Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Azərbaycan bütün regionun intellektual mərkəzinə çevrilir.
Bu barədə bazar ertəsi günü Trend-ə Bosniya və Herseqovinanın keçmiş prezidenti Mladen İvaniç deyib.
"Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olduğum üçün çox fəxr edirəm. Mən burada geniş biliyə malik bir çox görkəmli şəxsiyyətlərlə tanış olmuşam. Həm mədəni irs, həm də siyasi nailiyyətlər çərçivəsində Azərbaycan təcrübəsini müasir dünyaya çatdırmağımız çox vacibdir", - deyə o bildirib.
Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün dünyada - Avropadan Asiyaya qədər keçirdiyi görüşlər Azərbaycanın bütün dünyada tanıdılmasına kömək edir:
"Digər nailiyyət ondan ibarətdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Forumunda çoxlu insanları bir araya gətirir. Gələn ilin martında keçirilməsi planlaşdırılan növbəti forum zamanı əsas müzakirə mövzuları qlobal münaqişələr və böhranlarla bağlı olacaq. Qarşımızda çoxlu vəzifələr durur. Azərbaycan indi geniş bir regionun - Cənubi Qafqazdan Orta Asiyaya kimi intellektual mərkəzə çevrilir. Biz bütün dünyada Azərbaycanı tanımaq üçün bu tendensiyanı davam etdirməliyik".
Twitter: @mariiiakhm