...

Deputat: Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir

Siyasət Materials 3 Oktyabr 2020 09:37 (UTC +04:00)
Deputat: Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşı davam etdirsinlər. Bu eyni zamanda Azərbaycan əsgərinin əhval-ruhiyyəsinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşməsi, onlar qarşısında çıxış etmələri hərbiçilərimizə diqqət və qayğının ən böyük göstəricisidir:

“Bu gün bütün yaralı hərbçilərimiz və şəhidlərin ailələri dövlətin diqqət və qayğısı ilə tam təmin olunublar. Yaralıların müalicəsi dövlət tərəfindən ən yüksək səviyyədə aparılır. Bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcək. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaq".

C.Məmmədov əlavə edib ki, Azərbaycan anti-terror əməliyyatlarını yalnız bir halda – düşmən qeyri-şərtsiz torpaqlarımız boşaltdığı zaman dayandıra bilər:

"Azərbaycan işğalla heç zaman barışmayacaq. Azərbaycanın tam haqqı var ki, öz torpaqlarını işğaldan azad etsin. Tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycan əsgərinin tərəfindədir.

Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi ki, əgər iyul və avqust aylarında Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq. Təəssüf ki, Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmadı, yeni təxribatlar törətməyə çalışdı və bunun da layiqli cavabını aldı.

Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, erməni xalqı öz rəhbərliyinin çirkin və bədnam əməllərinin girovuna çevrilməməli, öz hökumətini məsuliyyətə cəlb etməlidir. Erməni xalqı öz övladlarını başqa ölkənin torpağına - Azərbaycan torpaqlarına döyüşməyə göndərməməlidir. Erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, yaşayış yerlərini, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək böyük cinayətdir. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal beynəlxalq hüququn normalarına məhəl qoymayan rejim rəhbərlik edib".

Onun sözlərinə görə, bu gün Ermənistan hərbçiləri mülki əhaliyə davamlı atəş açır, evləri dağıdır:

"Bu, erməni vəhşiliyinin ən bariz nümunəsidir. Onlardan fərli olaraq Azərbaycan mülki əhaliyə atəş açmır. Bizim hərbiçilərimizin hədəfi yalnız erməni hərbçiləri və texnikasıdır.

Ermənistandan fərqli olaraq bu gün Azərbaycanın güclü ordusu var. Bu ordu Qarabağı işğaldan azad etməyə tam qadirdir. Yaxın vaxtlarda ordumuz bütün torpaqlarımızı işğaldan azad edərək bayrağımızı Qarabağın ən uca zirvəsinə sancacaq. O gün uzaqda deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti