...

Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu

Siyasət Materials 14 İyul 2020 20:00 (UTC +04:00)
Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu

Bakı. Trend:

Bu gün Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) IX Qurultayı keçirilib.

Trend-in məlumatına görə, onlayn videokonferans şəklində keçirilən Qurultayda Partiyanın birinci müavini Əsli Kazımova hesabat xarakterli çıxış edərək, partiyanın ölkədəki ictimai-siyasi həyatındakı rolundan danışıb.

Çıxışına başlamazdan öncə Əsli Kazımova cəbhə bölgəsində Ermənistan təxribatı zamanı həlak olan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyərək, Şəhid analarına və atalarına öz dərin kədərini və hörmətini çatdırıb. Əsli Kazımova Azərbaycan xalqına çağırış edərək, bu ağır məqamda həmrəy olmağa səsləyib.

Daha sonra Əsli Kazımova ölkədə aparılan köklü islahatlardan bəhs edərək, Cənab Prezidentin tövsiyyəsi ilə xüsusi olaraq, “Siyasi partiyalar” qanunvericilik hakimiyyəti ilə əlaqədar yeni şöbənin yaradılmasının birmənalı olaraq, köklü kadr və siyasi islahatların məntiqi davamı hesab etdiyini bildirib. Əsli Kazımova eyni zamanda Prezident Administrasiyasının yeni yaradılmış Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş üzrə şöbəsinin rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən 50 yə yaxın partiya rəhbəri ilə görüşlərin keçirilməsinin, birmənalı olaraq iqtidarın müxalif partiyalarla demokratikləşmə yolunda dialoqların həyata keçirilməsinin ölkədə siyasi sabitliyin qorunması adına böyük tövhə verəcəyindən bəhs edib.

Sonra qurultayda online iştirak edən qonaqlar çıxış ediblər. Qurultayda partiyanın sədri, müavinləri, Ali Məclisi, Mərkəzi Nəzarət və Təftiş Komissiyasının tərkibi seçilib.

I, II, III, IV və V çağırış millət vəkili olmuş, UNEC professoru Xanhüseyn Kazımlı çıxış edərək, Partiyanın bu günə qədər gördüyü işlərdən, əldə etdiyi uğurlardan bəhs edərək, estafeti gənclərə həvalə etdiyini qeyd edib.

Əsli Kazımova onlayn açıq səsvermə yolu ilə partiyanın sədri seçilib. ASRP-nın qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərinə dair çıxış edən Əsli Kazımova COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri proqramı çərçivəsində Cənab İlham Əliyevin ölkədə sabitliyin qorunması və təhlükəsizliyi adına verdiyi bütün qərarların Azərbaycan Sosial Rifah Partiyası tərəfindən dəstəkləndiyini vurğulayıb.

Sonra qurultayda 2020-ci ilin 9 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə MSK tərəfindən ədalətli qərarların verilməsindən bəhs edilərək, Cənab Prezident İlham Əliyevin ölkədə demokratik əsaslara dayanan islahatların keçirilməsini ASRP-nin yüksək qiymətləndirdiyini bildirib.

Daha sonra Qurultay COVİD-19 pandemiyasına qarşı ölkədə dövlət tərəfindən aparılan mübarizə proqramının partiyamız tərəfindən bundan sonra da, dəstəklənməsi haqda təklif irəli sürülüb. Partiyanın yeni sədrinin irəli sürdüyü bu təklif səsvermə nəticəsində qurultay tərəfindən qəbul olunub.

Qeyd edək ki, Əsli Kazımova Azərbaycan Sosial Rifah Partiyasının sədri olmaqla, Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında ilk qadın sədrdir.

Xatırladaq ki, dünyada vüsət edən pandemiya və ölkədəki vəziyyətlə bağlı geniş tərkibli müzakirələrin aparılması məqsədi onlayn telekonferans şəklində partiya qurultayının keçirilməsi fikri ilk olaraq, ASRP sədri Əsli Kazımova tərəfindən irəli sürülmüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti