Bakı. Trend:
24 iyunda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerika Ticarət Palatası (AmCham) “Qadınların Milli Biznes Gündəliyi (QMBG) Platformasının İnkişafı Əsasında Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi” mövzusunda birgə konfrans keçirib. Yüksək vəzifəli dövlət məmurlarının, özəl sektor liderlərinin və diplomatik icmanın nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Amerika Ticarət Palatası Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsinə dair Bəyannamə imzalayıb.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilib ki, konfransda iştirak edən dövlət və özəl sektor nümayəndələri ölkə iqtisadiyyatında qadınların rolunun gücləndirilməsi məqsədilə daha əlverişli biznes mühitinin yaradılması yollarını müzakirə etmişdirlər. Amerika Ticarət Palatası (AmCham) və USAID-in Özəl Sektorun İnkişafı Layihəsi qadın sahibkarların üzləşdiyi çətinliklərlə bağlı aparılmış sorğuların nəticələrini elan etmiş və onların aradan qaldırılması üçün müxtəlif həll yolları təklif etmişdir. Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA), Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsini və Aqrar Kredit və İnkişaf Agentliyini təmsil edən dövlət məmurları çıxış etmişdirlər.
“Qadınların Milli Biznes Gündəliyi (QMBG) iqtisadiyyatda və iş yerlərində qadınlar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edir. Biz belə hesab edirik ki, qadınlar milli iqtisadiyyatın vacib və aparıcı qüvvəsi olub Azərbaycanın dayanıqlı və inkluziv inkişafını sürətləndirən ən güclü potensiala malikdirlər. Biz, bu prosesdə öz dəstəyimizə istənilən mümkün yolla davam edəcəyik, çünki ABŞ hökuməti Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə və çiçəklənməsinə kömək edir”, - deyə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson bildirmişdir.
“Qadınların iqtisadi gücünün artırılması həm qadın hüquqlarının, həm də iqtisadi artım, təhsil və rifah kimi daha geniş inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynayır. Bu fikir cəmiyyətdə getdikcə daha çox qəbul edilir. Qadınların iqtisadi cəhətdən daha güclü olması nəinki onlara, hətta cəmiyyətə də fayda gətirir. Ona görə də biz, Amerika Ticarət Palatasının strateji fəaliyyətinin istiqamətlərindən birini də qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün daha əlverişli biznes mühitinin yaradılmasına həsr etmişik”, - deyə Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli bildirmişdir.
Tədbirin sonunda sorğu, fokus qrupu müzakirələri və müsahibələr əsasında müəyyənləşdirilmiş prioritet məsələlər qrup şəklində müzakirə edilmişdir.
USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. PSA layihəsi qadınların iqtisadi cəhətdən gücləndirilməsini davamlı şəkildə dəstəkləmək üçün onların sahib olduğu və rəhbərlik etdiyi müəssisələrin və peşəkar assosiasiyaların potensialını gücləndirir.