Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk" kanalına müsahibəsində bir çox məsələlərlə bağlı mühüm ismarıclar verdi. Bunların bir qismi yaranmış yeni vəziyyətdə Ermənistan-Azərbaycan münasibətləri və onun gələcək perspektivləri ilə bağlı idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən qalib Lider İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək bildirdi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi əbədi olaraq masa üstündə qala bilməz:
"Bu mövqe Ermənistanı son günlər törətdiyi təxribatlardan çəkinməyə dəvət etməklə bərabər, həm də ona təmkinli, ancaq ciddi xəbərdarlıq idi. Yəni sülhün əksi müharibədir və Azərbaycan buna hazırdır. Yaxşı olar ki, Ermənistan yeni məğlubiyyətə məhkum edilmiş müharibədənsə, inkişaf gətirəcək uzunmüddətli sülhə hazırlaşsın.
İkinci mühüm məsələ Azərbaycan Prezidentinin Qarabağda yaşayan erməni icmasını "yolunu azmış Azərbaycan vətəndaşları adlandırması" oldu və onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasından danışdı. Verilən incə ismarıc o idi ki, Azərbaycan vətəndaşını, yolunu azmış olsa belə, Azərbaycandan qoruyacaq heç bir sülhməramlı missiyaya ehtiyac yoxdur. Bu missiyanı daimi, yaxud uzunmüddətli sayaraq yanlış hesab quranlar belə səhvə yol verməsinlər. Çünki üçtərəfli Bəyanatda hər bir məsələ konkret vaxt göstərilməklə açıq şəkildə qeyd edilib".
Deputatın sözlərinə görə, xüsusi diqqət çəkən üçüncü məsələ ilə əlaqədar obyektiv təsbit və dəyərləndirmə ondan ibarət idi ki, erməni xalqı və hakimiyyəti artıq məğlubiyyəti qəbul edib:
"Bu qənaətin əsas mənbəyi odur ki, 20 iyun seçkilərində emənilərin 54 faizi məğlub ali baş komandanlarına səs verərək onu yenidən lider seçiblər. Bu həqiqətin bir qədər yumşaq ifadəsi odur ki, ermənilər yeni reallığı qəbul edir və sülhə məhkum edildiklərini anlayırlar, ancaq təəssüf ki, yenə də kimlərsə erməniləri özlərinin imperialist məqsədləri naminə yeni avantüraya sürükləmək istəyirlər. Yəni Rusiyanın müdafiə naziri nədənsə yenidən Ermənistan ordusunu silahlandırmaq və komplektləşdirmək barədə fikirlər səsləndirir. Əgər ermənilər yeni vəziyyətlə barışıblarsa və işğal faktının Azərbaycan tərəfindən aradan qaldırılması reallığını qəbul edirlərsə, onda, görəsən,
Ermənistanı niyə zorla Azərbaycana qarşı silahlandırmağa cəhd göstərilir. Məqsəd nədir? Heç kim Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük müharibədə baş verənləri unutmasın. Əgər Rusiyadan Ermənistana 30 ildə milyardlarla dollar dəyərində verilən silahlar hərbi balansı Ermənistanın xeyrinə dəyişə bilmədisə, bu gün o milyardlar hesabına əldə edilən ən müasir silahlar Azərbaycanın Hərbi Qənimətlər Parkında sərgilənirsə, növbəti cəhdin də aqibəti belə olmağa məhkumdur. Əgər belə təxribatlar davam edcəksə, Azərbaycan tərəfi artıq önləyici tədbirlər görəcək.
Qeyd edək ki, belə tədbirlər artıq görülür. Rusiyanın regionda oynadığı rol təbii hesab edilərək, eyni zamanda, 10 noyabr Bəyanatında əksini tapan müddəaların hamısının yerinə yetirilməsinin vacibliyi bir daha xatırladıldı ki, bu da, hər şeydən öncə, sülməramlı missiyanın səlahiyət zonasında olan bütün silahlı qruplaşmaların dərhal Azərbaycan ərazisindən çıxarılması ilə bağlı idi. Növbəti ismarıc da çox konket idi. Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır. Biz ləyaqətli müharibə apardıq və hərbi cinayətə yol vermədik. Azərbaycan sülh istəyir.
Sülhə gedən yol isə Zəngəzur dəhlizindən, silahsızlaşdırılmış, itaətkar və Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə hazır olan, hansısa missiyanın himayəsində yox, Azərbaycan dövlətinin və qanunlarının himayəsində yaşayan erməni icmasından və Ermənistan tərəfindən tanınan Azərbaycan sərhədlərindən keçir!".