...

Azərbaycan Prezidenti: İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik

Siyasət Materials 9 Oktyabr 2020 19:57 (UTC +04:00)
Azərbaycan Prezidenti: İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik

Bakı. Trend:

İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik. Bəs nə oldu, Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” o cümlədən işğal edilmiş bütün torpaqları əhatə edir. Bəs gəl müdafiə et bunları. Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, lətifə personajına çevrilib. Açın, sosial şəbəkələrə baxın, lağa qoyurlar, ələ salırlar, lətifələr qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən, bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti