Bakı. Trend:
İyunun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının general Əliağa Şıxlinski küçəsi 59, Fəzail Bayramov küçəsi 10 və Rahib Məmmədov küçəsi 13a ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında fəallarla görüş keçirilib.
Görüşlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qazandığı
uğurlardan geniş bəhs edib: “Azərbaycan hazırda inkişaf modeli ilə
dünyanın diqqətindədir. Möhkəm təməl uğurların davamlılığında
əhəmiyyətli rol oynayır. Ulu öndər Heydər Əliyevin düşünülmüş və
məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana
biri-birindən möhtəşəm uğurlar qazandırır. Artıq iki ilə yaxındır
ki, tarixi Zəfərimizin, işğaldan azad edilmiş ərazilərimizdə həyata
keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sevincini
yaşayırıq. Azərbaycan xalqı bu şanlı Qələbə ilə bir daha
məğrurluğunu, yenilməzliyini dünyaya nümayiş etdirdi. Bu Zəfər,
eyni zamanda, Azərbaycan xalqının torpaq, Vətən sevgisinin nümayişi
oldu. Azərbaycan gəncliyi “Vətəndən pay olmaz” deyib dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrinə
yüksək səviyyədə, böyük ruh yüksəkliyi ilə cavab verərək silaha
sarıldı və 44 gündə 30 ilin işğalına son qoyaraq tarix yazdı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə,
rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı bildirir, qanları,
canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir,
qazilərimizə Allahdan şəfa diləyirik.”
Vüqar Rəhimzadə tarixi Zəfərimizin yaratdığı reallıqlardan,
Azərbaycanın qarşısında yaranan yeni üfüqlərdən bəhs edib. Bildirib
ki, Azərbaycan qalib ölkə kimi regionda və dünyada cərəyan edən
proseslərin mərkəzində dayanaraq, sözünün imzası qədər əhəmiyyətli
olduğunu təsdiqləyir.
YAP Xətai rayon təşkilatının sədri Azəbaycanın uğurlarında
ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki
ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni
Azərbaycan Partiyasının uğurlarımızda rolundan danışıb: “YAP dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai
həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq,
milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir
Azərbaycan vətəndaşının hərtərəfli inkişafı və müdafiəsini təmin
etmək məqsədilə yaradılan partiyadır. Ulu Öndər Heydər Əliyevin
yaradıcısı olduğu, hazırda sıralarında 800 minə yaxın üzvü
birləşdirən YAP partiyanın Sədri Prezident İlham Əliyevin
rəhbərliyi ilə daha da inkişaf edərək, cəmiyyətin avanqard
qüvvəsinə çevrilib. Partiyanın fəaliyyətində dövlətə, xalqa
xidmətin əsas prinsip kimi qəbul olunması bu siyasi qüvvənin atdığı
hər addımında, irəli sürdüyü təşəbbüslərində və qəbul etdiyi
qərarlarında özünü nümayiş etdirir.”
V.Rəhimzadə xatırladıb ki, ötən ilin martında tarixi Zəfərimizin
reallıqları fonunda YAP-ın VII qurultayı keçirildi: “Qurultayda
qarşıya yeni vəzifələr qoyuldu. Yeni qəbul olunan Nizamnamə və
təsdiqlənən Proqram yeni qərarların icrasını şərtləndirir. Yeni
Azərbaycan Partiyasının digər rayon təşkilatları kimi, YAP Xətai
rayon təşkilatı da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə
yetirməyə səy göstərir. Hədəflərə vaxtında və yüksək səviyyədə nail
olmaq üçün səylərin birləşdirilməsi, bütün qüvvə və bacarıqların
səfərbər edilməsi mütləqdir. Sıralarında 18 minə yaxın üzvü
birləşdirən YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatları
qarşıda dayanan vəzifələrin icrasında fəallıq nümayiş
etdirirlər.»
Görüşlərdə YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük
vəsiqəsi, bir qrup fəala isə rayon təşkilatının həyatında fəal
iştirakına görə Fəxri fərmanlar təqdim olunub.