...

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Sentyabr 2020 17:27 (UTC +04:00)
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar ki, bundan başqa dövlətlər də faydalana bilərlər. Regionda sülhün bərqərar olması isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasıdır.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxışı zamanı bildirib.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatı ilə bağlı suala cavabında Hikmət Hacıyev bunun məqsədli şəkildə törədildiyini, Azərbaycan-Türkiyə qardaşlığının, birgə əzmimizin bu planın qarşısını aldığını bildirib. “İyulun 12-də Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində Azərbaycana qarşı növbəti təxribat törədildi. Bu, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttindən 300 kilometr aralıda baş verən hadisə idi. Hadisənin nədən məhz Tovuzda baş verməsi ilə bağlı sual yaranır. Bunun bir neçə strateji səbəbi var idi. İlk növbədə, Ermənistanın məqsədi Azərbaycanın şərq-qərb platformasına, bizim qardaş Türkiyə ilə birgə həyata keçirdiyimiz TANAP və TAP kimi layihələrimizə bir təhlükə yaratmaq idi. Hədəflərin əsasında ərazi əldə etmək və həmin ərazidə nəzarəti ələ keçirmək də var idi. Eyni zamanda, Ermənistan Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmağa çalışırdı. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü otuz ildən çoxdur davam edir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə birgə ətraf yeddi rayonu otuz ildir işğal altındadır. Həmin ərazilərdə etnik təmizləmə həyata keçirilib. Ermənistan tərəfindən beynəlxalq hüququn bütün norma və prinsipləri, BMT-nin Nizamnaməsi pozularaq Azərbaycana qarşı bu kimi əməllər törədilib. Bu azmış kimi, Ermənistan Azərbaycanla sərhəddə də təxribat törətdi”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Ermənistan tərəfindən hər zaman təxribatın törədiləcəyinin gözlənildiyini qeyd edən Hikmət Hacıyev deyib ki, Tovuz hadisələrindən sonra Ermənistanın sistemli şəkildə silahlanması davam edir. Ermənistana 500 tondan artıq silah-sursat daşınıb. Bu silah-sursatın nə məqsədlə daşınmasına dair sualımıza biz hələ də cavabımızı ala bilməmişik. Bunu da açıq deməliyik ki, Rusiyanın Təhlükəsizlik Nazirliyi və digər aidiyyəti rəsmi orqanların qarşısında da bu məsələni qaldırmışıq. Lakin cavab ala bilməmişik.

Son zamanlar erməni diaspor təşkilatlarının qardaş Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı qaralama işi apardığını deyən Prezidentin köməkçisi onların bu məqsədlərinə nail ola bilmədiklərini qeyd edib: “Bizim birgə fəaliyyətimiz, həmçinin qardaş Türkiyə ilə media sahəsində əməkdaşlığımız onların bu kimi çirkin təbliğatlarının qarşısını aldı. Beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar verdilər. Dünya media müstəvisində də Azərbaycanın haqq səsi eşidildi. Bu da onu göstərir ki, biz qardaş ölkələr olaraq birlikdə hərəkət edərək doğruları beynəlxalq təşkilatlara daha aktiv şəkildə çatdırmalıyıq”.

Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri barədə danışan Hikmət Hacıyev bu təlimlərin illik plana uyğun olaraq həyata keçirildiyini, hərbi təcrübə baxımından çox faydalı olduğunu, eyni zamanda, bu təlimlərin bölgədə sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət etdiyini bildirib. Türkiyə əsgərlərinin Azərbaycana gəlməsini yüksək qiymətləndirən Hikmət Hacıyev bunu 1918-ci il hadisələrində göstərilən qardaş dəstəyi ilə müqayisə edib: “Biz Türkiyə əsgərinin Azərbaycanda və ya Azərbaycan əsgərinin Türkiyədə olması ilə bağlı sərhəd qoymuruq. Çünki hər ikisi eyni vətəndir, biz bir millət, iki dövlətik. Lazım olan anda, lazimi yerdə bir-birimizə dəstək veririk. Xarici siyasətdə olduğu kimi, bu mövzularda da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Azərbaycanın Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı da Türkiyəyə dəstəyini vurğulamaq istəyirəm. Azərbaycan hər zaman tərəddüd etmədən qardaş Türkiyənin yanındadır və bunu Prezidentimiz İlham Əliyev də qeyd etdi. Türkiyənin bu günlər regional, beynəlxalq müstəvidə milli maraqları, xalqının mənafeyini nəzərə almaqla apardığı aktiv siyasəti görürük və bununla qürur duyuruq”.

Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz yatağı ilə bağlı fikirlərini bildirən Hikmət Hacıyev bunun Azərbaycanda sevinclə qarşılandığını vurğulayıb.

Aparıcının Ermənistan qadınlarının müharibəyə hazırlanması ilə bağlı sualına cavabında Hikmət Hacıyev bunun Azərbaycanda təəssüflə qarşılandığını, belə bir şeyin Azərbaycan mədəniyyətinə yad olduğunu qeyd edib, eyni zamanda, bunun Ermənistanda insanlar arasında Azərbaycana, o cümlədən türk millətinə qarşı nifrət siyasətinin sübutu olduğunu vurğulayıb: “Biz yenə də Ermənistana və erməni xalqına üz tutaraq XXI əsrdə bu kimi çirkin təbliğatın qurbanı və keçmişin əsiri olmayaraq gələcəyə baxmağı tövsiyə edirik”.

Hazırda Ermənistanda hökm sürən iqtisadi böhranın koronavirus pandemiyası dövründə daha da kəskinləşdiyini deyən Hikmət Hacıyev bildirib ki, istər Aprel döyüşləri, istərsə də Tovuz istiqamətində törədilmiş təxribat bütün dünyaya, o cümlədən Ermənistana göstərdi ki, onların qarşısında artıq peşəkar, güclü Silahlı Qüvvələri, xalqı ilə hökuməti arasında həmrəyliyi olan Azərbaycan var. Ermənistanın atdığı hər səhv addımın çətinlikləri erməni xalqının üzərinə düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti