Bakı. Trend:
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki, gorüş zamanı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bu ilin ölkələrimiz arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdar olduğunu
deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri
olduğunu bildirib. Nazir iki ölkə arasında yüksək səviyyəli mövcud
strateji tərəfdaşlığı yüksək qiymətləndirib. Nazir Ceyhun Bayramov
qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə ətraflı
məlumat verib.
Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil,
humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf
dinamikasını xüsusilə vurğulayıblar. Bu xüsusda, iqtisadi
əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın
rolu qeyd edilib.
Peter Siyatro Azərbaycan ilə Macarıstan arasında movcud əlaqələrin
bir çox sahələrdə genişləndirmək əzmində olduğunu ifadə edib. O,
Macarıstanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına
böyük önəm verdiyini və Azərbaycanın ərazi bütövlüyünə hər zaman
hörmətlə yanaşdığını və dəstəklədiyini vurğulayıb. Nazir
Macarıstanın, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və
yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirib.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın
vacib tərəfdaş olduğunu deyən Peter Siyatro energetika sahəsində
əməkdaşlıq planlarını diqqətə çatdırıb.
Görüşdə ikitərəfli münasibətlərin digər aspektləri, hüquq-müqavilə
bazasının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran
digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.