...

Prezident İlham Əliyev: Biz Qarabağdakı ermənilərdən çox müsbət siqnallar alırıq

Siyasət Materials 29 Aprel 2022 11:32 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz Qarabağdakı ermənilərdən çox müsbət siqnallar alırıq

Bakı. Trend:

Biz Qarabağdakı ermənilərdən çox müsbət siqnallar alırıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bizim mövqeyimiz çox aydındır. Mən artıq demişəm ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var və onların bu mənada heç vaxt heç bir problemi olmamışdır. Lakin bunun üçün Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş təbliğata son qoyulmalıdır. Azərbaycanlıları iblisləşdirmək, bizim haqqımızda mifologiyalar yaratmaq sülh işinə xidmət etməyəcək. Müharibədən sonra baş verənlər onu göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Biz sülh, ərazi bütövlüyümüzün tanınmasını istəyirik və Azərbaycanda yaşayış standartları Ermənistandakından qat-qat yüksəkdir. Mən heç Qarabağda rus sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi əraziləri demirəm. Buna görə düşünürəm ki, onlar özləri bunu dərk edəcəklər. Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyyətimizi göstərir. Onlar sürətli iqtisadi inkişafın bir hissəsi ola bilərlər, onlar vahid Azərbaycan dövlətində özlərini daha çox təhlükəsiz, rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən vaz keçməlidirlər. Onlar həm də reallığı başa düşməlidirlər. Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər salmalı və başa düşməlidilər ki, yüz minlərlə azərbaycanlı yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqdır. Onlar bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı, düşmənçiliyi bir kənara qoymalı, separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb etməli və bundan sonra düşünürəm ki, onlar da faydaları görəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti