Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçilərimizi anıb, şəhidlərimizin yaxınlarına səbr diləyib.
"104 il bundan öncə Anadolunun hər bir cəbhəsində böyük zəfər qazanan türk əsgərləri Nuru Paşanın rəhbərliyi altında qardaşlarının köməyinə gəldilər. 1918-ci ildə Qafqaz cəbhəsində böyük qələbə qazanıldı və Bakının azadlığı təmin edildi. Azərbaycanın hər bir bölgəsində açan lalələr şəhidlərimizi təcəssüm etdirir. Hər zaman deyirik ki, şəhid olan hər bir əsgər yeni şəhadətlərə ilhamdır. Bunlardan ən dəyərlisi bəlkə həyatlarında heç vaxt görmədikləri torpaqlar uğruna şəhid olan əsgərlərimizdir. Anasından, babasından, nənəsindən eşitdikləri Qarabağ üçün qaçdılar və 44 günlük müharibə ilə böyük zəfər qazanıldı. Nəticədə 30 ilə yaxın düşmən işğalında qalan Qarabağ azad edildi. Ermənilərin Qarabağ üzrərindəki haqsız iddiaları heç şübhəsiz ki, bitməyəcək. Amma Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi dəmir yumruq yerindədir. Torpaqların azadlığı uğrunda bu gün də şəhidlərimiz var. Bir daha hər birinə Allahdan rəhmət diləyirəm"
Milli Məclisin deputatı Anar İsgəndərov qeyd edib ki, Azərbaycan şəhid vermiş olsa da, bu gün qalib xalq, qalib dövlətdir.
“Türkiyə Respublikası ilə elə münasibətlərimiz var ki, bunu heç bir kəs poza bilməz. Qafqaz İslam Ordusu bizim bütün tarix kitablarımızda var və biz o tarixlə fəxr edirik”, -deyə o əlavə edib.
Tədbir digər rəsmilərin çıxışları ilə davam edib.
Qeyd edək ki, Türkiyə səfirliyində Bakının işğaldan azad edilməsi ilə bağlı sərgi də təşkil olunub və qonaqlar sərgi ilə tanış olublar.