...

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır

Siyasət Materials 9 İyul 2019 18:02 (UTC +04:00)
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır.
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır

Bakı. Trend:

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli cənab Prezident, əziz qonaqlar, xanımlar və cənablar. İlk növbədə, mən bir daha Avropa İttifaqı Şurasının Prezidenti cənab Donald Tusku Azərbaycanda salamlamaq istərdim. Bu, cənab Prezidentin ölkəmizə ilk səfəri deyil, Avropa İttifaqı Şurasının Prezidenti qismində ikinci səfəridir. Mən dəfələrlə Brüsseldə səfərdə olmuşam. Beləliklə, bu, bizim çox fəal siyasi dialoq apardığımızı göstərir. Cənab Prezidentin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var.

Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq".

Prezident İlham Əliyev deyib ki, ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu:

"Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Bu gün Cənab Prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir.

Bu gün biz, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir:

"Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq.

Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.

Cənab Prezident, bir daha xoş gəlmisiniz. Bu gün bizimlə olduğunuza görə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti