...

Prezident İlham Əliyev Aİ-yə üzvlük barədə: Bu, mümkün ssenari deyil

Siyasət Materials 29 Aprel 2022 13:13 (UTC +04:00)
Prezident İlham Əliyev Aİ-yə üzvlük barədə: Bu, mümkün ssenari deyil

Bakı. Trend:

Bizim üstünlüyümüz Avropa İttifaqı ilə münasibətlərdə çox aydın və realistik gündəliyimizin olmasıdır. Mən bilirəm ki, Şərq Tərəfdaşlığı Proqramının digər iştirakçılarının üzvlük ilə bağlı fərqli niyyətləri var. Biz anlamalıyıq ki, bu, çox uzun prosesdir. Azərbaycana gəldikdə isə bu, mümkün ssenari deyil.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

" Biz münasibətlərimizi praqmatizm üzərində, qarşılıqlı fayda və maraqlar üzərində qurmalıyıq. Çox yüksək gözləntilərimiz də olmamalıdır, əks-təqdirdə, məyusluq ola bilər. Əgər sən məqsəd qoyub ona çata bilmirsənsə, o zaman kimisə bunda günahlandırmağa başlayırsan. Axırıncı günahlandırdığın şəxs isə özün olursan. Özündən başqa hamını günahlandırırsan. Bunun qarşısını almaq üçün çox realistik hədəflər qoymalıyıq: biz nə istəyirik və Avropa İttifaqı nə istəyir. Bu, az-çox aydındır. Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər. Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də belə idi və bizim əməkdaşlığımızın strateji hissəsi idi. Onlar bizim nəqliyyat infrastrukturumuzda çox maraqlıdırlar və düşünürlər ki, bu, daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə necə bağlana bilər. Bu səbəbdən, məsələn, keçmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk 2019-cu ildə Bakıda olarkən buradakı infrastrukturu görmək üçün bizim dəniz ticarət limanına getdi. Keçən il Avropa İttifaqı Şurasının hazırkı Prezidenti Şarl Mişel Bakıda olanda Şamaxıya regional tura getdi və orada ona Bakı Dəniz Limanının imkanları haqqında təqdimat edildi. Bu, nə deməkdir? Bu, o deməkdir ki, bizim nəqliyyat infrastrukturuna böyük maraq var. Əlbəttə, Avropa İttifaqı təhlükəsizlik və sabitlik istəyir, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirdi. Bəli, onlar münaqişənin sülh yolu ilə həllini istəyirdi. Bu, baş tutmadı. İndi onlar yeni reallıqları tam olaraq qəbul edirlər və bu səbəbdən bizim Brüsseldə mütəmadi görüşlərimiz olur. Biz nə istəyirik? Biz, ilk növbədə, yaxın münasibətlərin qurulmasını istəyirik. Biz qarşımıza üzvlük kimi qeyri-real hədəflər qoymaq və bu münasibətlərə ziyan vurmaq istəmirik. Biz müasir texnologiyalara çıxış istəyirik və bizim belə çıxışımız var. Əlbəttə, biz Avropanın enerji bazarına daha geniş çıxış istəyirik və bu, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan, Ermənistan və Azərbaycanın - Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gəldikdə isə hər iki tərəf üçün balanslı və adekvat maliyyə paketi çox önəmli olacaq. Bu balans qorunmasa, aydındır ki, çox böyük məyusluq ola bilər. Lakin dediyim kimi, biz bu istiqamətdə - Avropa İttifaqı ilə sazişin qalan hissəsinin yekunlaşdırılması və imzalanması istiqamətində irəliləyirik. 2018-ci ildə biz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair çox önəmli paraqrafın olduğu Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədini parafladıq. Bu, ilk dəfə idi. Bundan əvvəl isə Avropa İttifaqı belə qəti və birbaşa ifadələrin işlənməsini istəmirdi. Onlar həmişə sülh danışıqları, Minsk qrupu və s. məsələlərə istinadlar edirdilər. Lakin Tərəfdaşlıq Prioritetləri sənədi çox önəmli siqnal idi və bizi ruhlandırdı. Mən Brüsseldə imzalanma mərasimində iştirak etdim və daha sonra biz həqiqətən inanmağa başladıq ki, Avropa İttifaqı ədalətli vasitəçi ola bilər. Müharibədən sonra baş verənlər bunu açıq nümayiş etdirir. Çünki ortalıqda sanki bir boşluq var idi, Minsk qrupu qeyri-funksional idi və bu boşluq müəyyən dərəcədə Avropa İttifaqı tərəfindən doldurulur.

Bir başqa faktoru da deyə bilərəm. Avropa İttifaqı ilə yaxın əməkdaşlıq, əlbəttə, Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Biz İtaliya-Azərbaycan Universitetindən, Azərbaycan-Fransız Universitetindən danışdıq. Həmçinin Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti