...

Gəncə terrorundan iki il ötür, erməni cinayətkarlar hələ də cəzasız qalır - TƏHLİL

Siyasət Materials 17 Oktyabr 2022 11:37 (UTC +04:00)
Gəncə terrorundan iki il ötür, erməni cinayətkarlar hələ də cəzasız qalır - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan terrorçuları tərəfindən törədilən Gəncə qətliamının 2 ili tamam olur. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın münaqişə zonasından uzaq olan bir çox şəhər və rayonları düşmən tərəfindən atəşə məruz qalıb, dinc sakinlər həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə, Bərdə, Ağdam, Füzuli, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonları, Siyəzən, Kürdəmir şəhər və kəndləri raket atəşinə məruz qalıb. Bütün bunlar Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, Azərbaycan ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl atmaqla beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına zidd hərəkətlər edib:

“Dinc, mülki şəxslər hədəfə alınmaqla şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulub. Müharibə zamanı yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində uşaq və qadınlarla birlikdə 100-ə yaxın dinc insan həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, 5000-dən çox ev dağıdılıb.

Düşmənin xain hücumlarından ən böyük ziyan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə dəyib. Ümumilikdə İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.

Ermənistan silahlı qüvvələrinin Gəncəyə 4-cü və 5-ci hücumlarının nəticələri daha ağır olub. Oktyabrın 11-də gecə saatlarında ermənilərin Gəncəni "Skad-B" ballistik raketi ilə atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Oktyabrın 17-də isə erməni silahlı qüvvələrinin "Skad" ballistik raketləri ilə Gəncəni növbəti dəfə atəşə tutması nəticəsində isə 15 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var”, - deyə deputat bildirib.

O qeyd edib ki, bütün bunlarda məqsəd Azərbaycan xalqının iradəsini, qələbə əzmini sındırmaq idi. “Lakin Azərbaycan xalqı öz iradəsini, öz mərdliyini ortaya qoydu. Yenilməz sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək mənfur düşməni diz çökdürməklə kapitulyasiya aktına imza atmağa məcbur etdi”, - deyə S.Hüseynova vurğulayıb.

O qeyd edib ki, rəsmi İrəvanın hərbi cinayətlərinin beynəlxalq hüquqa zidd olmasına baxmayaraq, beynəlxalq təşkilatlar hələ də onlara qarşı adekvat addımlar atmır. “Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar hələ də erməni cinayətləri ilə bağlı susmağa üstünlük verirlər. Bu cinayətləri törədənlər cəzasız qalmamalıdır, çünki cinayətkar cəzasız qalarsa, o daha da azğınlaşacaq. Ermənistan Azərbaycanın dinc sakinlərinə qarşı hərbi cinayətlərinə görə mütləq öz cəzasını almalıdır. Azərbaycan xalqı öz Prezidentinə inanır və bilir ki, o, nəyi, nə vaxt, necə etməlidir. Bizim xalqımız öz Prezidenti ətrafında birləşməklə gec-tez tarixi ədaləti bərpa edəcək”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması nəticədə ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistanın Gəncəni bir neçə dəfə raket atəşinə tutmaqla işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayıb, beynəlxalq humanitar qanunu, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını kobud şəkildə pozub. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti