...

Azərbaycan sərhədçisinin bütün nailiyyətlərinin arxasında Prezident İlham Əliyevin ali diqqəti və qayğısı dayanır - General-leytenant Cavid Abdullayev (FOTO/VİDEO)

Siyasət Materials 28 Sentyabr 2022 08:21 (UTC +04:00)
Azərbaycan sərhədçisinin bütün nailiyyətlərinin arxasında Prezident İlham Əliyevin ali diqqəti və qayğısı dayanır - General-leytenant Cavid Abdullayev (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin Maddi Texniki Təminat məsələləri üzrə müavini, general-leytenant Cavid Abdullayevin “Trend” İnformasiya Agentliyinə müsahibəsi

- Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük şanlı Vətən Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin digər birləşmələri ilə yanaşı çox böyük peşəkarlıq, qəhrəmanlıq və yüksək döyüş qabiliyyəti nümayiş etdirdi. Tam əminliklə demək olar ki, hərbi qulluqçularımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların öhdəsindən layiqincə gəldi. Vətən Müharibəsinin başlamasının ikinci ildönümü ərəfəsində DSX-nin keçdiyi şərəfli döyüş yolu barədə fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.

- 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.

Döyüş əməliyyatlarının başlanması əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. Azərbaycan sərhədçiləri müharibənin ilk günündən döyüş əməliyyatlarına qatılaraq Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdilər. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endir­dilər, yüzlərlə canlı qüvvəsini məhv etdilər, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdılar, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etdilər. Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyul­muş döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı ra­yonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.

Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsulların­dan istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etmiş oldu. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyük miqyaslı savaş kimi hərb tarixinə yazıldı. DSX-nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi böyük məharətlə məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düş­mənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı İsrail istehsalı olan “Harop” və Türkiyə istehsalı olan “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.

Vətən müharibəsində DSX-nin tətbiq etdiyi digər yenilik də dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş “AN-2” təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi.

Ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi, siyasi və diplomatik müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşməsi, Silahlı Qüvvələri­mizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu - 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.

- Tarixi Zəfərimizdən sonra da DSX işğaldan azad edilmiş ərazilərimizdə xidmətini davam etdirir, düşmənin istənilən hərbi təxribatlarına qarşı qətiyyətli və sarsıdıcı cavablar verilir. Hazırda istər azad edilmiş ərazilərdə, istərsə də Ermənistanla sərhəddə DSX-nin fəaliyyəti barədə nələri demək olar?

- Bu gün böyük əzm və qürurla xidmət aparan Azərbaycan sərhədçisi - Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlət maraqlarımızı fəxrlə qoruyur!

Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən, habelə Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilmiş, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarəti təşkil edilmişdir. Böyük qürurla bildirirəm ki, hazırda “Zəngilan” hava limanında sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlıq tədbirləri görülür.

İşğaldan azad edilmiş ərazilərdə 1556 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənmiş, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilmiş, 106 km məsafədə yeni yollar çəkilmiş, 225 km məsafədə isə yolların əsaslı və cari təmiri həyata keçirilmişdir.

Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti nəzarətimiz altındadır və sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

- Bu gün digər qoşun növləri ilə yanaşı DSX də döyüş qabiliyyətini durmadan artırır, ən müasir silah-sursatla təminat gücləndirilir. Eyni zamanda şəxsi heyətin peşəkarlığı artır, vətənpərvərlik ruhu daha da güclənir. Bu yöndə nə deyə bilərsiniz?

- Təbii ki, digər qoşun növləri kimi DSX-də də döyüş qabiliyyəti durmadan artır, ən müasir standartlara cavab verən silah-sursat, hərbi texnikayla təminat gücləndirilir. Bir vaxtlar çətin, reallaşması uzaq gələcək kimi qəbul edilən bir çox məsələ artıq uğurla həyata keçirilmişdir. Bunlara şimal və şimal-qərb sərhədlərində müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının, sahil mühafizəsinin yaradılması, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqi, sərhəd məntəqələrində radiolikasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsi, xidmət-daxili rəqəmsal informasiya sisteminin yaradılması, DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə müasir tələblərə cavab verən, Xəzər dənizində mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqla­rını icra etməyə qadir olan “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinin inşa edilməsi, DSX-nin tərkibində xüsusi hava əməliyyatları qüvvələrinin yaradılması, PUA-ların effektiv döyüş tətbiqi üzrə Azərbaycan sərhədçilərinin peşəkarlığının əksər xarici dövlətlərin ordularında etalon kimi qəbul edilməsi, DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə DSX-də mükəmməl hərbi tədris sisteminin formalaşdırılması, xarici dövlətlərin sərhəd mühafizə qurumlarının kursantlarının DSX Akademiyasında təhsil almaları və xarici həmkarlarımızdan bununla əlaqədar müraciətlərin daxil olmasının davan etməsi, sərhədçilərin sosial-məişət vəziyyətinin, o cümlədən də mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər misal olaraq göstərilə bilər.

Bütün bu nailiyyətlərin hər birinin arxasında Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə ali diqqəti və qayğısı dayanır. Onu da qeyd etməliyəm ki, Sərhəd mühafizəsinin səviyyəsi bilavasitə sərhədçilərin peşəkarlıq səviyyəsindən asılıdır. Müxtəlif döyüş silahları, texnika və vasitələrlə ölkəmizin sərhədləri boyunca fasiləsiz olaraq sərhəd xidmətini təşkil edən sərhədçilər həm mənəvi-psixoloji, həm fiziki, həm taktiki cəhətdən yüksək hazırlığa malik olmalı, həm də hərbi texnikanı və silahları, digər spesifik cihaz, qurğu və vasitələri tam mənimsəməli, gündəlik fəaliyyətdə uğurla tətbiq etməyi bacarmalıdırlar. Buna görə də yüksək hazırlıqlı kadrlarla təminat çox böyük əhəmiyyət daşıyır. Biz, bunun üçün üzərimizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq.

- Ümumiyyətlə DSX-nin gələcək üçün müəyyən etdiyi istiqamətlər, qarşıya qoyulan vəzifələr, döyüş və xidmət fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verməyinizi xahiş edirik.

- Dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi, Dövlət Sərhəd Xidməti bölmələrinin maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırlması sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb. Bu gün Dövlət Sərhəd Xidməti peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurumdur. Artıq qürur hissi ilə ilə qeyd etmək olar ki, Dövlət Sərhəd Xidmətinin bölmələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Alınan yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılır, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi üçün vərdişlər mükəmməlləşdirilir. Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti bütün bu görülən işlərdən ruhlanır, qürur hissi keçirir. Sərhədlərimizin mühafizəsinin səviyyəsi daha da yüksəlir, müasirləşir və yenilənir. Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistanla dövlət sərhədində əməliyyat şəraiti tam nə­zarətdədir. Sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin, təxribatın qarşısı qətiyyətlə alınır və alınacaqdır. Gələcəyə dair quruculuq, inkişaf, həmçinin təkmilləşdirmə prosesləri bundan sonra da Azərbaycan Respublikasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdiriləcəkdir. Vətən sərhədlərinin toxunulmazlığını təmin etmək, dövlət maraqlarına sədaqətlə xidmət andımız, amalımızdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti