...

Afrika ölkələri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində sistemli iş aparılır - XİN

Siyasət Materials 26 May 2022 16:01 (UTC +04:00)
Afrika ölkələri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində sistemli iş aparılır - XİN
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Afrika ölkələri ilə təmaslarımızın səviyyəsi və intensivliyi artır. Mövcud əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi istiqamətində sistemli iş aparılır.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Afrika Gününə həsr olunmuş konfrans Qoşulmama Hərəkatının təkamülündə Afrika qitəsinin irsi Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramov açılış nitqində deyib.

C.Bayramov bildirib:

"Mən hamınızı Afrika Gününə həsr olunmuş “Qoşulmama Hərəkatının təkamülündə Afrika qitəsinin irsi” mövzusunda Konfransda salamlamaqdan şərəf duyuram.

Məlum olduğu kimi, 25 May - Afrika Birliyi Təşkilatının yarandığı gün bütün dünyada Afrika Günü kimi qeyd olunur. Bu gün, Afrika qitəsində əldə edilən tərəqqi və Afrika İttifaqının sülh və təhlükəsizliyin, iqtisadi inkişafın və qlobal əməkdaşlığın təşviqində oynadığı rolu tanımaq üçün bir fürsətdir.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ənənəvi şəkildə tədricən artan xətlə inkişaf edir, miqyası daha da genişlənir və yeni müstəviləri əhatə edir. Afrika ölkələri ilə təmaslarımızın səviyyəsi və intensivliyi artır. Mövcud əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi istiqamətində sistemli iş aparılır.

2011-ci ildə Azərbaycan Respublikası Afrika İttifaqı yanında müşahidəçi statusu alıb. 2014-cü ildə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Azərbaycan Respublikasının Afrika İttifaqı yanında Daimi Nümayəndəsi təyin edilib.

Mən, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Afrika ilə münasibətlərimizin yeni təkan aldığını müşahidə etməkdən məmnunam.

Qoşulmama Hərəkatının üzvlərinin təxminən 45 faizini təşkil edən Afrika ölkələri yarandığı gündən bu Hərəkatın bayraqdarları olub. Onlar Hərəkatın dəyərlərinin və təməl prinsiplərinin təbliği ilə fəal məşğul olublar. Öz növbəsində Qoşulmama Hərəkatı, Afrika dövlətlərinin müstəmləkəçilikdən azad olunma prosesini dəstəkləməkdə mühüm rol oynamışdır.

Qoşulmama Hərəkatının beş təsisçi şəxsindən ikisi, misirli Camal Abdel Nasser və qanalı Kvame Nkrumah Afrikadan idi. Bir dövlət istisna olmaqla, bütün Afrika dövlətləri hazırda Qoşulmama Hərəkatının üzvüdür. Bu, Hərəkat daxilində ən geniş kontinental nümayəndəlikdir.

Qoşulmama Hərəkatının Zirvə görüşləri və nazirlər görüşlərinin nəticəsində qəbul edilən sənədlərinin ən böyük hissələri Afrika qitəsindəki problemlərə həsr edilmişdir. Bu günə qədər Qoşulmama Hərəkatının Sammitlərinin, eləcə də Hərəkatın digər toplantılarının demək olar ki, yarısı Afrika dövlətləri tərəfindən keçirilib.

Bütün bu faktlar həm Afrika dövlətlərinin Qoşulmama Hərəkatına verdikləri böyük əhəmiyyətin, həm də Afrika qitəsinin Hərəkatın təkamülündə oynadığı mühüm rolun göstəricisidir.

Hərəkatın hazırkı sədri kimi Azərbaycan Respublikası Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlarından biri kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi təhvil alması Covid-19 pandemiyası dövrünə təsadüf etdiyindən, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri, həm də milli qisimdə pandemiyanın inkişaf etməkdə olan dövlətlər, xüsusilə də Afrika dövlətləri üzərində təsirini minimuma endirməyə yönəlmiş qlobal təşəbbüsləri təşviq etmək üçün səylərini əsrigəməmişdir.

Böhran vəziyyətlərinin Afrika xalqlarına təsirini minimuma endirmək üçün Azərbaycan öz milli imkanları çərçivəsində Afrika ölkələrinə, o cümlədən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə əhəmiyyətli miqdarda maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycan Afrikada təhsilin inkişafına da töhfə vermiş, qızların təhsili sahəsində YUNESKO ilə birgə layihələr həyata keçirmişdir.

Xanımlar və cənablar,

Böyük potensiala malik olan Afrika ümid və vəd qitəsidir. Dünyanın ən gənc əhalisi olan bu qitədən dünyanın qazanacağı çox şey var. Burada Qoşulmama Hərəkatında biz bu geniş potensialı qəbul edirik və qiymətləndiririk.

Bu anlayışdan çıxış edərək və dünya gənclərinin 90 faizinin inkişaf etməkdə olan ölkələrdə yaşadığını nəzərə alaraq, 2021-ci ilin oktyabrında Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılıb və burada Afrika ölkələrindən olan gənclər təşkilatları və nümayəndələr də var. Azərbaycan hökumətinin verdiyi təqaüdlə Azərbaycanda təhsil alanların bəziləri bu gün bizimlə bu konfransda iştirak edirlər. Onlardan biri hətta Afrika gənclərinin qitənin gələcəyi ilə bağlı fikirlərini bölüşən panelist olacaq.

Əziz dostlar,

Mövcud olduğu 60 il ərzində Qoşulmama Hərəkatı ölkələri ideoloji, siyasi, iqtisadi, sosial və mədəni müxtəlifliyə baxmayaraq, fikir ayrılıqlarını aradan qaldırmaq bacarığını nümayiş etdirmiş və qarşılıqlı əməkdaşlığa və ortaq dəyərlərin qorunmasına gətirib çıxaran ümumi fəaliyyət zəminini tapmışlar. Afrika ölkələrinin töhfəsi, şübhəsiz ki, onilliklər ərzində Qoşulmama Hərəkatına tab gətirməkdə əvəzsiz olmuşdur və ümid edirəm ki, bugünkü konfrans bu barədə düşünmək üçün əla fürsət olacaqdır. Müxtəlif mənşəli məruzəçilərin iştirak etdiyi panellərin tərkibi qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr aparmaq üçün olduqca ümidvericidir.

Dünyanın böyük dəyişikliklərə və inkişaflara məruz qaldığı bir vaxtda, humanizm və universalizm kimi fundamental prinsiplərə bağlılıq öhdəliyimizi bir daha nümayiş etdirmək vacib əhəmiyyət kəsb edir. Azərbaycan Qoşulmama Hərəkatına Sədrliyi dövründə və ondan sonrakı dövrdə çoxtərəfli diplomatiyanı inkişaf etdirmək və Qoşulmama Hərəkatının üzvləri arasında əməkdaşlıq, dostluq və həmrəyliyi gücləndirmək üçün üzv dövlətlərlə, o cümlədən Afrika qitəsindəki dövlətlərlə işləmək üçün səylərini əsirgəməyəcək.

Sonda, bu mühüm konfransın təşkilində bizimlə çiyin-çiyinə dayandığına görə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin bu tədbiri həqiqətən tarixi bir hadisəyə çevirəcək dəyərli töhfələrinə görə bütün panel iştirakçılarına əvvəlcədən təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bütün iştirakçılara burada həm şəxsən, həm də onlayn olaraq bizimlə olduqları üçün təşəkkür edirəm. Sizə uğurlu müzakirələr arzulayıram.

Təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti