.Bağışov və Durğan kəndindən Ş.Həsənova, digər şəhər, rayon sakinləri Qarabağ müharibəsi əlillərinə və veteranlarına, şəhid ailələrinin üzvlərinə göstərilən dövlət qayğısından, onların problemlərinin həllindən razı qaldıqlarını bildirmişlər.
Məlumat üçün qeyd edək ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan 3 dəfə çox – 626 mənzil təqdim edilmişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcəkdir.
Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel və 2019-cu il 28 yanvar tarixli fərmanlarına uyğun olaraq, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunmuş, 2018-ci ildə 3099 şəhid hərbi qulluqçunun vərəsələri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilmişdir və ödəmələr növbəti 10 ay ərzində başa çatdırılacaqdır.
Bu Fərmana görə ölkə başçısının ünvanına Bakı şəhərinin Binəqədi, Nəsimi, Nizami, Suraxanı rayonlarının, Lənkəran, Naftalan, Sumqayıt, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Göygöl, Xocavənd, İsmayıllı, Quba, Qusar, Ordubad, Şahbuz, Tərtər, habelə digər şəhər və rayonların sakinlərindən çoxlu sayda fərdi və kollektiv minnətdarlıq məktubları daxil olmuşdur. Şəmkirdə yaşayan şəhid ailələri üzvlərinin bir qrupu – A.Həsənov, M.İbadullayev, E.Böyükkişiyeva və başqaları Azərbaycan Prezidentinə ünvanladıqları məktubda yazırlar: “Biz bu Fərmanı Sizin şəhid ailələrinə qayğıkeş münasibətinizin davamı kimi yüksək dəyərləndiririk. Notarial qaydada müraciət etdik və birdəfəlik ödəmə ilə təmin olunduq. Bu vəsait bizim rifahımıza böyük dəstəkdir”.
Məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin qarşısında duran prioritet məsələlərdən biridir. 2018-ci ildə məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması davam etdirilərək mənzil və evlərlə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatdırılmışdır. Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış məcburi köçkünlər – Ağdamdan M.Əliyeva, Cəbrayıldan E.Abbasov, Xocalıdan R.Quliyev, Qubadlıdan Ş.Mikayılova, N.Həmidov, Laçından E.Şərifov, Zəngilandan M.Əsədova, E.Cəfərova və digər rayonlardan olan vətəndaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına, mənzillə və fərdi yaşayış evləri ilə təmin edilmələrinə, onlar üçün hər bir infrastruktura malik çoxsaylı müasir qəsəbə və şəhərciklərin salınıb istifadəyə verilməsinə görə təşəkkür edirlər.
Sosial məsələlərlə bağlı digər minnətdarlıq məktublarında Suraxanıdan N.Abdullayev Yeni il ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsinə, Yasamaldan F.Əhmədova sosial mənzillə, Lənkərandan Aprel döyüşlərinin iştirakçısı R.Hümmətov işlə təmin edilməsinə, Goranboyun Balakürd kəndindən aztəminatlı ailənin üzvü V.Alahverdiyev birinci sinifə gedən övladına məktəb ləvazimatlarının hədiyyə olunmasına görə təşəkkürünü bildirir, İsmayıllıdan Z.Muradov, habelə digər rayonların sakinləri dövlət peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının ilk diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılmasından razı qaldıqlarını diqqətə çatdırırlar.
Səbaildən V.Əhmədov və G.Muradov, Balakəndən R.Balayev, Goranboydan Ə.Məmmədov, Qaxın Marsan kəndindən M.Cəlilov, Qazaxdan S.Alıyev, Qəbələdən V.Məmmədov, Şamaxıdan H.Allahverdiyev, Tovuzun Çatax kəndindən S.Aslanov, Ucardan R.Abdullayev və digər bölgələrdən olan insanlar isə faydalandıqları özünüməşğulluq proqramının uğurla həyata keçirilməsindən, bu proqramın işsiz insanlar üçün böyük bir fürsət olmasından yazır, yeni qurduqları təsərrüfatlardan yaxın vaxtlarda yaxşı nəticə əldə edəcəklərinə və təsərrüfatlarını ildən-ilə genişləndirəcəklərinə inandıqlarını bildirirlər.
2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə etmişdir ki, bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur. Bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunmuşdur. Ötən il bu proqrama cəlb edilənlərin 1300 nəfərə qədərini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədərini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədərini sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfərini şəhid ailəsi üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlər və digərləri təşkil etmişdir. Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha 8000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.
Azərbaycan dövlətinin sosial siyasətinin müsbət nəticələrini ölkəmizdə yaşayan bir çox millətlərin nümayəndələri də əyani şəkildə görür və yüksək qiymətləndirir. Pirallahıdan Svetlana Abramenko yazır: “Sizin siyasətiniz sayəsində Azərbaycanın hər bir sakini dövlətini, Prezidentini hər an öz yanında hiss edir. Ömrümün ahıl çağlarında dövlətimizin göstərdiyi diqqət mənim üçün xüsusilə sevindiricidir. Yaranmış bütün sosial, mənzil-məişət problemlərim dərhal həll edilir və buna görə həyatımdan çox razıyam. Bir ana kimi mənə göstərilən bu qayğıya görə Sizə minnətdarlığımı bildirirəm”.
Səhiyyə məsələlərinə dair məktublarda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndindən M.Seyidov və Cəlilabaddan II qrup əlil N.Sadatov respublikanın səhiyyə ocaqlarında müalicə olunmalarına, Sabirabaddan G.Həsənova “ASAN xidmət” mərkəzinin “Uşaq Psixo-Sosial İnkişaf Mərkəzi”ndə azyaşlı övladının nitq qüsurunun aradan qaldırılmasına, Bərdədən B.Kərimov özünün, Ucarın Lək kəndindən Ş.Mehdiyev isə övladının uğurla əməliyyat edilməsinə görə minnətdarlıq edirlər.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq azadlığa çıxan məhbusların və onların ailə üzvlərinin məktublarını oxuduqca ölkə başçısının bu addımının əsl müdrikliyə və humanizmə söykəndiyi bir daha aydın görünür. Bu sevinci yaşayan Astaranın Ovala kəndindən B.Baxşıyev yazır: “Sizin böyüklüyünüz, aliliyiniz nəticəsində mən ailəmə qovuşdum. Siz mənim gənclik səhvimi bağışladınız. Sizə söz verirəm ki, ümidləri doğruldacağam, xalqımıza, dövlətimizə layiqli vətəndaş, Sizin müsəlləh əsgəriniz olacağam. Qoy uca və böyük Allah Sizin və ailənizin köməyi olsun və Sizləri qorusun!”
Dövlətimizin başçısı məhkum edilmiş şəxslərə qarşı öz humanistliyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə bir daha göstərdi. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, müxtəlif cəzalara məhkum edilmiş 634 nəfər əfv olundu.
Ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsinə, Azərbaycanın işıqlı gələcəyi naminə təhsil, elm, mədəniyyət, incəsənət və digər sahələrdə gənclərin irəli çəkilməsinə, onların yaradıcılığının qiymətləndirilməsi və dövlət mükafatları ilə təltif edilməsinə görə daxil olan minnətdarlıq məktubları da az deyildir. Binəqədinin Rəsulzadə qəsəbəsindən İ.Rəsulovun, Xətaidən N.Qasımovanın, Sabunçunun Bakıxanov qəsəbəsindən N.Hümbətlinin, Suraxanının Hövsan qəsəbəsindən M.Əhmədovun, Yevlaxdan F.Mahmudovun, Kəlbəcərdən məcburi köçkün H.Misirovun, Qubadan R.Camalovanın, Samuxdan F.Yusiflinin, həmçinin digər şəhər və rayonlardan olan vətəndaşların məktublarında bu məsələlər öz əksini tapmışdır.
Ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənclər üçün xüsusi aylıq təqaüdün məbləğinin artırılması da onlara olan yüksək diqqətdən irəli gəlir. Bu sərəncam gənc istedadların və onların təhsil aldıqları məktəblərin kollektivlərinin sevincinə səbəb olmuşdur. Daxil olmuş bir çox fərdi və kollektiv məktublarda bu addımın gənclərin yaradıcılıq işlərinə daha da həvəsləndirilməsi baxımından çox mühüm töhfə olduğu bildirilir.
Dövlətimizin başçısının təşəbbüsü və tapşırığı ilə orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya artıq beşinci ildir ki, müvəffəqiyyətlə təşkil olunur və ümumilikdə ölkə ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır. Gənc nəslin mədəni və intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən bu layihənin uğurla həyata keçirilməsi, ilk növbədə, şagirdlərin və onların valideynlərinin ürəyincədir. Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasından, Bakının Nərimanov, Nizami, Pirallahı, Səbail rayonlarından, Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. Gədəbəyin Zəhmətkənd kəndindən R.Quliyeva iştirakçısı olduğu aksiyanın onda oyatdığı təəssüratı bu sözlərlə ifadə edir: “Azərbaycanımız Sizin uğurlu siyasətiniz nəticəsində çiçəklənir və inkişaf edir. Gəzdiyim yerlərdə keçmişimizi təsəvvür etdim, bu günümüzlə qürurlandım, məndə gələcəyə çox böyük ümidlər yarandı”.
Minnətdarlıq məktublarının bir qismində vətəndaşlar son illərdə icrasına başlanılan mühüm bir layihədən - modul tipli məktəblərin inşasından razılıqlarını bildirirlər. Tərtərdən S.Mirzəyev bu barədə yazır: “Sizin diqqət və qayğınızla regionlarda məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin inşası, bərpası və əsaslı təmiri uğurla davam etdirilir. Ötən il modul tipli iki məktəb - Bayandur kəndində ibtidai, Poladlı kəndində isə ümumi orta məktəb istifadəyə verildi. Geniş, işıqlı sinif otaqları, müasir məktəb avadanlıqları müəllim və şagirdlərin ürəyincədir”. Lənkəranın Siyavar, Astaranın Siyatük, İsmayıllının Gəndov, Girk, Uştalqışlaq, Lerikin Sivəkəran, Monidigah, Durğan, Tərtərin Poladlı, Kovdadıq, Zolgəran, Zərdabın İkinci Alıcanlı, digər rayonların ayı-ayrı kəndlərinin sakinləri, habelə Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər modul tipli məktəblərin quraşdırılaraq istifadəyə verilməsinə və bununla bağlı imzalanan sərəncamlara görə minnətdarlıq edirlər.
Məlumat üçün bildiririk ki, ölkə başçısının 2018-ci ildə imzaladığı 10 sərəncam əsasında ümumilikdə respublikanın 43 rayonunda 137 modul tipli məktəb quraşdırılmışdır.
Son illər ərzində regionların, habelə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı üçün qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsini vətəndaşlar razılıqla qarşılayırlar. Sabunçunun Balaxanı qəsəbəsindən F.Kərimbəyli bildirir: “Təmiz şəhər” layihəsinin həyata keçirilməsi çərçivəsində qəsəbəmizin ekoloji vəziyyətinin, içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər, Xırdalan, Biləcəri, Balaxanı yaşayış məntəqələrini birləşdirən yolun yenidən qurulması sakinlərimizin Sizə və dövlətimizə inamını daha da artırdı”.
Ümumiyyətlə, minnətdarlıq məktublarının böyük bir qismində yaşayış məntəqələrində infrastrukturun, o cümlədən kommunal xidmətlərlə təminatın yaxşılaşdırılmasından bəhs olunur. Xəzərin Mərdəkan qəsəbəsindən Ə.Əskərov, Sabunçunun Maştağa qəsəbəsindən F.Balakişiyev, Mingəçevirdən S.Hüseynova, Ağstafanın Köçvəlili kəndindən R.Alicanov, Ağsunun Axundlu kəndindən S.İsmayılov, Goranboyun Abbasqulular kəndindən R.Abdullayev, Veyisli kəndindən Q.Əliyev, Masallının Məmmədxanlı kəndindən A.Hüseynov, Zərdabın Salahlı kəndindən C.Mənafov və başqaları içməli su təchizatının yaxşılaşdırılmasına, kanalizasiya sistemlərinin yenidən qurulmasına, Yevlaxın Havarlı, Marzılı, Hacıselli kəndlərindən Q.Rüstəmov, İ.Kərimov, İ.Mustafayev, C.Həmzəyev və başqaları kəndlərin elektrik təsərrüfatının yenilənməsinə, Ağcabədidən Y.Paşayev, R.Qasımov, Tərtərdən M.Allahverdiyev, Ə.Bəbirov və başqaları çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunmasına, Yardımlının Tilə kəndindən Ə.Mirağazadə magistral yol boyunca bulaqların çəkilməsinə, Zərdabın Gəlmə kəndindən G.Səfərəliyev körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsinə görə ölkə başçısına təşəkkür edirlər.
Ölkəmizdə yaşayış məntəqələrinin qazlaşdırılması səviyyəsinin yüksəldilməsi mühüm məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Son illər ərzində onlarca yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Lerikin Murya kəndi də həmin yaşayış məntəqələrindən biridir. Kənd sakini Ş.Şahpələngov yazır: “Mən əmək veteranıyam. Uzun müddət dövlət işində çalışmışam. Respublikamızda, o cümlədən bizim Lerik rayonunda sovet dövründə başa çatdırılmamış işlər indi Sizin sayənizdə icra edilir. Ötən ilin noyabr ayında ucqar dağ kəndimiz olan Muryaya təbii qazın verilməsi təkcə məni və ailə üzvlərimi deyil, bütün kənd əhalisini sevindirdi”.
“Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində 2018-ci ildə respublikanın 43 şəhər və rayonunda 150 yaşayış məntəqəsi, həmçinin 3 rayonda məcburi köçkünlərin yaşadığı 4 qəsəbə təbii qazla təmin edilmişdir. 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bu barədə danışan Prezident İlham Əliyev demişdir: “Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir”.
Şəkinin Kiçik Dəhnə, Yevlaxın Qaraməmmədli və Rüstəmli, Cəlilabadın Cəlayir, Gədəbəyin Çaldaş və Səbətkeçməz, Goranboyun Yəhərçi Qazaxlar və Goranlı, Göygölün Kərəmli və Şəhriyar, İsmayıllının Lahıc, Qaxın Meşəbaş, Qobustanın Şıxzahırlı, Qusarın Piral, Cibir, Lerikin Veri, Masallının Güllütəpə və Tatyanoba, Neftçalanın Ərəbqardaşbəyli və Cəngan, Oğuzun Muxas, Tərtərin Rəcəbli, Bildirçinli, Kövdadıq, Soyulan, Yardımlının Gavran, Zərdabın Şıxbağı və Nəzəralı, digər şəhər və rayonların bir sıra kənd və qəsəbələrinin sakinlərindən, habelə Ağcabədinin Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərdən yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərə görə ölkə başçısının ünvanına fərdi və kollektiv minnətdarlıq məktubları daxil olmuşdur.
Minnətdarlıq bildirilən müraciətlər arasında avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən tədbirlər barədə məktublar böyük yer tutur. Məlumat üçün bildirək ki, 2018-ci ildə ölkə başçısının 73 sərəncamı ilə avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə təqribən 750 milyon manat, o cümlədən ümumilikdə 506 yaşayış məntəqəsini birləşdirən və 1 milyon 163 min insanın yaşadığı kənd və qəsəbə yollarının tikintisi məqsədilə 471 milyon 260 min manat vəsait ayrılmışdır. Əvvəlki illərdə icrasına başlanılmış işləri də nəzərə alsaq, keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılmış, yeni yollar salınmış, 2,2 milyon insanın yol problemi həll olunmuşdur.
Qaradağın Çeyildağ, Suraxanının Hövsan, Lənkəranın Tütəpeştə, Biləsər, Şəkinin Baş Şabalıd, Turan, Ağcabədinin Hindarx, Ağdamın Hacıturalı, Həsənxanlı, Xındırıstan, Əfətli, Ağstafanın Düzqışlaq, Xılxına, Mollacəfərli, Kolayır, Qarahəsənli, Ağsunun Kalva, Astaranın Siyaku, Şuvi, Pəlikəş, Rudəkənar, Qapıçıməhəllə, Balakənin Qullar, Biləsuvarın Bəydili, Cəlilabadın Ağdaş və Soyuqbulaq, Daşkəsənin Əmirvar, Füzulinin Arayatlı, Gədəbəyin Nərimankənd, Goranboyun Göynüyən və Qarasuçu, Xaçmazın Qalağan, Xızının Giləzi, Fındığan, İsmayıllının Lahıc, Kürdəmirin Pirili, Sor-Sor, Muradxan, Qaxın İbaxlı, Ağyazı, İngiloy Kötüklü, Qobustanın Poladlı, Qubanın Hacıhüseynli, Vladimirovka, Qusarın Quxuroba, Yasab, Xuray, Yuxarı Ləgər, Suvacal, Masallının Hişkədərə, Türkoba, Şatıroba, Əminli, Qarğalıq, Kürdəbazlı, Həsənli, Qəzvinoba, Mişkəmi, Saatlının Əhmədbəyli, Salyanın Birinci Varlı, Quyçu, Siyəzənin Yenikənd, Tərtərin Xoruzlu, Qaradağlı, Kəbirli, Yardımlının Bozayran, Bilnə, Zaqatalanın Kəpənəkçi, Əliabad, Zərdabın Alıcanlı, İsaqbağı, digər şəhər və rayonların bir sıra kənd və qəsəbələrindən daxil olmuş məktublarda avtomobil yollarının təmir-tikintisinə, yeni yolların çəkilməsinə, bununla əlaqədar sərəncamların imzalanmasına görə razılıq ifadə olunur. Həmin məktubların bir çoxunda xüsusi vurğulanır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması insanların rahatlığını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatının və turizmin inkişafına yeni təkan verəcəkdir.
Qaradağın Lökbatan qəsəbəsindən Z.Nəcəfova, Nəsimidən A.Mustafayev, Gəncədən R.Abbasov, Lənkərandan B.Axundov, Mingəçevirdən M.Əhmədov, N.Həsənov, Naftalandan O.Bağırzadə və X.Həsənova, Şirvandan C.Vəliyev, Yevlaxın Tanrıqulular kəndindən M.Cəfərov, Ağcabədidən Ə.Əhmədov, Ağdaşdan İ.Şıxməmmədov, Ağsunun Bico kəndindən Y.Qarayev, Astaranın Tüləgüvən kəndindən F.Abbasov, Gədəbəyin Çayrəsullu kəndindən X.Quliyev, Göyçaydan Q.Rəfiyev, Xaçmazın Xudat şəhərindən A.Məmmədrəhimov, Masallının Yeyənkənd kəndindən C.Əliyev, Dəmirçi kəndindən A.Şahbazova, Oğuzdan İ.Aşurova, Salyanın Kürsəngi kəndindən O.İslamov, Siyəzənin Tuğay kəndindən M.Bağırov, Şabranın Ağbaş kəndindən İ.Şahpələngova, Şəmkirin Kür qəsəbəsindən V.Əliyev və başqaları, Şərurun Çomaxtur kəndindən M.İsmayılov, Tərtərin Qazyan kəndindən Y.Behbudov, Zərdabın Çallı kəndindən B.Mikayılov, habelə digər şəhər və rayonlardan olan vətəndaşlar öz məktublarında regionların sosial-iqtisadi inkişafı, ən ucqar kəndlərdə belə infrastrukturun yenilənməsi istiqamətində görülən işlərdən, o cümlədən kommunal xidmətlərin yaxşılaşdırılmasından, yeni istehsal müəssisələrinin, məktəb, xəstəxana, avtovağzal, istirahət mərkəzləri və yaşayış binalarının tikilməsindən, Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsindən, əhalinin məşğulluğunun təmin olunmasından razılıqlarını ifadə edirlər.
Minnətdarlıq məktublarının bir çoxunda vətəndaşlar ölkəmizin inkişafı və tərəqqisi yolunda cənab Prezidentlə çiyin-çiyinə çalışan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işləri, eyni zamanda, Leyla xanım Əliyevanın təşəbbüslərini yüksək dəyərləndirir, buna görə təşəkkürlərini bildirirlər. Vətəndaşlar milli-mənəvi dəyərlərimizin və mədəniyyət nümunələrimizin, xüsusilə də muğam və xalçaçılıq sənətinin dünyada təbliğində Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayır, habelə məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, fiziki qüsurlu insanların lazımi avadanlıqla təmin olunmasında yaxından kömək göstərməsindən razılıq ifadə edirlər. Bundan əlavə, Binəqədidən Aprel döyüşləri əlili A.Məmmədov mənzillə təmin olunmasına, Qaradağdan R.Hüseynov Respublika Talassemiya Mərkəzinin texniki təchizatının son illər ərzində yenilənməsinə və uşaqların burada daha yaxşı müalicə kursları keçməsinə, Gəncədən S.Süleymanova və Mingəçevirdən Qarabağ müharibəsi veteranı F.Mustafayev özünün, Şəkidən C.Qasımov övladının əməliyyatına kömək göstərilməsinə, İsmayıllıdan G.Mirzəliyeva, K.Rəsulova, A.Əliyeva və başqaları rayonun aztəminatlı ailələrindən olan bir qrup uşağın məktəbli geyimi ilə təmin edilməsinə görə Mehriban xanım Əliyevaya təşəkkür etmişlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və ötən il avqustun 28-də dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən Bakı Kitab Mərkəzi də mühüm sosial layihələrdən biri kimi vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mərkəzin xidmətindən istifadə edən insanların səmimi ürək sözləri maraq doğurur. Məsələn, Xəzər rayonundan R.Atacanov yazır: “Əvvəllər mən istirahət günlərində asudə vaxtımı şəhəri gəzməklə keçirirdim. İndi isə Bakı Kitab Mərkəzinə gedir, istədiyim kitabı asanlıqla tapır, rahatlıqla və ən əsası ödənişsiz oxuyuram. Ümid edirəm ki, bu hər zaman belə olacaq. Çünki gənclərin kitaba ehtiyacı var”.
Qeyri-neft sektorunun ən mühüm və perspektivli sahələrindən biri olan aqrar sahənin inkişafı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər və onun müsbət nəticələri öz əksini minnətdarlıq məktublarında da tapır. Ağdamın Xındırıstan kəndindən R.Babayev, Biləsuvarın Aşağı Cürəli kəndindən B.Əzizov, Göyçayın Alxasava kəndindən F.İsmayılov, İmişlinin Çahar kəndindən N.Şirinov və Telişli kəndindən A.Ağayev, Lerikin Piran kəndindən S.Xudaverdiyev, Masallının Bədəlan kəndindən C.Əzizov, Qəriblər kəndindən İ.İmamyarov, Neftçalanın Xol Qarabucaq kəndindən Q.Qafarov, Boyat kəndindən Ə.Hacıyev, Sabirabadın Moranlı, Sarxanbəyli, Əliləmbəyli, Bala Həşimxanlı kəndlərinin fermerləri adından yazan D.Dövlətov, digər rayonlardan olan fermerlər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinə, əkin-biçin işləri üçün texnikanın və gübrələrin güzəştli şərtlərlə verilməsinə, subsidiyanın ayrılmasına, yeni suvarma kanallarının çəkilməsinə və suvarma probleminin tədricən aradan qaldırılmasına, geniş torpaq sahələrinin əkinə cəlb olunmasına görə dövlətimizin başçısına təşəkkür edirlər.
Ölkəmizdə özünəməxsus ənənələri olan xalçaçılıq sənəti də qeyri-neft sektorunun inkişaf edən sahələrindən biridir. Son illər ərzində bu qədim sənət sahəsinin yenidən dirçəldilməsi, itməkdə olan ənənələrin bərpası üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görülür. Ötən il ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş, respublikanın 11 şəhər və rayonunda xalça istehsalı emalatxanalarının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, müvafiq infrastrukturun yaradılması məqsədilə ümumilikdə 22,4 milyon manat vəsait ayrılmışdır.
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Biz bir neçə il bundan əvvəl ənənəvi sahəmiz olan xalçaçılığı sürətlə inkişaf etdirməyə başlamışıq və nəticələr də var. İyirmi xalça fabriki tikilərək istifadəyə verilib. Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. Həm iş yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracyönümlü məhsuldur”.
Bakının Sabunçu rayonundan T.Nəbiyeva bu işin müsbət cəhətlərini qeyd edərək yazır: “Mən ömrümün 58 ilini xalça toxumağa həsr etmişəm. Sovet dövründə Nardaran qəsəbəsində qaranlıq, heç bir şəraiti olmayan emalatxanalarda xalça toxuyurduq. Əziz Prezidentim, Siz mənim kimi yüzlərlə qocaman xalçaçının arzularını reallığa çevirdiniz. Ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən xalça emalatxanaları yaratdınız, “Xalçaçı günü” peşə bayramını təsis etdiniz, xalçaçıları müxtəlif fəxri adlarla və medallarla mükafatlandırdınız. Azərbaycan xalçaçılığı və xalçaçıları Sizin sayənizdə ikinci həyatını yaşayır. İki yüzə yaxın toxucunun yaşadığı Nardaranda xalça emalatxanasının tikilməsi qəsəbə sakinləri üçün olduqca əhəmiyyətli hadisədir”.
Lənkərandan İ.Əliyevanın, Ağdamdan A.Mehdiyevanın, İsmayıllıdan H.Əsədovun, S.Hacıyevanın, Kürdəmirdən Z.Eyyubovanın, Qazaxdan T.İbrahimova və Ə.Namazovanın, Qobustandan T.Güləliyeva, S.Mehralıyeva və Z.Şərifovanın, Qubadan R.Baxışovanın və digər şəhər və rayonlardan olan vətəndaşların məktubları da bu qəbildəndir.
Vətəndaşlar dövlətimizin başçısının həssas münasibətini, diqqət və qayğısını ölkəmizdə baş verən təbii fəlakətlər zamanı xüsusilə hiss edir, yaranmış ciddi problemlərin operativ həll olunmasından və dəymiş ziyanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımların atılmasından razı qaldıqlarını bildirirlər. Ötən il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Göyçay çayı üzərində yerləşən körpü dağılaraq yararsız vəziyyətə düşmüş, 30-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Ölkə başçısının məsələyə operativ reaksiyası və imzaladığı müvafiq sərəncamı əsasında körpü qısa müddətdə bərpa edildi və rayonda həyat yenidən öz axarına düşdü. Göyçaydan daxil olan məktubda A.Salahov və başqaları yazırlar: “Rayonumuz üçün böyük strateji əhəmiyyətə malik körpünün qısa müddət ərzində bərpa edilməsinə görə bütün rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”. Lerikin Vizəzəmin kəndindən İ.Rəhimov, Şamaxının Meysəri kəndindən V.Həsənova isə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərinin əvəzində onlar üçün yeni evlərin tikilməsinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edirlər.
Xarici ölkələrdə yaşayan həmvətənlərimiz – Türkiyənin Ankara şəhərindən E.Kərimova, İstanbul şəhərindən Z.Quliyev, Fransanın Mets şəhərindən İ.Səmədov, Ukraynanın Kiyev şəhərindən F.Turanlı, Macarıstanın Peç şəhərindən C.Əhmədov və digər ölkələrdən olan soydaşlarımız öz minnətdarlıq məktublarında cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadi, siyasi və beynəlxalq münasibətlərini, xarici əlaqələrini gücləndirdiyini, dünya dövlətləri arasında layiqli yer tutduğunu və tanındığını xüsusi vurğulayır, bütün bunlarla fəxr etdiklərini yazırlar.
Fransanın Mets şəhərindən İ.Səmədov yazır: “İqtisadi böhranın insanları çıxılmaz vəziyyətə saldığı, silsilə terrorların yaşandığı bir dünyada sülh və əmin-amanlığın bərqərar olduğu, təhlükəsiz və tolerant kiçik bir dünya qurmağa müvəffəq olmuşuq. Bu, gələcək nəsillərə qürurla və alnıaçıq ötürəcəyimiz Azərbaycanımızdır. Ölkəmizin hüdudlarından kənarda bütün bunlar daha aydın görünür və qürur doğurur”.
Vətənimiz Azərbaycanın mədəniyyəti, tarixi ənənələri və hazırkı vəziyyəti xarici ölkə vətəndaşlarının da diqqətini cəlb edir, onlarda Azərbaycan haqqında xoş təəssürat oyadır. Ölkəmizə tez-tez səfər edən Rusiya Federasiyasının Krasnodar vilayətinin Kropotkin şəhərindən Raisa Turova yazır: “Azərbaycanda keçirdiyim illər yaddaşımda əbədi qalacaqdır. Mən oranın təbiətini, insanlarını, mətbəxini, mədəniyyətini çox sevirəm. Qohumlarım hazırda Bakıda yaşayır. Mən onlara qonaq gedəndə paytaxtı gəzir, həmçinin Gəncəyə də baş çəkirəm. Səyahət zamanı gördüyüm əla yollar, təmizlik, abadlıq işləri, yaxşı münasibət qəlbimi fəth edir”.
Minnətdarlıq məktublarının bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladıqları müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədardır. Bu məktublarda vətəndaşlar əsasən ictimai əhəmiyyət daşıyan məsələlərin və sosial-iqtisadi problemlərin həllinə görə sevinclərini bölüşürlər.
Məsələn, Binəqədidən E.Əliyeva əlillik dərəcəsinin təyin edilməsinə, Nəsimidən O.Əliyev və başqaları ərazidə normalara uyğun gəlməyən tikinti işlərinin dayandırılmasına, Nizaminin Keşlə qəsəbəsindən M.Kərimov yaşadığı küçəyə asfalt çəkilməsinə, Yasamaldan Y.Abdullayev yaşadığı binada istiliyin bərpa olunmasına, Mingəçevirdən İ.Əbdülrəhimov icbari sığorta əsasında əməliyyat edilməsinə, Yevlaxın Aşağı Qarxun kəndindən M.Kərimov və Z.Davidov taxıl sahəsini biçmək üçün kombayn ayrılmasına, Abşeronun Mehdiabad qəsəbəsindən Z.Yaqubova ünvanlı sosial yardıma, Cəbrayıldan İkinci Dünya müharibəsi veteranı 100 yaşlı F.Əliyev və Füzulidən məcburi köçkün V.Mehdiyeva mənzillə təmin edilməsinə, Hacıqabulun Kolanı kəndindən R.İbrahimov və Ə.Səmədov örüş sahəsi ilə bağlı problemin yoluna qoyulmasına, Xaçmazdan Ə.Siraçov həyat yoldaşının müayinə və müalicə olunmasına, Saatlının Qıraqlı kəndindən G.Ağayeva pambıq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsinə, Salyanın Qarabağlı kəndindən C.Xıdırov yaşadıqları ərazidə aşmaq təhlükəsi olan elektrik dirəklərinin dəyişdirilməsinə, Şabrandan N.Əfəndiyev və Ucarın Qaradağlı kəndindən V.Abdullayev suvarma suyu ilə bağlı problemlərinin həll edilməsinə, Zərdabdan evdar qadın Ş.İsgəndərova I qrup əlil övladına əlil arabasının verilməsinə, digər şəhər və rayonlardan olan sakinlər sosial problemlərinin həllinə görə ölkə başçısına təşəkkür edirlər.
Müsbət həll olunan müraciətlər arasında vətəndaşların məşğulluğunun təmin edilməsi və onların əmək hüquqlarının qorunması barədə müraciətlər önəmli yer tutur. Sabunçunun Bakıxanov qəsəbəsindən R.Xankişiyev, Gəncədən Qarabağ müharibəsi veteranı Ş.Abdullayev, Mingəçevirdən A.Budaqov, Şirvandan Z.Həsənov, Ağdamdan məcburi köçkün F.Orucova, Lerikin Züvüc kəndindən Ə.Şəfiyeva və Cəngəmiran kəndindən Ç.Əhədova özlərinin və ya ailə üzvlərinin işlə təmin olunmasına, Balakəndə məskunlaşmış Xocalıdan məcburi köçkün R.Məmmədov əvvəlki işinə bərpa edilməsinə görə razılıqlarını bildirirlər.
Bundan başqa, Xətainin Əhmədli qəsəbəsindən Raisa Kender, Nərimanovdan Z.Məmmədhüseynova, Nəsimidən İsa və Natəvan Musayevlər, Səbailin Badamdar qəsəbəsindən G.Şərifova, Yasamaldan Z.Məmmədova, Gəncədən M.Hüseynova, Lənkəranın Şovu kəndindən Q.Əliyev, Sumqayıtdan X.Axundova, Şəkidən Ə.Yunusov, Yevlaxın Ərəş kəndindən F.Səlimzadə, Abşeronun Xırdalan şəhərindən Ş.Salmanov, Ağcabədidən R.Abdullayev, Ağsudan Z.Məmmədov, Astaradan R.Qafarova, Bərdənin Gərənə kəndindən E.Aydınova, Lənbəran kəndindən F.Hüseynov, Biləsuvardan M.Həsənov, Cəlilabadın Soyuqbulaq kəndindən T.Ağamalıyev, A.İsmayılov, Q.Məmmədov və başqaları, Gədəbəyin Qoşabulaq kəndindən İ.Zeynalova, Goranboyun Əhmədabad kəndindən şəhid anası Z.Kərimova, Hacıqabuldan N.Bəşirova, Xaçmazdan Ş.Tağıyev, Kəlbəcərdən məcburi köçkün A.Bayramova, Kürdəmirin Xırdapay kəndindən E.Ağalı, Qubadan U.Ağabalayeva, Sabirabadın Ulacalı kəndindən S.İsmayılov, Şamaxıdan M.Məmmədova, Tovuzun Dondar Quşçu kəndindən M.Ayvazov, həmçinin digər şəhər və rayonlardan olan vətəndaşlar problemləri ilə bağlı müraciətlərinə vaxtında baxılaraq müvafiq tədbirlər görülməsindən razılıqlarını ifadə edirlər.
Müraciətlərin bir qismində isə vətəndaşlar aidiyyəti dövlət qurumlarına ünvanladıqları müraciətlərə, həmçinin yerlərdə keçirilən qəbullar zamanı qaldırılan məsələlərə daha diqqətlə yanaşılmasından, bu sahədə nəzərəçarpan böyük irəliləyişdən razılıq bildirir, bunun əsasında dövlətimizin başçısının insan amilinə verdiyi önəmin, məmurlar qarşısında qoyduğu tələblərin və verdiyi tapşırıqların dayandığını xüsusi qeyd edirlər. Daşkəsənin Kollu kəndindən T.İmanovun, Xaçmazın Xudat şəhərindən İ.Haqverdiyevin, Qəbələnin Abrıx kəndindən R.Mehdiyevin, digər şəhər və rayonlardan başqa şəxslərin məktublarını buna misal göstərmək olar.
Minnətdarlıq məktublarının çoxluğu və coğrafiyasının genişliyi, orada əksini tapan məsələlərin müxtəlifliyi görülən işlərin həcmindən və miqyasından xəbər verir. Hansı məsələni və regionu təmsil etməsindən asılı olmayaraq, həmin məktubların əksəriyyətində vətəndaşlar öz ölkəsi və onun rəhbəri ilə fəxr etdiklərini xüsusi vurğulayırlar. Gəncə şəhərindən Əməkdar idman ustası H.Nəzərəliyevin məktubunda yer alan sözlər ölkəmizin keçmişini və bu gününü müqayisə etmək, görülən işlərə əsl qiymət vermək baxımından çox səciyyəvidir. O, Prezident İlham Əliyevə müraciətlə yazır: “Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev əgər dağılan, parçalanan dövlətimizə qurtuluş, xalqımıza yüksəliş bəxş etmişdisə, Siz tarixin ən qüdrətli Azərbaycanını yaratmısınız”.
(Ardı var)
Süleyman İsmayılov,
Azərbaycan Prezidenti Administrasiyasının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri