Bakı. Trend:
Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əslində, danışıqlar və təmaslar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.
Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək".