...

Prezident İlham Əliyev yeni icra başçılarına: Siz sahibkarlara dəstək olmalısınız

Siyasət Materials 24 Avqust 2020 14:16 (UTC +04:00)
Prezident İlham Əliyev yeni icra başçılarına: Siz sahibkarlara dəstək olmalısınız

Bakı. Trend:

Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülmür, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaratmışdır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar var. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni, bu, onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, eyni zamanda, dövlət orqanları üçün də nəzarət mexanizmi təkmilləşib. Çünki bu da olmalıdır. Bildiyiniz kimi, fermerlərə böyük həcmdə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır.

Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və siz də sahibkarlara dəstək olmalısınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti