Bakı. Trend:
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,
mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri
general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya
Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr
Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak
ediblər.
Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan
Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları"
çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin
başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar
arzulayıb.
General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın
formalaşması və inkişafında xüsusi rola malik olduğunu
vurğulayıb.
Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə
iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa
ediblər.
Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların
üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı
təqdim olunub.
Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin
ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya,
Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan
komandaları iştirak edirlər.