Bakı. Trend:
Fransanın sərgilədiyi mövqe ermənilərə daha çox təhdid yaradır.
Bunu Trend-ə politoloq Elşad Həsənov Trend-ə bildirib.
Onun sözlərinə görə, Fransa Azərbaycana qarşı həmişə qərəzli siyasət yürüdüb. Bu günlərdə də Fransanın "Şarli Ebdo" jurnalında Parisin Bakıya qərəzli münasibəti fonunda bir məqalə dərc edilib.
"Məqalədən də göründüyü kimi, Fransa birmənalı olaraq, Ermənistanın tərəfini tutur. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır. Əvvəllər də Fransa Ermənistanın yanında olub və ona dəstək verib. Fransa prezidenti Emmanuel Makron bir müddət öncə Ermənistanı dəstəkləyib, Azərbaycanı ittiham etməyə cəhd göstərmişdi. Paris bölgədəki proseslərə yalnız öz maraqları və mənfəətləri çərçivəsində yanaşır. Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən dövlətdir. Bütün bunlardan əndişəyə düşməyə ehtiyac yoxdur. Rəsmi Bakı üçün nə Fransa hakimiyyətinin, nə də "Şarli Ebdo" kimi sifarişlə yazı yazan media orqanlarının möqeyi maraqlı deyil. Fransanın sərgilədiyi mövqe ermənilərə daha çox təhdid yaradır. Belə ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa yaxın olduğu məqamda Paris prosesi pozmağa cəhd göstərir. “Şarli Ebdo” jurnalının Fransanın regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi onun seçdiyi üslubdan da aydın görünməkdədir”, - deyə politoloq əlavə edib.