...

Prezident İlham Əliyev: Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına maraq xeyli artıb

Siyasət Materials 10 Yanvar 2023 17:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına maraq xeyli artıb

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına maraq xeyli artıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycanın neft-qaz sahəsinin inkişafında əlamətdar hadisədir. Əlbəttə, Avropa Komissiyasının Prezidentinin səfəri Avropa Komissiyasının və şəxsən xanım Ursula Fon der Lyayenin bu məsələyə ayırdığı diqqətə dəlalət edir. Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, əlbəttə, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Bu, izah ediləbiləndir. Əlbəttə, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Nəzərə alırdıq ki, biz həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” (“deep gas”) hasilatına başlamağı planlaşdırırıq.

Yəni, potensial var, Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm – 2,6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. Çünki bizim neft yataqlarında fəaliyyət təcrübəmiz göstərir ki, qazma işləri davam etdikcə, ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi çoxdur, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni, xanım Ursula Fon der Lyayen ilə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur.

Əlbəttə, bu Memorandumun icrası kifayət qədər uğurla davam edir. Əgər biz 2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdiksə, bu il 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük. Əlbəttə, bundan ötrü tərəfdaşlarımızla məsləhətləşmələr aparılır. TANAP layihəsinə gəldikdə, burada işlər asandır, çünki biz bu layihənin əsas iştirakçısı – şeyeholderiyik və əsas maliyyə yükü bizim üzərimizə düşəcək. TAP layihəsində bizim payımız 20 faizdir, buna görə orada, əlbəttə, konsensusa nail olmaq məsələləri üzərində daha çox işləməli olacağıq. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki başa düşürdük ki, qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla sanki qapalı məkanda qalacağıq.

Beynəlxalq enerji şirkətləri, ilk növbədə, məsələnin iqtisadi tərəfinə – nə vaxt sərmayə qoymaq, nə vaxt genişlənmək lazım olmasına baxırlar. Yəni, beynəlxalq enerji şirkətlərindən onların beş il sonra lazım olacaq layihəyə milyardlarla sərmayə qoyacağını gözləmək düzgün deyil. Buna görə biz burada öz strateji təsəvvürlərimizi, - indiyə qədər bu məsələdə heç vaxt yanılmamışıq, - tərəfdaşlarımızın iqtisadi imkanları və iqtisadi siyasəti ilə uzlaşdırmağa çalışırıq və indi bu istiqamətdə işləyirik.

Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır, artıq açılıb. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Yəni, mahiyyət etibarilə biz Nabucco layihəsinin müəyyən versiyasına yaxınlaşırıq. Yadınızdadırsa, bu layihə barədə illər boyu çox fəal diskussiyalar gedirdi, lakin sonradan ona ehtiyac olmadı. Əslində, indi interkonnektorlar şəbəkəsinin, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması işləri çox fəal gedir. Mən onu da bilirəm ki, Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.

Biz Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Bu halda Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.

Beləliklə, Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir. Əlbəttə, Avropa ölkələrinin çoxunun belə adlandırılan “yaşıl keçid” proqramını da unutmaq olmaz. Bu halda müəyyən müddətdən sonra mədən yanacağından imtina edilməsi nəzərdə tutulur. Lakin mənim müşahidələrimə görə hazırda Avropa qaz bazarındakı meyillər, - əlbəttə, bu proqram qüvvədədir, - enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət Avropa strukturlarını enerji təhlükəsizliyinə daha realist mövqedən yanaşmağa sövq edəcək. Buna görə də əminəm ki, uzunmüddətli perspektivdə qazdan və neftdən imtina edilməsi gözlənilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti