Bakı. Trend:
Parisdə fəaliyyət göstərən Azərbacan Evi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb və insanlıq əleyhinə yönələn bu cinayəti qətiyyətlə pisləyib.
Bəyanatda Fransada yaşayan soydaşlarımızın bu xain hücum
nəticəsində bir azərbaycanlının qətlə yetirilməsindən, ikisinin isə
yaralanmasından dərin kədər hissi keçirdikləri vurğulanıb. Cənubi
Azərbaycanda yaşayan 40 milyon soydaşımızın hüquqlarının davamlı
olaraq pozulmasından və İranda heç bir
diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın
toxunulmazlığına zəmanətin olmamasından narahatlıq ifadə
edilib.
Dünya ictimaiyyətinin diqqətini İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə yönəldilib, beynəlxalq təşkilatlardan sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması tələb olunub.