...

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 13 İyun 2022 20:49 (UTC +04:00)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının S.Ə. Şirvani 159/1, Məhəmməd Hadi 15 və Sadıqcan 23 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında qarşıda dayanan vəzifələrə həsr olunan tədbirlər keçirilib.

Trend xəbər verir ki, YAP Xətai rayon təşkilatı S.Ə. Şirvani 159/1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Asif Məcidov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın dünəninin bu günü ilə müqayisəsi fonunda ölkəmizin dünyanı heyrətləndirəcək biri-birindən əhəmiyyətli uğurlara imza atdığını böyük fəxr və qürur hissi ilə bildirib.

YAP Xətai rayon təşkilatının Məhəmməd Hadi 15 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Fəridə Əzizova bildirib ki, ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, bu xəttin son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyi olan müstəqil Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Hər yeni mərhələ qarşıya yeni hədəflər qoyur.

Sadıqcan 23 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Qarat Qaratov isə yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlardan bəhs edərək bildirib ki, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın fəaliyyətinə bələdçilik edir.

Tədbirlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizin həyatında, çoxəsrlik tariximizdə önəmli hadisə, parlaq səhifə olan Milli Qurtuluş Günü ərəfəsində olduğumuzu qeyd edərək ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qurtuluşundan, bugünmüz üçün möhkəm təməlin yaradılmasından geniş bəhs edib: “Azərbaycan bu gün inkişafın ən yüksək mərhələsindədir. Artıq iki ilə yaxın müddətdir ki, torpaqlarmızın işğaldan azad edilməsinin sevincini yaşayır və bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən qürur hissi keçiririk. Hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Bu mühüm məqam da tarixin təhlili fonunda aydın görünür ki, hər bir ölkənin inkişafında, tərəqqisində Lider amili əsas rol oynayır. Bunun üçün çox da uzaq olmayan tarixi - Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illəri ilə bu günü müqayisə etmək kifayətdir. 1991-1993-cü ilin iyununadək olan dövrə nəzər salsaq ölkəmizdə hakimiyyəti zəbt etmiş ünsürlərin şəxsi ambisiyaları, dövlətçilik təcrübələrinin olmaması, səriştəsizlikləri ucbatından Azərbaycanın uçurumun kənarında olmasını görərik. 1993-cü ilin iyunun 15-dən başlanan yol isə Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etməklə yanaşı, Zəfərə qovuşdurdu. Ümummilli Liderin Azərbaycanın gələcəyinə yönələn inkişaf strategiyası və Prezident İlham Əliyevin bu siyasəti yeniliklər, təkmilləşmələr əsasında davam etdirməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir.”

Vüqar Rəhimzadə ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ kimi qeyd edib: “Azərbaycan xalqının arzu və istəyindən, tarixi zərurətdən yaranan YAP-ın keçdiyi inkişaf yolunun təhlili bir daha təsdiqləyir ki, dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin əsasında dayanır. Müasir çağırışlara uyğun hər bir yeniliyi, təkmilləşməni öz fəaliyyətində tətbiq edən YAP xalqın bütün istək və arzularının reallığa çevrilməsinə öz töhfələrini vermək üçün səylərini artırır. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP sıralarında 800 minə yaxın üzvü birləşdirərək hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, Azərbaycanın dünya birliyində yeri və rolunun daha da artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir. Ölkəmizin hər bir uğurunda partiyanın öz payı vardır.”

“Xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası oldu” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixi Zəfərimiz yeni reallıqları yaratmaqla qarşıya yeni vəzifələri də qoyur: “Bu gün hər bir azərbaycanlı postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfəsini verməli, əsas hədəflərimizdən olan bərpa-quruculuq işlərində fəal iştirak etməli, soydaşlarımızın Böyük Qayıdışına tezliklə nail olmaq üçün bütün qüvvə və bacarıqlarımızı birləşdirməliyik. Yeni Azərbaycan Partiyasının VII qurultayında tarixi Zəfərimizin reallıqlarını özündə əks etdirən proqram xarakterli nitqində dövlət başçısı, YAP Sədri İlham Əliyev qarşıda dayanan vəzifələri də açıqladı. Yeni Azərbaycan Partiyasının bu il 30 illik yubileyinin qeyd ediləcəyi xüsusi vurğulandı. Partiyanın hər bir şəhər və rayon təşkilatı qarşıda dayanan vəzifələrin uğurlu icrası üçün səylə çalışır. YAP Xətai rayon təşkilatının mütəmadi olaraq ərazi partiya təşkilatlarında tədbirlər keçirərək qarşıda dayanan vəzifələri müzakirə etməsi də hədəflərə töhfələr vermək istəyimizdən irəli gəlir”

Tədbirlərin sonunda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti