...

Xətai rayonunda Milli Qəhrəmanlar Polad Həşimov və İlqar Mirzəyevin xatirələri anılıb (FOTO)

Siyasət Materials 14 İyul 2022 19:30 (UTC +04:00)
Xətai rayonunda Milli Qəhrəmanlar Polad Həşimov və  İlqar Mirzəyevin xatirələri anılıb (FOTO)

Bakı. Trend:

İyulun 14-də Xətai rayonunda Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin xatirələri yad edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Qəhrəmanın ailə üzvləri əvvəlcə İlqar Mirzəyevin Xətai rayonundakı yaşadığı binaya vurulan xatirə lövhəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Daha sonra mərasim iştirakçıları, həmçinin Müdafiə Nazirliyinin bir qrup zabiti İkinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur: “Tovuz döyüşləri Azərbaycan hərb tarixində əbədi qalacaq. Bu döyüşlər rəşadətli ordumuzun düşmən üzərində qazandığı növbəti qələbəsi olmaqla yanaşı, çağdaş tariximizə yazılan qəhrəmanlıq salnaməsi idi. Söz yox ki, rəşadətli ordumuz Tovuz hadisələrinə qədər də düşmənə layiqli cavablar vermiş, onların təxribatlarının qarşısı alınmışdı. Məhz bu səbəbdən də 2016-cı ilin şanlı Aprel döyüşlərindən, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatından sonra 2020-ci il Tovuz döyüşləri bizi Böyük Qələbəyə aparan Zəfər salnaməsi hesab olunur. Tovuz döyüşləri zamanı 12 hərbi qulluqçumuz şəhid olsa da bu savaş Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi kimi tarixə yazıldı. Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında daha sıx birləşməsinə zəmin yaratdı.”

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Tovuz döyüşlərinin ikinci ildönümündə rəşadətli Azərbaycan Ordusunun qalib əsgərləri, Vətən üçün layiqli övladlar yetirən şəhid valideynləri və qazilərlə bir yerdə olmaqdan qürur duyduğunu qeyd edib: “Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən savaşına gedən yolda ən mühüm mərhələlərdən biridir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı yağıdan təmizlədi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin qanını yerdə qoymadılar, xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdılar. Tarixi Zəfəri bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, onların valideynlərinə və doğmalarına isə səbir diləyirəm.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 30 illik həsrətə son qoyaraq bizi ərazi bütövlüyümüzə qovuşduran şəhidlərimizin adlarını, xatirələrini xalqımız hər zaman uca tutur və dərin ehtiramla yad edir: “Ənənəvi olaraq Xətai rayonunda Qarabağ müharibəsində öz canı bahasına Qələbəni bizə yaşadan şəhidlərimizin adlarını müxtəlif formatlarda anır, xatirələrini əbidiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz şəhidlərimizin adını və xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və qəhrəmanlıqlarını gənc nəslə nümunə olaraq onların yaddaşlarına həkk etməkdən ibarətdir.”

R.Quluyev vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərimiz bütün dünyaya səs saldı: “Bu şanlı Qələbənin carçıları olan müzəffər ordumuza etimadın yüksəldiyi Aprel, Günnüt və Tovuz döyüşlərini unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib haqq savaşına qalxdı. Qüdrətli Sərkərdənin "Dəmir yumruq" əməliyyatı ilə Azərbaycan Ordusu 30 illik Qarabağ həsrətinə son qoydu. Tovuz döyüşlərindən 2 ay sonra başlanan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə qadirdir. 30 ilə yaxın müddətdə torpaqlarımızda müdafiə istehkamları quran erməni hərbçilərini qovmaq üçün cəmi 44 gün yetərli oldu. 2020-ci ilin sentyabrın 27-də başlayıb 8 Noyabr-Zəfər Günü ilə bitən qələbələr silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa da, Tovuz döyüşləri Böyük Qələbəyə aparan yol oldu. Azərbaycan nəinki Ermənistana, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirdi. Tovuz döyüşlərindən iki il ötür. İllər ötsə də bu döyüş hər zaman xatırlanacaq və bu savaşın Vətən müharibəsinin başlaması üçün bir qığılcım olduğu vurğulanacaq. Şanlı Qələbəmizə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin!”

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb: “Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən artıq iki il ötür. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğalçıdan təmizlədi. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq Qələbə qazandılar, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onların hər birinə rəhmət diləyirik. Şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastana çevrilib. Hazırda şəhid ailələri Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar.”

V.Rəhimzadə bildirib ki, Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz: “ Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Öz qanları və canları bahasına torpağa azadlıq toxumu səpən, Vətən uğrunda qəhrəmancasına savaşan, qəlbi Vətən eşqi ilə çırpınaraq şəhidlik zirvəsinə yüksələn, şəhadəti ilə tarix yazan igidlərimizin Vətən, torpaq, yurd sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu müqəddəs irsə sadiq qalmalı, gələcək nəsillərimizi bu ideyalar və prinsiplərlə böyütməliyik. Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə ehtiva edən bu cür igid oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm. Əziz şəhid anaları, siz bizim qürur mənbəyimizsiniz. Sizə baxanda qürurlanırıq ki, bax belə mərd, igid Azərbaycan oğulları böyütmüsünüz. Bu gün həmin qəhrəman oğullarımız sayəsində bizim başımız ucadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Daha sonra tədbirdə şəhid İlqar Mirzəyevin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şəhid polkovnikin anası Gülnar Mirzəyeva vurğulayıb ki, qürur duyuram ki, belə igid oğul böyütmüşəm: “ Övladdan əlavə o, mənim dostum, sirdaşım idi. Hər zaman bir övlad kimi mənim başımı necə uca etmişdisə, indi də Vətənimizin başını uca etdi. Necə ki mən bütün şəhidlərimizi öz balamdan ayırmıram. İlqar barədə danışmaq mənə çox çətindir. Bütün Azərbaycan mənim oğlumla, onunla birlikdə qəhrəmancasına şəhid olan digər hərbçilərlə fəxr edir. Ən böyük arzusu Qarabağı azad görmək idi. Həmişə deyirdi ki, Şuşanı düşmənlərdən azad edək, məzuniyyətimi götürüb, orada illərin həsrətini çıxaracam. Tez-tez deyirdi: “Ana, Qarabağı alım, səni o cənnət torpaqlara aparacam”. Bu gün Azərbaycanın rəşadətli ordusu oğlumun qisasını yerdə qoymadı. Qürur duyuram ki, oğlumun uğrunda canından keçdiyi torpaqlarmıza daha düşmənin murdar ayaqları dəymir.”

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini, onun adını daim zirvələrə ucaldacağını bildirdi: “Mən bilirəm ki, atam bizimlədir. Onun nəsihətlərinə, səsinə, varlığına, gülüşünə hər gün ehtiyac duyuram. Atam çox alicənab insan idi. Əsgər, zabitlərinə qarşı da qayğıkeş idi. Ailəsini əl üstündə saxlayan bir insan idi. Atam çox istəyirdi ki, Qarabağın işğaldan azad edilməsində iştirak etsin. Məcburi köçkünlərin həsrət qaldıqları ata yurdlarına qayıtmasını gözləri ilə görmək istəyirdi. Şuşaya bayraq sancmaq arzusu ilə son qanına qədər xidmət etdi. Onun zabitləri atamın qisasını aldılar. Bizə bu sevinci, qələbəni, zəfəri qazandırdılar. Çox istərdim ki, atam bu dəqiqə yanımda olsun. Əlini çiynimə qoyub “oğlum” ilə başlayan cümlələr qursun. Atam təkcə mənim yox, bütün Azərbaycanın qəhrəmanıdır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti