...

Çilidə 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edilib (FOTO)

Siyasət Materials 20 May 2019 10:57 (UTC +04:00)
Çilidə 28 May - Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil edilib
Çilidə 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Çili Respublikasındakı Diplomatik Missiyasının təşkilatçılığı ilə 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Çilinin Santiaqo şəhərində rəsmi qəbul təşkil edilib.

Trend-in məlumatına görə, tədbirdə Çili Respublikasının dövlət və hökumət nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi və Nazirliyin bir çox rəsmiləri, Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri senator Fransisko Çauan, Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri və Azərbaycanla dostluq qrupunun üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 101-ci ildönümünün və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd olunduğunu bildirib və Demokratik Respublikanın mövcud olduğu qısa müddətdə gördüyü tarixi əhəmiyyətli tədbirlərdən bəhs edib. 1991-ci ildə müstəqilliyinin bərpasından sonra ölkəmizin üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticədə Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayon olmaqla ərazisinin 20 faizinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və bildirilib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir.

Səfir Rəşad Aslanov Azərbaycanın əldə etdiyi hərtərəfli inkişafdan bəhs edərək, ölkəmizin təşəbbüskarı və iştirakı ilə həyata keçirilən uğurlu beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri barədə danışıb.

Azərbaycan və Çili arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir, ötən il Çilinin Bakıda diplomatik nümayəndəliyinin təsis edilməsinin, bu yaxınlarda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin Çiliyə ilk rəsmi səfərinin bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərimizin tarixinə mühüm əhəmiyyətli hadisələr olaraq düşdüyünü bildirib.

Tədbir zamanı Azərbaycan haqqında video nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti