Bakı. Elçin Mehdiyev – Trend:
2021 il Azərbaycan üçün digər sahələrdə olduğu kimi sosial islahatlar baxımından da uğurlu bir il oldu. 2021-ci ilin 11 ayının yekununa əsasən, pensiyaların orta aylıq məbləği daha 10% artırılaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 9% artırılaraq 358 manata çatrıldı. Eyni zamanda minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata yüksəldi. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumilikdə 800 min işçini əhatə edir.
Milli Məclisin deputatı Soltan Məmmədov Trend-ə açıqlamasında bildirib ki, 2018-2021-ci illərdə sosial təminat, o cümlədən pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərdə 60% artımın qeydə alınması Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsinə nə qədər ciddi önəm verdiyini göstərir. Dövlət büdcəsində bu istiqamətdə xərclərin 6,4 milyard manata çatması Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən bir olduğunu təsdiq edir.
Deputat vurğulayıb ki, son illərdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi, eləcə də pensiya və müavinətlərdə ciddi artım, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, aztəminatlı ailələrə dövlət tərəfindən edilən yardımlar, sosial xidmətlərin şəffaf və operativ mexanizmlərinin yaradılması ölkədə bu sahədə ardıcıl və sistemli islahatların aparıldığını göstərir: "Azərbaycanda şəhid ailələri və müharibə əlillərinə qayğı, onların rifahının yaxşılaşdırılması dövlətin əsas hədəflərindən biridir. 12 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evlər verilib. 7400 müharibə əlili avtomobillə təmin edilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu kateqoriyalardan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulur. Bütün bunlar kifayətə qədər ciddi göstəricilərdir. Hesab edirəm ki, bu rəqəmlər cənab Prezidentin dəfələrlə vurğuladığı "Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır" tezisini bir daha təsdiq edir.
Ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı yeni Fərman və Sərəncamların əhəmiyyətinə toxunan millət vəkili bildirib ki, 2 milyondan çox insanı əhatə edən bu sənədlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına töhfə verəcək: "Mahiyyət etibarilə biz bu yeni Fərman və Sərəncamları Azərbaycanda sosial sahədə aparılan inqilabi islahatların növbəti mərhələsi kimi də qiymətləndirə bilərik. Minimum əməkhaqqının 250 manatdan 300 manata çatdırılması, 732 min şəxsi əhatə edən müvinət və təqaüdlərdə növbəti artımlar, birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə fərman və digər addımlar göstərir ki, Azərbaycan dövləti əhalinin sosial müdafisəinin gücləndirilməsi üçün yaranmış hər bir imkandan istifadə etməyə çalışır", - millət vəkili deyib.
S.Məmmədov sosial sahədə islahatların bunda sonra da davam etdiriləcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət və cəmiyyət arasında həmrəyliyin, qarşılıqlı etimadın ən vacib elementlərindən biri məhz dövlətin hər bir vətəndaşın rifahını təmin etməyə yönəlmiş davamlı təşəbbüsləridir.
Milli Məclisin deputatı Sevinc Hüseynova da Trend-ə açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir.
"Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Son illər ərzində Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib", - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, təkcə son bir neçə ilə nəzər yetirsək, Azərbaycanda sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik.
"Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar isə sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan yeni mərhələsini açdı. Minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb", - deyə deputat vurğulayıb", - deyə deputat vurğulayıb.