...

Hindistanın Baş Naziri dünya ölkələrindəki səfirlik və ali komissarlıqların rəhbərləri ilə video-konfrans keçirib

Siyasət Materials 31 Mart 2020 12:10 (UTC +04:00)
Hindistanın Baş Naziri dünya ölkələrindəki səfirlik və ali komissarlıqların rəhbərləri ilə video-konfrans keçirib

Bakı. Trend:

Baş Nazir cənab Narendra Modi dünən saat 17:00-da Hindistanın dünya ölkələrindəki səfirlik və ali komissarlıqlarının rəhbərləri ilə video-konfrans keçirdi. Dünya ölkələrindəki Hindistan nümayəndəlikləri üçün ilk dəfə keçirilən bu video-konfrans, qlobal koronavirus (COVİD-19) pandemiyasına qarşı atılan addımları müzakirə etmək üçün çağırıldı.

Trend-in məlumatına görə, Baş Nazir qeyd etdi ki, fövqəladə hallar fövqəladə həllər tələb edir, məhz bu səbəbdən qloballaşma əsrində belə dünyanın əksər hissəsi özünü təcrid etmişdir. Bu pandemiya ilə mübarizə üçün labüd bir addım idi, lakin bu həmçinin qloballaşan sistemin bağlanması səbəbindən beynəlxalq nəqliyyat, maliyyə bazarları və qlobal iqtisadiyyat üzərində geniş və uzaq nəticələr doğuran təsiri olan hədsiz fəsadları yaradan bir addım idi.

Baş Nazir Hindistanın, infeksiyanın ölkəyə gətirilməsi riskinin azaldılması və daha sonra geniş yayılmasının qarşısının alınması üçün bu ilin yanvar ayının ortalarından etibarən pandemiya əleyhinə erkən və misli görünməmiş addımların atıldığını bildirdi. Buna həmçinin, Hindistanda dünyadakı ən böyük karantinin tətbiq edilməsi daxildir.
Baş Nazir böhranın bəzi mərkəz hissələrində qalan Hindistanlıların təxliyyə edilməsində nümayəndəlik rəhbərlərinin göstərdikləri səyləri təqdir etdiyini bildirdi. O həmçinin, nümayəndəlik rəhbərlərini beş xüsusi məram üzrə addımlar atmağa çağırdı.

1. Özlərinin, komandalarının və ailələrinin sağlamlıq və təhlükəsizliyini təmin etmək;

2. Hal-hazırda davam edən beynəlxalq səyahət məhdudiyyətlərinin qeyri-müəyyənliyini nəzərə alaraq müxtəlif xarici ölkələrdə qalan Hindistanlıların qayğısına qalmaq. O, Hindistan nümayəndəliklərinin rəhbərlərini xaricdə qalan həmvətənlərinin əhval-ruhiyyəsini yüksək saxlamaqda və xaricdə planlanlaşdırılmamış qalmaqlarından yaranan problemləri ev sahibi Hökümətlərlə həll etməkdə onlara köməklik göstərməyə və həmçinin, Hindistanlıların üzləşə biləcəyi, zəruri və mümkün olduğu halda sığınacağın təşkil edilməsi də daxil olmaqla digər məsələləri həll etməkdə onlara kömək etməyə çağırdı;

3. Ayıq-sayıq olmaq və Hindistanın koronavirus (COVİD-19) əleyhinə mübarizəsi üçün akkreditasiya olunduqları ölkələrdə ən yaxşı təcrübələri, yenilikləri və tibbi avadanlıqların əldə olunması üçün elmi nailiyyətləri və mənbələri müəyyənləşdirmək. O həmçinin, xaricdən ianələrin toplanılmasını səfərbər etmək üçün nümayəndəlik rəhbərlərinə yeni yaradılmış Baş Nazir-Qayğı Fonduna dair təbliğat aparmağı tövsiyə etdi.

4. Bu böhran həmçinin iqtisadiyyata təsir etdiyi üçün, Baş Nazir nümayəndəlik rəhbərlərinə tövsiyyə etdi ki, xarici ticarət tərəfdaşları ilə əlaqə yaradaraq zəruri tədarüklər, logistika zəncirləri, pul köçürmələri və sair kimi ticarətin təmin edilməsinə diqqət yetirilsin.

5. Xüsusilə də koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar formalaşan beynəlxalq siyasi və iqtisadi vəziyyətə diqqət yetirməyə davam etmək.

Buna cavab olaraq Pekin, Vaşinqton, Tehran, Roma, Berlin, Katmandu, Əbu-Dabi, Kabil, Male və Seuldakı on nüməyəndəlik rəhbəri, Baş Nazirə və auditoriyaya öz təkliflərini irəli sürdülər. Onlar həmçinin Hindistanın bu pandemiya ilə mübarizədə həyata keçirdiyi qətiyyətli tədbirlərin qəbul olunması ilə əlaqədar öz fikirlərini bölüşdülər.
Nümayəndəlik rəhbərləri xarici ölkəni tərk edə bilməyən hindistanlılara, xüsusən tələbələrə və işçilərə kömək etmək istiqamətində edilən təşəbbüsləri nəzərə çatdırdılar. Onlar həmçinin Hindistanda bu pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərə kömək edə biləcək dərman, tibbi avadanlıqlar, texnologiya, araşdırma və digər bu kimi işlərin müəyyənləşdirilməsi ilə bağlı edilən cəhdlər barədə məruzə etdilər. Nümayəndəlik rəhbərləri eləcə də digər ölkələrdə COVID-19-a qarşı həyata keçirilən qlobal mübarizədə əldə etdikləri bilik və ən yaxşı təcrübələr barədə məlumat verdilər. Nümayəndəlik rəhbərləri Hindistanın təşəbbüsü ilə Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr üçün COVID-19 pandemiyası ilə mübarizə aparmaq naminə yaradılan xüsusi fonddan istifadəsinə imkan yaradaraq qonşu ölkələrə köməklik göstərən tədbirləri qeyd etdilər. Nümayəndəlik rəhbərləri Baş Nazirə etdiyi rəhbərlik və ruh yüksəkliyinə görə öz minnətdarlıqlarını bildirdilər.

Sonda Baş Nazir Hindistanın xaricdəki nümayəndəliklərinin evdən çox uzaqda olmalarına baxmayaraq, Hindistanın COVID-19 pandemiyası ilə mübarizəsində fəal iştirak etdiklərini vurğuladı. O, bütün hindistanlıların birliyi və ehtiyatlılığının millətin gələcəyini qorumağa kömək edəcəyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti