...

Sülh danışıqları Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında aparılır - Sevil Mikayılova

Siyasət Materials 7 Aprel 2022 13:18 (UTC +04:00)
Sülh danışıqları Azərbaycanın müəyyənləşdirdiyi gündəlik əsasında aparılır - Sevil Mikayılova

Bakı. Trend:

Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə baş tutmuş görüş Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində sülh prosesinin başlanğıcı hesab oluna bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı görüşü şərh edərkən deyib.

S.Mikayılovanın sözlərinə görə, görüşün yekun Bəyanatı bir daha göstərdi ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif qəbul edilir və post-münaqişə dövründə danışıqlar əslində Azərbaycanın müəyyənləşdirdiyı gündəlik əsasında aparılır.

“Sülh danışıqlarının Aİ müstəvisində aparılması Ermənistan və Azərbaycan arasında birbaşa təmasları təmin edən yeni danışıqlar mexanizmi və formatı yaradır. Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Şarl Mişel tərəfindən əsası qoyulan Brüssel prosesi öz intensiv dinamikası ilə fərqlənir. Həm Azərbaycana, həm də Ermənistana münasibətdə kifayət qədər qərəzsiz və tərəfsiz mövqe sərgiləyən Aİ-yə hər iki ölkə etimad edir. Məhz belə bir etimad mühitinin olması sülh prosesinin irəliyə aparılması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün möhkəm zəmin yaradır”, - deyə S.Mikayılova vurğulayıb.

Deputat əlavə edib ki, 4 saat yarımdan artıq davam edən Brüssel görüşündə əldə olunan nəticə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanmasına dair dövlət başçılarının xarici işlər nazirlərinə təlimat vermələri ilə bağlı razılaşmadır.

“Bu əməli qərar görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib. Digər vacib məqam isə Birgə Sərhəd Komissiyasının təşkil edilməsi ilə bağlı razılaşmadır. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi daxildir.

30 il davam edən qanlı münaqişənin humanitar fəsadlarının aradan qaldırılması sülh və etimadın təşviq olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Bu mənada Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi ilə bağlı qərarlı olması məmnunluq doğurur”, - deyə deputat qeyd edib.

S.Mikayılovanın sözlərinə görə, Bəyanatda yer alan digər mühüm müddəa nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun bərpası və iqtisadi məşvərət forumu mexanizminin yaradılmasının təsbit olunmasıdır.

“Azərbaycanın ərazi bütövlüyünün bir daha xüsusi vurğulanması və delimitasiya prosesinə başlanması nəticə etibarilə sərhəddə gərginliyin aradan qaldırılmasına aparacaq.

Diqqət çəkən vacib məsələ sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT Minsk qrupunun həmsədrlik institutuna istinadın olmamasıdır. Nə tərəflər, nə prosesdə iştirak edən beynəlxalq təşkilatlar, nə də ATƏT-in özü bu prosesdə onun yerini görür. ATƏT-in Minsk qrupu münaqişənin həllindəki qeyri-effektiv fəaliyyəti açıq şəkildə göstərdi ki, vasitəçilik missiyası bu münaqişələrin çözülməsində lazımsız mexanizmdir. Post-münaqişə dövründə bir neçə yersiz bəyanatı ilə yalnız qıcıq yaradan qrup bu gün münaqişə həll olunduqdan sonra danışıqlar masasından təbii olaraq yoxa çıxdı.

Brüssel görüşü Cənubi Qafqazda sülhyaratma prosesində irəliyə doğru mühüm addımdır, Aİ Prezidenti Şarl Mişelin sözləri ilə desək, “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. Əldə olunmuş nəticələrin əməli işdə həyata keçirilməsi onun səmərəliliyini təsdiqi olacaq”, - deyə millət vəkili əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti