...

103 il öncə türk qardaşlarımızın dəstəyi ilə tarixi zəfər yaşadıq - Deputat

Siyasət Materials 15 Sentyabr 2021 17:04 (UTC +04:00)
103 il öncə türk qardaşlarımızın dəstəyi ilə tarixi zəfər yaşadıq - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Bu gün 15 sentyabr Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü xalqımız tərəfindən böyük coşqu ilə qeyd olunur. Çünki 103 il öncə türk qardaşlarımızın dəstəyi ilə belə bir zəfəri yaşadıq.

Bunu Trend-ə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, bu gün də tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir: “Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir”.

Deputat qeyd edib ki, Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək, sözün həqiqi mənasında, qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir: “Bu ilin iyun ayında hər iki ölkənin dövlət başçısı tərəfindən Şuşa Bəyannaməsinin imzalanması isə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin göstəricisi oldu. Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

S.Hüseynova qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi və bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsi Azərbaycanla Türkiyənin münasibətlərində vacib yer tutur: “Bilirsiniz ki, bərpa işlərində Türkiyə şirkətləri fəal iştirak edir. Ölkəmiz işğal altında olan ərazilərini azad etməklə təkcə özü üçün deyil, bütün region üçün yeni inkişaf imkanları yaradıb. Eyni zamanda, Azərbaycanla Türkiyənin hərbi əlaqələri də güclənir. Şuşa Bəyannaməsinin imzalanmasından sonra bir sıra birgə hərbi təlimlər keçirilib ki, bütün bunlar hərbi əlaqələrin güclənməsinin ifadəsidir. Eyni zamanda, bu fakt Türkiyənin bundan sonra da Azərbaycanın yanında olduğunu göstərir.

Digər tərəfdən, hazırda ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin əyani nümunəsidir. Bu kimi faktlar bir daha təsdiqləyir ki, bütün bu addımlar regionda təhlükəsizliyin təmin olunmasına xidmət edir. Eyni zamanda, hər hansı təhdidə qarşı hər üç dövlət bundan sonra da birgə mövqedən çıxış edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti