...

Gəncədə təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib (FOTO)

Siyasət Materials 28 Fevral 2019 17:48 (UTC +04:00)
Bu gün Gəncədə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional keçirilib.
Gəncədə təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Gəncədə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Gəncə şəhər İcra Hakimiyyəti və "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin büstü önünə əklil qoyub, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, hər bir ölkənin inkişafında təhlükəsizlik, sabitlik çox mühüm rol oynayır: "Sabitliyin, təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına çox böyük töhfə verən amillərdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətində öz tarixinin şərəfli səhifələrini yazır, vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmət göstərir".

N.Bayramov 100 illik yubiley münasibətilə təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.

DTX-nin Gəncə Şəhər İdarəsinin rəisi Əli Əliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda öz inkişafında yeni mərhələyə qədəm qoyub. DTX-nin keçdiyi tarixi yola nəzər salan Ə.Əliyev qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür.

Tədbirdə çıxış edən "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov isə bildirib ki, Azərbaycanın təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər ölkənin bir çox şəhər və rayonlarını əhatə edir. Bu tədbirlərin keçirilməsinin mahiyyətindən danışan Ş.Süleymanov qeyd edib ki, əsas məqsəd bölgələrdə görüşlər təşkil etmək, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti barədə gənc nəsli məlumatlandırmaqdır.

O, ölkənin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən də söz açıb, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Həyat çox qəribədir, qəlizdir, amma mənim üçün həm də uğurlu olub. Mən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. 36 illik fəaliyyətimi ulu öndərin məsləhətləri üzərində qurdum”.

Ş.Süleymanov deyib ki, Heydər Əliyev öz sadəliyi ilə seçilən şəxsiyyət idi: “Mənə Heydər Əliyev kimi bir şəxsiyyətin rəhbərlik etdiyi təhlükəsizlik xidmətində çalışmaq nəsib olub. Heydər Əliyev Azərbaycanın belə bir fədakarlıq məktəbinin əsasını qoyub. Mən də bu fədakarlıq məktəbinin bir iştirakçısıyam. Heydər Əliyev Azərbaycan xüsusi xidmət orqanlarında milli kadrların yetişdirilməsi, təhlükəsizlik xidməti orqanının milliləşdirilməsi üçün əlindən gələni edirdi. Heydər Əliyev işini, peşəsini sevən, gördüyü işlərin nəticəsindən zövq alan şəxsiyyət idi. Ulu öndər kadrların təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün yetişməsinə də çalışırdı. O, bütün sahələrlə maraqlanır, Azərbaycanın, Azərbaycan xalqının inkişafı üçün əlindən gələni edirdi. Heydər Əliyev xüsusi xidmət orqanlarının nəhəngləri ilə bir sırada dayanırdı. Ümummilli liderin apardığı əməliyyatlar o vaxt bütün sovet ölkələrində birinci qəbul edilən əməliyyatlardan idi”.

Sonra çıxış edən Müharibə və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Yusif Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyev dünyanın çox böyük şəxsiyyətlərindəndir: “Heydər Əliyev Azərbaycanın xüsusi xidmət orqanlarının inkişafı üçün misilsiz xidmətlər göstərib. Bu gün Azərbaycan xüsusi xidmət orqanı əməkdaşlarının yetişdirilməsi Heydər Əliyevin səyi nəticəsində olub. Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti 1953-cü ilə qədər çox acınacaqlı olub. O vaxt Heydər Əliyevin işi də həddindən artıq ağır idi. Həmin vaxt təhlükəsizlik xidmətində rəhbər vəzifədə ermənilər və ruslar idi. Heydər Əliyevin xüsusi xidmət orqanlarında şöbə rəisi vəzifəsinə gəlməsi Azərbaycan milləti üçün böyük dönüş oldu. Belə ki, Heydər Əliyev qısa müddətdə xüsusi xidmət orqanlarına azərbaycanlıların gətirilməsinə nail oldu”.

Y.Məmmədov qeyd edib ki, əfsanəvi azərbaycanlı kəşfiyyatçı Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adı almasında da Heydər Əliyevin xüsusi rolu olub: “O vaxt Heydər Əliyev Mehdi Hüseynzadə ilə bağlı bütün arxiv sənədlərini çıxarıb və onun həyatını araşdırıb. Məlum olub ki, əks-kəşfiyyatçı olan Mehdi Hüseynzadə Sovet İttifaqı üçün böyük qəhrəmanlıqlar göstərib. Məhz Heydər Əliyevin araşdırmalarından sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildib”.

O vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də Azərbaycanda sabitlik yaradıb, ölkənin hərtərəfli inkişafına nail olub: “Bütün bunlara görə biz bu gün hamımız Heydər Əliyevə minnətdarıq”.

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin şəxşi nişanı və "Fəxri fərman"ı ilə təltif edilib.

Tədbirdə, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai həyatında və təhlükəsizliyinin təmin edilməsində fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə Şəhər İdarəsinin bir qrup əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyətinin “Fəxri fərman”ına layiq görülüb.

Daha sonra ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti