Bakı. Trend:
Dekabrın 24-də “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda keçirilən konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlanıb.
Trend müraciəti təqdim edir.
“Möhtərəm cənab Prezident!
Heydər Əliyev ideyaları əsasında müstəqillik və tərəqqi yolunda inamla addımlayan Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır və möhtəşəm uğurlara imza atır. Xüsusilə də, Vətən müharibəsində Sizin komandanlığınızla Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər təkcə 30 il ərzində hərbi-siyasi əsarətdə qalmış doğma yurd-yerlərimizin azad olunması ilə deyil, eyni zamanda, tarixi ədalətin və milli qürurumuzun bərpası ilə əlamətdardır. 44 günlük Zəfər yürüşünün hər anı, hər məqamı qəhrəmanlıq dastanı, əzmkar Azərbaycan xalqının şərəfli mübarizə nümunəsidir.
Tariximizdə bənzəri olmayan bu qürurverici hadisə - parlaq Qələbə nəticəsində yeni çağırışlar və reallıqlar meydana çıxmış, hərb müstəvisində qazanılmış Zəfərin diplomatik arenada və quruculuq meydanında möhkəmləndirilməsi üçün yeni hədəflər müəyyən olunmuşdur. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə Sizin rəhbərliyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması xalqımızın daha bir arzusunun yerinə yetirilməsinə – Böyük Qayıdışın yüksək səviyyədə təmin olunmasına geniş imkanlar yaradır.
Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qalib və qüdrətli Azərbaycan dövlətinin məğrur vətəndaşları kimi işıqlı gələcəyə aparan yolda birgə addımlayır, işğaldan azad edilmiş ərazilərdə qurub yaratmaqla tarixi Qələbə ovqatında Zəfər yürüşünü davam etdiririk. Sizin əminliklə vurğuladığınız kimi, “biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Azərbaycan xalqı şanslı və xoşbəxtdir ki, Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan qətiyyətli Liderin – Sizin rəhbərliyiniz altında zirvələr fəth edir, şanlı tarix yazır və adını tarixə əbədi həkk etdirir.
Hörmətli cənab Prezidentimiz!
Biz, konfrans iştirakçıları tariximizin ən parlaq Qələbəsini Azərbaycan xalqına bəxş etdiyiniz, uca millətimizi Zəfər zirvəsinə yüksəltdiyiniz, üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərdə əzəmətlə dalğalanmasını təmin etdiyiniz və Böyük Qayıdış arzularını reallığa çevirdiyiniz üçün Sizə dərin təşəkkürümüzü ifadə edir, sonsuz minnətdarlığımızı bildiririk.
Fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, dövlətçilik maraqlarına, xalqımızın ali mənafeyinə və milli-mənəvi dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Allah Sizi qorusun!
Yaşasın Azərbaycan!
Eşq olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə!
Bakı şəhəri, 24 dekabr 2022-ci il”.