...

Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək - ŞƏRH

Siyasət Materials 9 Mart 2022 15:00 (UTC +04:00)
Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə növbəti səfəri planlaşdırılır. Bu səfər iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli məclisin deputatı Cavid Osmanov bildirib ki, Azərbaycan və Türkiyə dünyada nümunə göstəriləcək iki qardaş ölkədir.

“Eyni zamanda ötən ilin 15 iyun tarixində Şuşa Bəyannaməsi imzalamaqla qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik rəsmiləşdirildi. Azərbaycan və Türkiyə dövlət başçıları arasında çox sıx münasibətlər mövcuddur və bunun iki ölkə arasında münasibətlərin də ən yüksək səviyyəyə çatmasında mühüm rolu var.

Son zamanlar iki qardaş ölkə arasında çoxlu sayda qarşılıqlı səfərlər həyata keçirilir. Prezident İlham Əliyevin Türkiyəyə planlaşdırılan səfəri isə növbəti bir tarixi hadisədir”, - deyə deputat bildirib.

Politoloq Şəbnəm Həsənova isə Trend-ə açıqlamasında bildirib ki, nəzərə alsaq ki, dost və qardaş dövlət olan Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı ilə əlaqədar olaraq digər dövlət rəhbərləri ilə müzakirələr, danışıqlar aparır, o zaman hal-hazırda hökm sürən siyasi proseslər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri mühüm əhəmiyyət kəsb edir.

“Şuşa Bəyannaməsinin ratifikasiya Azərbaycan dövləti ilə Türkiyə dövlətinin indiki və gələcək addımlarının sinxron şəkildə atılması istiqamətində artıq hüquqi zəminin mövcudluğundan xəbər verir. Əsas odur ki, dövlətlər qədər xalqlar, iki ölkənin cəmiyyəti tərəfindən də bu Bəyannaməyə tam anlam ilə dəstək mövcuddur. Yəni, biz, həqiqətən, təbii müttəfiqik.

Son zamanlar Ermənistandan sülh müqaviləsinin imzalanması ilə bağlı səsləndirilən fikirlər fonunda, düşünürəm ki, Azərbaycan və Türkiyə dövlət başçıları bu məsələni də daha detallı və konkret şəkildə ələ alacaqlar. Çünki digər tərəfdən də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üzərində iş gedir ki, bu məsələ də birmənalı olaraq Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir. İstər Türkiyə, istərsə də Azərbaycanın siyasi proseslərə reaksiyası necə sinxron addımlarla müşahidə və müşaiyət olunursa, qərarlar məsləhətləşmələr aparılaraq verilirsə, eynilə hər iki dövlət də ilkin olaraq regionda sülhün və sabitliyin bərqərar olmasının, dünyada gedən proseslərdə isə beynəlxalq hüququn işlək mexanizmə sahib olmasının tərəfdarıdır”, - deyə politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti