...

İstanbulda Bakının qurtuluş günü təntənə ilə qeyd edilib (FOTO)

Siyasət Materials 16 Sentyabr 2020 00:41 (UTC +04:00)
İstanbulda Bakının qurtuluş günü təntənə ilə qeyd edilib (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, “102 il əvvəl əbədi əməkdaşlığa atılan qardaşlıq imzası: Bir millət, iki dövlətin hekayəsi” adlı tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Ankaradakı Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

İstanbulun Cəmilə Sultan Qoruğunda baş tutan mərasim pandemiya ilə bağlı sosial məsafənin qorunması qaydalarına uyğun keçirilib. Mərasimdə Türkiyənin Milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Arif Hacıyev, Bakırköy bələdiyyə sədri Bülənt Kərimoğlu, Sariyer bələdiyyə sədri Şükrü Gənc, Şişli bələdiyyə sədri Muammər Kəskin, TADİV-in sədri, Ankaradakı Azərbaycan Evinin rəhbəri Aygün Attar, sabiq millət vəkilləri Hüseyn Kocabıyık, Mətin İşık, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyədə fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, hər iki ölkədən olan ziyalılar və media təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə A.Attar, X.İbrahim, A.Kavaklıoğlu və Ş.Ayrım çıxış ediblər. Bakının işğaldan azad olunmasını tarixin ən böyük zəfərlərindən biri adlandıran natiqlər qədim köklərə bağlı olan qardaşlığımızın bu gün daha yüksək səviyyədə inkişaf etdiyinə, Ermənistanın 12 iyul təxribatları zamanı rəsmi Ankaranın və türk xalqının Azərbaycana dəstək verdiyinə, dövlətlərimiz arasında mövcud olan bu cür münasibətlərin dünyada bənzəri olmadığına diqqəti cəlb edərək Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını vurğulayıblar.

"15 sentyabr – Azərbaycan üçün canlarını, qanlarını qurban edən Qafqaz İslam Ordusu şəhidlərinin hekayəsinin danışıldığı bir tarixdir. Bizə əmanət edilən son dərəcə önəmli bir tarixi, qardaşlığın mirasını yetərincə anlatmağımız lazımdır. Evini, doğulduğu torpağını buraxaraq 1918-ci ildə Bakını qurtarmaq üçün yollara düşən, Bakını xilas edən, bu günləri görməyimiz üçün imkan yaradan insanların, bir millət, iki dövlətin anıldığı bir tarixdir", - deyə A.Attar vurğulayıb.

Təntənəli gecədə “Tovuzdan TurAza“ sənədli filmi nümayiş etdirilib, iki ölkənin milli musiqilərindən ibarət bədii hissə təqdim olunub.

Tədbir Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb. Bu barədə ətraflı məlumatla aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://www.sozcu.com.tr/2020/gundem/bakunun-kurtulusunun-102nci-yil-donumu-istanbulda-kutlandi-6040265/

https://www.yurtgazetesi.com.tr/yasam/tadiv-den-gorkemli-gece-h161795.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti