Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə dekabrın 5-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılayıb.
Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və qardaş Türkiyənin dövlət himnləri səsləndirilib.
Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər
rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu
generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa
Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan,
Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment
Tatlıoğlu, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak
edib.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla
Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edib və
bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin
vacibliyini diqqətə çatdırıb.
Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab H.Akar
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz
arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri
üzərində qurulduğunu qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı
şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının
ərazilərində keçirilən "Qardaş yumruğu" birgə təliminin mühüm
əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.
Qarşılıqlı maraq doğuran mövzulara dair aparılan fikir mübadiləsi zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.