...

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yaydı

Siyasət Materials 6 Oktyabr 2020 12:11 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yaydı

Bakı. Samir Əli - Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Sədri Tural Hüseynov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrində dinc sakinlərin hədəf alınmasına qarşı etiraz bəyanatı yayıb.

Trend-ə daxil olan bəyanatda bildirilir ki, 30 ildir Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən törədilən ağlasığmaz cinayətlər üçün heç bir hesab sorulmaması təcavüzkarı daha da azğınlaşdırmış və yeni-yeni cinayətlərə sövq etdirmişdir: "Ermənistanın Baş naziri Nikol Paşinyanın dəfələrlə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağa qanunsuz səfərləri, oradan heç bir beynəlxalq hüquqa əsaslanmayan bəyanatları, Azərbaycana qarşı yeni ərazi iddiaları ilə bağlı mütəmadi olaraq səsləndirdiyi məsuliyyətsiz çağırışları, danışıqlardan birtərəfli qaydada boyun qaçırması, həyasızcasına “Qarabağ Ermənistandır və nöqtə” fikrini səsləndirməsi və s. bu kimi qeyri-konstruktiv hərəkətləri qəbuledilməz olmaqla bərabər, həm də münaqişənin sülh yolu həlli üzərindən xətt çəkmiş olub.
İyul ayında Dağlıq Qarabağa aid olmayan ərazidə, Azərbaycanın Ermənistanla sərhədində yerləşən Tovuz istiqamətində həyata keçirdiyi hücum əməliyyatlarının həyata keçirilməsi də planlaşdırılmış təcavüzkar siyasətin məntiqi davamı idi. Ermənistan tərəfinin Azərbaycana qarşı 30 ildir ki, davam edən təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır".
Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük səbr və təmkinlə münaqişənin sülh yolu ilə həll olunması istiqamətində apardığı bütün səylər işğalçının hiyləgər və məkrli fəaliyyəti nəticəsində boşa çıxıb: "Cənab Prezident İlham Əliyev bütün dünya birliyini, beynəlxalq təşkilatları təcavüzkar Ermənistanın yeni ərazilər qəsb etmək arzusu ilə geniş miqyaslı müharibəyə hazırlaşdığını və bu istiqamətdə baş verəcək hadisələrin çox təhlükəli bir məcraya yönələ biləcəyini ciddi arqumentlərlə bəyan etməsinə baxmayaraq, çox təəssüflər olsun ki, yenə də Ermənistanın cinayətkar əməllərinə, təcavüzkar niyyətlərinə qarşı “dur” deyən tapılmadı. Nəticədə isə beynəlxalq ictimaiyyətə məlumdur ki, 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan silahlı qüvvələri vandalizm hərəkətlərinin davamı kimi yenə də birtərəfli qaydada atəşkəs rejimini, o cümlədən beynəlxalq hüququn, Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq əhalinin sıx məskunlaşdığı yaşayış məskənlərini, sosial obyektləri ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə atəşə tutdu.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır".

Komitə sədri qeyd edib ki, Ermənistanın sərhədboyu ərazilərdə törətdiyi təxribatların qarşısını cəsarətlə alan Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları aparır:"Ön cəbhədə ağır məğlubiyyətə düçar olan təcavüzkar həmişə olduğu kimi, yenə də çirkin və iyrənc üsullara əl ataraq, qəsdən və hədəflənmiş şəkildə Tərtər, Ağdam, Füzuli, Beyləqan, Bərdə, Ağcabədi, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutur. Vandalizm hərəkətlərini davam etdirən Ermənistan silahlı qüvvələri, hətta münaqişə zonasından kənarda yerləşən, qədim tarixə malik Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri atıb. Daha sonra isə bu vandalizm hərəkətlərinin davamı kimi Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevir şəhərinə, o cümlədən Xızı və Abşeron bölgəsinə də raket zərbələri endirib.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirir. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olub, mülki evlərə, sosial obyektlərə, tarixi və mədəni abidələrə və inzibati binalara ciddi surətdə ziyan dəyib.

Təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməməsi nəticəsində işğalçı dövlət daha da azğınlaşır, münaqişə zonasını bilərəkdən genişləndirir və insanlıq əleyhinə yeni cinayət əməlləri törətməkdə davam edir.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi olaraq təcili surətdə dünya ictimaiyyətini beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan dövlətindən mülki əhalinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərdən çəkinməklə işğala son qoymasını tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağa çağırırıq".

Xəbər lenti

Xəbər lenti