Bakı. Trend:
19 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər Azərbaycan və Meksika arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiya, turizm, təhsil, idman və s. sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu məmnunluqla qeyd edib. Siyasi sahədə əməkdaşlığın, o cümlədən siyasi dialoqun inkişafında qarşılıqlı səfərlərin, o cümlədən siyasi məsləhətləşmələrin rolu vurğulanıb.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfir Mariya Viktoriya Romero Kabalyero qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səy göstərəcəyini ifadə edib. İkitərəfli münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələrin, habelə hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin rolu vurğulanıb. Həmçinin Azərbaycan və Meksikada fəaliyyət göstərən beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi üçün iş aparıldığı diqqətə çatdırılıb.
Görüş zamanı, çoxtərəfli platformalar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, növbəti ilin mart ayında Bakıda keçiriləcək COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.