Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə
əsaslanaraq təşkil olunan “Komando hazırlığı” kurslarının
bölmələrin döyüş qabiliyyətinin artırılmasında, hərbiçilərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsində müsbət təsirindən
danışılıb.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək
xidmətlərində uğurlar arzulanaraq sertifikat və beretlər təqdim
olunub.
Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.