...

Deputat: Dövrün tələbinə uyğun olaraq islahatların həyata keçirilməsi zərurətə çevrilir

Siyasət Materials 10 Sentyabr 2020 09:34 (UTC +04:00)
Deputat: Dövrün tələbinə uyğun olaraq islahatların həyata keçirilməsi zərurətə çevrilir

Bakı. Elçin Mehdiyev - Trend:

Struktur islahatları, o cümlədən dövlət idarəçiliyinin optimallaşdırılması son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, əlbəttə ki, bu islahatların məqsədi idarəçiliyinin şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğulaşdırılmasıdır:

“Məlumdur ki, Milli Məclis, Prezident Administrasiyası, Nazirlər Kabinetində də mühüm struktur dəyişiklikləri həyata keçirilib və bu islahatlar artıq öz müsbət nəticələrini verir. Həmçinin digər bir çox dövlət qurumlarında, o cümlədən müxtəlif nazirliklərdə, agentliklərdə, yerli icra orqanlarında və digər dövlət müəssisələrində struktur islahatları həyata keçirilib.

Qeyd etməliyəm ki, bütün bu islahatlar əhali, cəmiyyət tərəfindən də alqışlanır və böyük rəğbətlə qarşılanır. Çünki bu islahatların əsas məqsədlərindən biri də dövlət orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, həmçinin bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizədir.

Əlbəttə ki, islahatlar daim davam edir, zamanın, dövrün tələbinə uyğun olaraq müxtəlif sahələrdə islahatların həyata keçirilməsi zərurətə çevrilir. Bu baxımdan hesab edirəm ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək”.

Deputat bildirib ki, islahatlar zamanı kadrların düzgün yerləşdirilməsi də vacib olan məsələlərdən biridir: “Bildiyiniz kimi Prezident İlham Əliyev islahatlar zamanı gənc kadrların önə çəkilməsinə üstünlük verir, onları həm paytaxtda, həm də regionlarda müxtəlif vəzifələrə təyin edir. Əlbəttə ki, gənclərin regionlarda müxtəlif vəzifələrə təyin edilməsi çox müsbət addımdır.

Bu gün belə bir tendensiya var ki, gənclər işləmək üçün daha çox paytaxta can atır və yaxud regionlarda bir müddət çalışıb təcrübə yığdıqdan sonra özünə Bakıda iş axtarmağa başlayır. Hesab edirəm ki, gənclərin regionlarda qalıb işləməsini stumallaşdırmaq məqsədəuyğundur. Bu baxımdan düşünürəm ki, regionlarda işləyib təcrübə qazanmış gənc kadrlar önə çəkilməlidir, onların regionlarda qalıb çalışması üçün lazımi şərait yaradılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti