...

Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi

Siyasət 18 Yanvar 2022 14:46
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışından sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir.

Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm Yaşat Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti